NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ümid işığının ünvanı...

...

Səhər çağı, ümidə, sevgiyə açılan yeni bir gün və yenə maraqlı reportaj hazırlamaq arayışında olan biz günün erkən saatları olmasına baxmayaraq, müəyyən qisim insan üçün xüsusi əhəmiyyət kəsb edən bir binanın önündəyik. Bura Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzidir. 3 dekabr – Beynəlxalq Əlillər Günü ərəfəsində buraya gələrək bu qəbildən olan insanların fəaliyyəti ilə yaxından tanış olmaq istəyirik. Binaya daxil olarkən bizi ilk qarşılayan səmimi bir ab-hava olur. Mərkəzin foyesində sərgilənən və sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət olan sənət nümunələrini gördükdə, onların incə düşüncələrinin məhsullarına baxdıqda ümidin həmişə var olduğunun, yaşam sevgisinin əngəl tanımadığı qənaətini təsdiqləyirik. Bu əsərləri yaradan insanlar hansı həyat hekayələrinin müəllifidir?

Zərif bir səs tonu bizi düşüncələrdən ayırır: Salam, xoş gəlmisiniz! Bu səsin sahibi Minurə Musayevadır. Minurə xanım 5 ildir ki, sağlamlıq imkanları məhdud şəxslərə isti qucaq açan mərkəzin direktorudur. Onunla hal-əhval tutur, mərkəzi tanımağa can atırıq. Minurə xanımın müşayiəti ilə mərkəzi dolaşır, bura haqqında ətraflı məlumat alırıq. O deyir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi 2010-cu il oktyabrın 5-dən benefisiarlara xidmət göstərir. Mərkəzin əsas missiyası sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasının təmin olunmasıdır.

Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan mərkəzin hər bir otağından ümid işığı şölələnir ətrafa. İlk daxil olduğumuz otaqlardan biri kitabxanadır. Minurə xanım bildirir ki, burada görmə məhdudiyyətli şəxslər üçün xüsusi kitabxana və müasir texnologiyalar, brayl kitablarla zəngin fond yaradılıb. Onu da qeyd edək ki, burada, həmçinin görmə məhdudiyyətli şəxslər üçün fərdi brayl kursları da fəaliyyət göstərir. Kitabxana müasir köməkçi texnologiyalarla təchiz olunub: kompüterlərə quraşdırılmış brayl displeylər görmə qabiliyyətini itirmiş şəxslərə internetdən sərbəst istifadə imkanı verir, “VideoLight” böyüdücü cihazı isə istənilən informasiyanın lazımi qədər böyüdülməsinə şərait yaradır.

Barmaq hissiyyatı ilə mütaliə edən insanlar bizə oxumağın, təhsil almağın əngəl tanımadığını öyrədir bir daha. Əgər istək varsa, əgər öyrənmək eşqi yaşayırsa, sətirlərə toxunmaq belə kifayət edir.

Digər bir otaqda şahid olduğumuz mənzərə də elə bundan öncəki otaq qədər bizi heyrətləndirir. Burada isə barmaqlar yox, əllər danışır. Burada eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün jest dili və daktil əlifbası üzrə dərslər təşkil edilir.

Bu anda bir səs bütün dəhlizi bürüyərək, sanki ruhumuzu oxşayır. İlahi, necə gözəl zümzümədir bu:

         ...Gəl ey mehri-məhəbbətim,

         Üzün məndən niyə döndü?

         Üz çevirsə məndən canan, məndən canan

        Dağılar gülizarım, gülizarım mənim...

Görkəmli sənətkarımız Sara Qədimovanın ifasında dinlədiyimiz bu mahnını Küşvər Əliyevanın ifasında dinləmək o qədər xoş təsir bağışlayır ki... Bu səs qaranlıqdan işığa uzanan bir səsdir. Bu səs təsdiq edir ki, heç bir qaranlıq daxili işığı söndürə və hissimizin, duyğumuzun önünə keçə bilməz.

Minurə xanım bildirir ki, musiqi terapiyası yaradıcılıq bölmələrinə daxildir. Musiqi və rəqs bacarıqlarının inkişaf etdirildiyi bu bölmədə çoxsaylı istedadlı gənclər yetişir. Xüsusilə Rəsmiyyə Xəlilova və Küşvər Əliyeva kimi benefisiarlar öz istedadları ilə seçilirlər. Musiqi terapiyası onların səhnəyə, həyata və cəmiyyətə açılan qapısıdır.

