NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Təhlükəsizliyimiz öz əlimizdədir

...

Qış fəsli yaxınlaşdıqca həm evlərimizdə, həm gündəlik həyatımızda müəyyən hazırlıqlar görməyə başlayırıq. Evlər döşənir, istilik sobaları yenidən işə salınır. Bəzən isə elektrik qızdırıcılarına üz tutur, isinmək üçün onlardan geniş istifadə edirik. Bütün bunlar isti mühitdə rahat yaşayışımızı təmin etsə də, bəzən potensial təhlükələrə də şərait yaradır. Bəs nədir bu təhlükələr? Onları önləmək üçün nə etməli, qışa necə hazırlanmalıyıq? Suallarımıza Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov aydınlıq gətirdi.

Müsahibimin sözlərinə görə, qış aylarında, əsasən, qaz sobalarının düzgün quraşdırılmaması, həmçinin yaşayış evlərində məişət qaz və elektrik qızdırıcılarından düzgün istifadə edilməməsi yanğına, partlayışa və dəm qazından zəhərlənmə hadisələrinə gətirib çıxarır. Dəm qazı ilə zəhərlənmə daha çox hava təchizatı pis olan otaq və qarajlarda, habelə standarta uyğun olmayan, kustar üsulla hazırlanan qaz sobaları və suqızdırıcılarının istismarından, işlək vəziyyətdə olmayan tüstü bacaları və borularından baş verir. Belə ki, soba ilə divar arasında 20-30 santimetr məsafə, xüsusən də sobaların avtomatik təhlükəsizlik sistemləri işlək vəziyyətdə olmalıdır. Sobaların yanma kamerasında və yuxarı səth hissəsində olan şüşə lövhələrin saz, yerində olmasına fikir vermək lazımdır. Bir çox hallarda həmin şüşələr mexaniki təsirlərdən, yaxud istinin təsirindən sınaraq sıradan çıxır ki, onu çox vaxt düzəltdirmirik. Bu isə dəm qazının evə dolmasına səbəb olur. Çıxış tüstü boruları standart borulardan olmalıdır. Yaxşı olar ki, tezqatlanan borulardan yox, bərk metal borulardan istifadə edilsin. Çünki onlar həm istiliyə davamlıdır, həm də uzun müddət istifadə edilə bilər. Tüstü borularının quraşdırılmasına xüsusi fikir verilməlidir. Bir-birinə kip bərkidilməli, 1,5-2 metr hündürlüyə qaldırılmalıdır və çardaqdan çıxarılması daha məsləhətdir. Dəm qazının yaranmaması üçün otaqlar tez-tez havalandırılmalı, tüstü boruları küləyin istiqaməti nəzərə alınmaqla quraşdırılmalı və boruların çıxışı tutulmamalıdır. Tüstü borularının çölə çıxış hissəsi xüsusi qoruyucu başlıqlarla təmin edilməlidir. Bu ona görə vacibdir ki, əsən güclü külək səbəbindən dəm qazı evə dolmasın və quşlar həmin tüstü borusunda yuva qurmasın. Tüstü boruları ayda 1 dəfə, tüstü bacaları və havalandırma kanalları isə hər 2 aydan bir təmizlənməli, onların sazlığı yoxlanılmalıdır. Qeyd edək ki, dəm qazından zəhərlənmə halları kirayə evlərində daha çox baş verir.

Müsahibimin sözlərinə görə, dəm qazından zəhərlənmə hadisələrinin böyük əksəriyyəti qazla işləyən suqızdırıcıların hamam, vanna otaqlarında, qapalı məkanlarda quraşdırılması nəticəsində də baş verə bilir. Son 5 ilin statistikası da bunu təsdiqləyir. Mənzil daxilində hava təchizatının, eyni zamanda ventilyasiya sisteminin işlək vəziyyətdə olması ən vacib şərtlərdən biridir. Ona görə də müntəzəm olaraq vətəndaşlara müraciət edirik ki, həmin sahələrdə mütəxəssis fikirlərinə diqqət yetirsinlər. Hamam, vanna otaqlarında, ümumiyyətlə, qaz sobaları, suqızdırıcılar qəti qurşadırılmamalıdır. Hamam otaqlarında təbii və məcburi ventilyasiya sistemləri olmalı, nəfəslik açıq saxlanılmalı, qapı bayır tərəfə açılmalı və qapının aşağı hissələrində xüsusi nəfəslik olmalıdır. Maraqlıdır, bəs suqızdırıcıları harada quraşdırsaq daha təhlükəsiz olar? Suqızdırıcıların mütləq qaydada məxbəxlərdə, eyvanlarda, eyni zamanda həyətyanı sahədə yaşayırıqsa, yardımçı tikililərdə quraşdırılması daha məqsədəuyğundur. Yaşayış evlərinin zirzəmisində aşağı mərtəbələrdə quraşdırılmasına yol verilməməlidir. Bu, əlbəttə ki, partlayışa, yaxud yanğın hadisələrinə gətirib çıxara bilər. Cihazlar quraşdırılan yerlərdə, xüsusən suqızdırıcılar quraşdırılan yerlərdə daim nəfəslik açıq saxlanmalıdır. Mətbəxdə istifadə olunan qaz pilətələri quraşdırılarkən mətbəxin həcmi nəzərə alınmalıdır. Həcmi az olan yerlərdə 4 gözlü pilətə quraşdırılması zəhərlənmə və digər partlayış hadisələrinə səbəb ola bilər. Mətbəxin hündürlüyü 2,2 metrdən az olmamalı və daimi məcburi ventilyasiya sistemi işlək vəziyyətə gətirilməlidir. Mətbəxdə olan qaz pilətələrinin bütün gözlərini yandırıb evi qızdırmaq qətiyyən olmaz.

