NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Zəngilanda ucalan vüqarımız

...

Təxminən, 20 il öncə Araz çayı boyunca dolambac yollarla irəliləyirdi avtobus. Çayın o tayından dağıdılmış, viran edilmiş evlər dəyirdi gözə. Bu evlər o evlər idi ki, bir zamanlar zəngilanlılara doğma ocaq, isti qucaq olmuşdu. Baxdıqca ürəkdağlayan mənzərədən boylanan o evlər kədər, iztirab, tənhalıq hayqırışlarıyla “Bizi qurtarın bu zülmdən”, – deyirdilər sanki. Dili olsa, yalvarar, gözü olsa, qan ağlayardı, bəlkə də, o daşlar, o divarlar... Arazın həzin laylasını dinləyərək onun qoynuna sığınan bu evlər elə Araz qədər dərdli idi. Bu, hicran dərdi idi. Vətənindən qoparılan yurdun Vətən həsrəti dərdi...

1993-cü ilin qara oktyabrı... Zəngilanlıların mənəvi sıxıntılarının başladığı günlər... Həmin vaxtlar rayon mühasirəyə düşsə də, vətənsevərlik sanki bütün zəngilanlıları əsgərə çevirmişdi; əli silah tutanların hamısı öz doğma yurd-yuvasını igidcəsinə müdafiəyə qalxmışdı. Yağı düşmənin ordu hissələrinə qarşı Zəngilan tək döyüşürdü. Əlverişli yüksəkliklər uğrunda gərgin vəziyyət yaranmışdı. Mərmi, güllə səsləri gecəli-gündüzlü Zəngilanın aydın səmasına qara buludlar gətirirdi. Döyüşlər səngimirdi. Gərgin günlər yaşanırdı. Rayonda yaradılmış özünümüdafiə dəstələrinin fədakarlığı ilə zəngilanlılar düşmənin hücumlarını dəf etsə də, böyük strateji əhəmiyyətə malik olan yüksəkliklər ermənilərin əlində cəmləşmişdi. O vaxt baş verən bu hadisə “Şayıflı faciəsi” kimi tarixin qara səhifəsinə yazıldı. Həmişə Zəngilana “yağlı tikə” kimi baxan ermənilərin arzusu 1993-cü ilin 30 oktyabrında gerçəkləşdi. Yağı düşmən Zəngilanda ikinci bir Xocalı faciəsi törədəcəkdi ki, zəngilanlılar amansız erməni hücumlarına qarşı köməksiz qaldıqlarından Araz çayından Cənubi Azərbaycana keçməyə məcbur oldular. Bu zaman lal axan Arazın sularına əbədi qərq oldu  bir çox soydaşımız. Min bir zəhmətlə daşı-daş üstə qoyub özünə isti ocaq quran insanlar doğma ev-eşiyini, yurd-yuvasını atıb getməyə məcbur oldular. Ancaq bütün bu çəkdikləri acılar yandırılan evlərinin tüstüsünün ərşə dirənməsini izlədikləri qədər ağır gəlməmişdi zəngilanlılara. Yurdundan didərgin düşmüş neçə-neçə qaçqın, köçkün bu həsrətə dözə bilmədi. Ağır dərd onların qəddini əydi, yurd həsrəti ürəklərini yandırdı. Yuvasından didərgin düşənlər həsrət tonqalının alovunda qovrulurdular. İllər ötdükcə Vətən həsrətilə yansalar da, zəngilanlıların tükənmədi səbri, qırılmadı ümidi. Nə vaxtsa, bir gün vüsala çatacaqlarına şübhə etmədilər, dövlətimizin qüdrətinə, ordumuzun gücünə inandılar, arxalandılar. 
Və yenə oktyabr gəldi. Yox, bu dəfə Zəngilana qara qış gətirmək üçün deyil, al-əlvan çiçəkli yazı yaşatmaq üçün... Bu dəfə gəlişiylə yurdumuza Zəngilanın zəfər sevincini gətirdi 2020-ci ilin 20 oktyabrı... Qalib sərkərdə, Müzəffər Ali Baş Komandanın xalqa bəyan etdiyi “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində azad edilən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri!..” qələbə müjdəsi qəlbi yurd sevgisiylə döyünən zəngilanlıların hər daşına, hər qayasına, kəhrizinə, bulağına, yaylağına, oylağına getmək üçün bir quştək qanad çalıb, ruh cana qayıdantəki Zəngilana dönmək istəyini daha da alovlandırdı.  
Birinci Qarabağ müharibəsinin açdığı yaraya İkinci Qarabağ müharibəsində qazandığımız qələbə məlhəm oldu. Ali Baş Komandanın bu müjdəsi 30 il hicran alovunda alışıb-yanan zəngilanlıların tükənməyən ümidlərini parlaq şəfəqlə saçan nurlu üfüqə çevirdi. 
İndi işğaldan azad edilmiş digər rayon və şəhərlərdə olduğu kimi, Zəngilanda da yeni həyat başlayıb. 30 il ərzində erməni barbarlarının dağıdıb viranəyə çevirdiyi yurd yerlərimiz başdan-başa tikinti-quruculuq meydanına çevrilib. Dörd il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə həyat yenidən məcrasına qayıdır. Azad edilən yurd yerlərimiz gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, “ağıllı kənd”, “ağıllı şəhər”lər salınır. Artıq Qarabağ və Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilir. İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident cənab İlham Əliyevin diqqəti və nəzarəti altında    həyata keçirilir.
Bu gün xalq olaraq hər birimiz xoşbəxtik, qürurluyuq, alnıaçıq, başıucayıq. Çünki artıq soydaşlarımız doğma ocaq həsrəti, yurd nisgili ilə deyil, xoşbəxt sabahlara açılan pöhrələnmiş sevinclərlə yaşayır. Artıq al-əlvan Süsən dağları, səfalı Şükrətaz yaylağı, Çinarlı meşəsi,   Bəsitçay, Oxçuçay düşmən əsarətindən qurtulub. Erməni xislətindən daşı-daş üstündə qalmayan Zəngilanın qədim yurd yerlərində indi həyat yenidən canlanır. Artıq dörd ildir ki, müzəffər Ordumuzun rəşadəti, şəhid və qazilərimizin qəhrəmanlıqları sayəsində üçrəngli bayrağımızın Zəngilanda yenidən dalğalandığı xoş sabahlara addımlayırıq. Övladlarının bəxtəvər gününü görüb bəxtiyar olan ana yurdum Azərbaycan! Sən artıq bütövsən, əbədisən, əzəlisən! Sən xoşbəxt övladlarının qoynuna sığındığı qibləgahsan, səcdəgahsan! Sən müqəddəs Vətənsən! Duaların qəbul oldu, anam Azərbaycan! Allah səni hifz etdi. İllər sonra qovuşduğun hər parçanla dünya durduqca var ol, azad, müstəqil, məsud, şanlı Azərbaycan!

Gülcamal TAHİROVA

Nəşr edilib : 20.10.2024 00:10