Mərkəzin ikinci mərtəbəsində Psixoloji dəstək xidməti, Defektoloji bölmə, əmək və rəsm terapiyaları fəaliyyət göstərir.  

Minurə xanımın sözlərinə görə, yaşından asılı olmayaraq, mərkəzə müraciət edən şəxslər öncəliklə Psixoloji dəstək xidmətinə qəbul edilir. Burada psixoloji və inkişaf testləri tətbiq olunur, fərdi konsultasiyalar aparılır və nəticələrə uyğun olaraq benefisiarlar müvafiq reabilitasiya bölmələrinə yönləndirilir. Bunlara jest dili, daktil əlifbası, defektoloji xidmət və sair daxildir.

Müsahibimizin dediyinə görə, 2013-cü ildə yaradılan Defektoloji bölmə zehni inkişafın ləngiməsi, nitq qüsurları və digər inkişaf çətinliyi olan şəxslərin sosial adaptasiyasına xidmət edir. Məlumat üçün diqqətimizə çatdırır ki, xidmətlərin əlçatanlığını artırmaq üçün bu bölmənin Şərur və Ordubad rayon filialları da fəaliyyət göstərir.

Növbəti ünvanımız rəsm və əmək terapiyalarıdır. Burada zövqoxşayan əl işləri hazırlayan istedadlı gənclər əyləşib. Onlardan biri Aysun İsmayılovadır. İki ildir, mərkəzə gələn 20 yaşlı Aysun vaxtının çox hissəsini burada keçirir. Rəsm çəkmək, muncuqla rəsmlər işləmək onun ən sevdiyi məşğuliyyətlərdir. Aysun deyir ki, müəllimlərimiz bizə xüsusi qayğı ilə yanaşırlar. Əl işləri hazırlamaqdan böyük zövq alıram.

Digər bir müsahibim 17 yaşlı İnci Əlibəylidir. İnci də uzun müddətdir ki, mərkəzə gələnlər sırasındadır. O deyir ki, burada müxtəlif terapiyalarda iştirak edirəm. Bunlar arasında isə ən çox sevdiklərim rəsm, musiqi və əmək terapiyasıdır. Müəllimlər bizə yaxşı dərs keçirlər. Özümə çoxlu dostlar qazanmışam. Əl işlərimlə sərgilərdə çıxış edirəm. Mehriban ab-hava, isti münasibət hər birimizi çox sevindirir.

Qeyd edək ki, mərkəzdə diqqət dağınıqlığı və motor bacarıqlarında çətinlik yaşayan şəxslərin inkişafı üçün Kinnect oyunlar bölməsi də mövcuddur. Autizm, daun sindromu, serebral iflic və digər kateqoriyalara aid şəxslərlə aparılan qrup, kukla, nağıl və oyun terapiyaları onların inkişafında əvəzsiz rol oynayır.

Psixoloji və sosial inkişafda mühüm yer tutan yaradıcılıq bölmələri içərisində xüsusi yerə sahib olan bu terapiyalarda benefisiarlar kiçik motorikanı inkişaf etdirir, özünəxidmət bacarıqlarını formalaşdırır və bədii tikmə, toxuma, aplikasiyalar, muncuq işləri kimi əl işlərini öyrənirlər.

Rəsm terapiyası benefisiarların daxili dünyasını vizual şəkildə ifadə etmələri üçün xüsusi əhəmiyyətə malikdir. Burada hazırlanmış əl işləri dəfələrlə Naxçıvanda təşkil olunan sərgi-satışlarda nümayiş etdirilib və iştirakçılar müxtəlif Fəxri fərmanlara layiq görülüblər.

Onu da qeyd edək ki, mərkəzdə, eyni zamanda əlilliyi müəyyən edilmiş şəxslər işlə təmin olunublar.

Daha çox insana ümid missiyası daşıyan mərkəz fəaliyyət göstərdiyi dövrdə yüzlərlə benefisiarın inkişafına dəstək olub, onların potensialının üzə çıxarılması üçün mühüm işlər görüb. Mərkəzin əsas məqsədi gələcəkdə də fəaliyyətini daha genişləndirərək daha çox insanın reabilitasiyasına dəstək göstərməkdir.

Bu mərkəz cəmiyyətin həssas qrupunun yoluna işıq salaraq onları həyata daha sıx tellərlə bağlayır. Bu gün burada gördüklərimiz bizə gücün, əzmin, iradənin nələrə qadir olduğunu göstərdi.

                                                                  Türkanə ƏSƏDOVA

Nəşr edilib : 03.12.2025 10:00