Məlumdur ki, kənd yerlərində hələ də odun sobasından istifadə edən vətəndaşlarımız var. Müsahibimin sözlərinə görə, belə sobalardan istifadə edərkən bir çox nüanslara diqqət etmək lazımdır. Belə ki, bəzən vətəndaşlar bilmədən sobaya tez alışan mayelər atırlar. Bu isə bir anda alovun genişlənməsinə, hətta partlayışa səbəb ola bilir. Sobaların ətrafı tam boş olmalı, paltarların qurudulması və digər əşyaların qoyulmasına qəti yol verilməməlidir. Sobaların ətrafında tez alışan maye və yanan materiallar olmamalıdır.

Qış aylarında diqqət edilməsi vacib olan məqamlardan biri də elektrik xətləridir. İldə ən az bir dəfə bu xətlər yoxlanmalı, ehtiyac olduqda onlar daha gərginliyə davamlı yeni naqillərlə əvəz edilməlidir. Elektik xəttində həddən artıq yüklənmə qısaqapanma və yanğın hadisələrinə gətirib çıxara bilər. Əgər evdə deyiliksə, elektik, qaz və işıq şəbəkədən birbaşa ayrılmalıdır.

Payız-qış mövsümü ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əhalinin maarifləndirilməsi yönündə xüsusi addımlar atdığını bildirən müsahibim deyir ki, nazirliyin aidiyyəti qurumları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların, eyni zamanda ictimai yaşayış binalarının qızdırılması üçün fərdi və mərkəzləşmiş qazanxanalarda texniki və yanğın təhlükəsizliyi məsələləri xüsusi önəm kəsb edir və bu sahədə müayinələr aparılır və baxışlar keçirilir. Aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumlarına, eyni zamanda müəssisə rəhbərlərinə göstərişlər və tövsiyələr verilir. Həmçinin qazanxanalarda işləyən ocaqçıların peşə ixtisası üzrə kurslara cəlb olunması və onların sertifikatlarla təmin edilməsi istiqamətində də tədbirlər görülür.

Müsahibim deyir ki, payız-qış mövsümünə hazırlıqla bağlı yerli icra hakimiyyəti,  hüquq-mühafizə orqanları, eyni zamanda idarə, müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri, seminar-müşavirələr olur, kənd sakinləri ilə görüşlər keçirilir. Bu yolda kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə edilir. Əhalinin maarifləndirilməsi və təbliğat işinin daha geniş şəkildə aparılması məqsədilə nazirlik tərəfindən “Dəm qazından zəhərlənmə və ona qarşı görüləcək tədbirlər” haqqında videoçarxlar, həmçinin müxtəlif səpgidə təbliğat vasitələri, broşürlər, yaddaş kitabçaları hazırlanması da bu istiqamətdə görülən tədbirlərin bir hissəsidir. Məhz bu zaman düşünürəm ki, qış müddətində bədbəxt hadisələr baş verməz.

Vətəndaşlara məsləhətimiz budur ki, qış hazırlığı ilə bağlı qaz sobaları, suqızdırıcılar, eyni zamanda tüstü bacaları və qurğuları mütləq şəkildə yoxlanılmalıdır. Qaz cihazları və ümumiyyətlə, qaz təsərrüfatı ilə bağlı hər hansı bir təhlükə ilə üzləşdikdə Naxçıvan Qaz İstismar Xidmətinin “104” qəza xidmətinə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğından Mühafizə Hissələrinin “101” xidməti nömrələrinə məlumat verilməlidir.

Təhlükəsizliyimiz öz əlimizdədir. Çalışaq, onu ən yaxşı şəkildə təmin edək!

                                         Türkanə ƏSƏDOVA

Nəşr edilib : 21.11.2025 13:30