NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ürək tutmasının (infarktının) yaşı niyə bu qədər cavanlaşıb?

...

Hər döyüntüsü ilə bizə can verən ürək yaşamağımız üçün ən vacib olan orqanlarımızdan biri, bəlkə də, birincisidir. Son zamanlar, xüsusilə də gənclər arasında tez-tez ürək tutmasından ölüm xəbərlərinin yayılması müəyyən suallar doğurur. Ürək infarktının yaşı niyə bu qədər cavanlaşıb? Bu barədə həmsöhbətimiz Naxçıvan Sağlamlıq Mərkəzinin ürək-damar cərrahı İlyas Məmmədyarovdur. Onun sözlərinə görə, ürək tutması (infarkt, kəskin miokard infarktı) ürəyi qidalandıran koronar arteriyalardan bir və ya bir neçəsinin qəfil tıxanması (qatılaşmış qan laxtası və ya aterosklerotik plak tutması ilə), ürək əzələsinin bir hissəsinə qan və oksigen axınının qəfil kəsilməsi nəticəsində meydana gələn ciddi və təcili tibbi yardım tələb edən vəziyyətdir.

Əlamətləri şiddətli sinə ağrısı, döş sümüyünün arxasında sıxılma, təzyiq, yanma hissi, təngnəfəslik, nəfəs darlığı, soyuq tər basma, ürək bulanma, qusma, baş gicəllənmə, huşunu itirmə, qola yayılan ağrı, çənə və kürəyə yayılan ağrı və sairdir.

“Bəs bu hal daha çox kimlərdə baş verir? Kimlər risk qrupundadır?” kimi suallarımızın cavabında həkim bildirdi ki, ürəyi bəsləyən damarları daraldan: yüksək təzyiq, hərəkətsiz həyat tərzi, diabet, yüksək xolesterol və sair, xüsusilə 40 yaşın üzərində olan insanlarımızda rast gəlindiyindən, əsasən, onlar risk qrupundadırlar.

Son zamanlarda isə yaşlı insanlarda olduğu kimi, adətən, gənclərdə də ürək damarlarının daralması və tıxanmasına rast gəlinir. Lakin gənclərdə bu vəziyyətin yaranmasına təkan verən bir sıra xüsusi risk faktorları və qeyri-aterosklerotik səbəblər mövcuddur. Bu səbəblər sırasına siqaret çəkmək və ya elektron siqaretlərdən istifadə etmək daxildir ki, siqaret damar divarlarını zədələyir və qanın laxtalanma qabiliyyətini artırır. Ailə anamnezi də əsas faktorlardan biridir. Ailədə erkən yaşda ürək-damar xəstəliklərinin olması genetik meyilliliyi göstərir. Hiperlipidemiya: yüksək xolestrol səviyyəsi, xüsusilə də (LDL) lipoproteinin yüksək olması, hipertoniya: yüksək qan təzyiqi, şəkərli diabet, piylənmə və qeyri-sağlam həyat tərzi: az fiziki fəaliyyət, işlənmiş qidalarla zəngin pəhriz, psixoloji stres, narahatlıq və depressiya, narkotik vasitələrdən istifadə və sair daxildir.

Ümumiyyətlə, gənc yaşda miokard infarktının baş verməsi halları artmaqdadır. Bu da erkən diaqnostikanın və risk faktorlarının idarə edilməsinin vacibliyini vurğulayır. Bu xəstəlikdən əziyyət çəkən və ya yuxarıda söylədiklərimiz risk faktoru qruplarında olan istər yaşlı, istər gənc yaşdakı vətəndaşlarımız mütləq şəkildə öz sağlamlıqları üçün xəstəxanaya müraciət edib vaxtlı-vaxtında müayinələrdən keçməlidirlər.

Ürək tutması keçirən insana ilk yardım necə olmalıdır? Cərrah bildirir ki, sinə nahiyəsində sıxıcı ağrı, nəfəs darlığı və ya sol qola yayılan narahatlıq hiss edildikdə dərhal təcili yardıma zəng edilməlidir. Həkim gələnə qədər xəstə tam sakit vəziyyətdə saxlanmalı, hər hansı fiziki hərəkətə icazə verilməməlidir. Xəstəni oturaq və ya yarı oturaq vəziyyətdə, baş hissəsi bir qədər yuxarıda olmaqla yerləşdirmək lazımdır. Həkim varsa və xəstənin allergiyası yoxdursa, aspirin istifadə oluna bilər. Dar geyimləri (qalstuk, kəmər kimi) boşaldıb, otağa təmiz hava daxil olmasını təmin etmək zəruridir.

Son olaraq miokard infarktının qarşısını almaq üçün siqaretdən imtina edilməli, düzgün qidalanma rejiminə əməl etməli, gündəlik aktivliyə vaxt ayırmalı, stresdən uzaq olmalı və qan təzyiqi, şəkər səviyyəsi müntəzəm olaraq yoxlanmalıdır.

Qeyd edək ki, miokard infarktı ciddi tibbi vəziyyətdir və vaxtında müdaxilə həyat qurtara bilər. Profilaktik tədbirlərlə yanaşı, sağlam həyat tərzi keçirmək də infarktın qarşısını almaqda vacibdir. Əgər sizdə infarkt əlamətləri müşahidə olunursa, vaxt itirmədən həkimə müraciət edin.

Biz isə hər kəsə sağlam olmağı və sağlamlığının qeydinə qalmağı arzulayırıq. Çünki sağlamlığımızı qorumaq həyatımızın sonrakı mərhələlərində peşmançılıq hissi keçirməməyimiz üçün çox vacibdir.

                                        Türkanə ƏSƏDOVA

Nəşr edilib : 22.12.2025 18:00