NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Zəfərin qələbə soraqlı ilk şəhəri Cəbrayıl

...

Prezident İlham Əliyev: "Cəbrayıl rayonuna gəlmişik. Vaxtilə Cəbrayıl rayonunun girişində ucaldılmış lövhəni biz indi yenidən qurduq və eyni formada, eyni dizaynla. Biz “Cəbrayıla xoş gəlmişsiniz!” lövhəsini bərpa etdik. Sovet vaxtında bu abidə, əgər belə demək mümkündürsə, qoyulmuşdur, ucaldılmışdır və işğal dövründə tamamilə sökülmüş, paslanmışdır. Bunun paslanmış görüntüləri artıq mətbuatda da var. Ona görə tarixi ədaləti bərpa edərək, Cəbrayıl rayonunun girişində yerləşən bu “Xoş gəlmişsiniz!” lövhəsini, abidəni biz yenidən bərpa etdik. Azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bütün şəhərləri, kəndləri bərpa edəcəyik".

Şanlı Vətən savaşı 8 gün idi  davam edirdi. Hər kəsin ürəyi cəbhədə döyünürdü.  Hər evi səngər, hər sakini əsgər olmuşdu Azərbaycanın. Yollara dikilən baxışlara əbədi həsrət çöksə də, dilimizdə qardaş kəlməsi donsa da, bir təsəllimiz var idi – torpaqlarımız geri qayıdır. Biz illərdir, alnımıza yazılan məzlum xalq sözündən azad olurduq. İgid oğullarımız köksündə Azərbaycan Bayrağını, ürəyində Vətən sevgisini daşıyaraq illərdir, düşmənin keçilməz dediyi səddi iki saata yarmışdı.  Düşmən elə ilk gündən vəlvələyə düşüb cəhənnəm olurdu torpağımızdan.  İrəliyə atılan oğullar Suqovuşana Azərbaycan Bayrağını sancmışdı həmin günlərdə. Hamı həyəcanla Ali Baş Komandanın xalqa müraciətini gözləyirdi. Və həmin an gələndə kimliyindən tutduğu vəzifədən asılı olmayaraq, hər kəs televiziya qarşısına keçdi. Tarix 4 oktyabr 2020-ci il. Bu, ölkə başçısının xalqa  ikinci müraciəti idi Vətən müharibəsi başlayandan bu yana. Müzəffər duruşlu Komandan sözə başlayandan qulaq kəsilmişdi hər kəs, əmin idik sonda qələbə xəbərini eşidəcəyimizə. Və həmin an, Cəbrayıl şəhəri deyildiyi an  sevinc  səsimiz iş otaqlarının, evlərin tavanını aşıb göylərə yüksəldi. İşğaldan azad edilən ilk şəhər oldu Cəbrayıl. Ali Baş Komandan həmin günü çıxışında deyirdi : “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”
Bax elə həmin gün zəfər şəhəri adını aldı Cəbrayıl. Azərbaycan əsgəri üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırdı ən yüksək zirvədə. Qarabağın bağlı qapılarının  açarı sayılan Cəbrayıl igid əsgərlərimizin şücaəti ilə rahat nəfəs almağa başladı. Onun sakinlərinin adının yanına yazılan məcburi köçkün sözləri tarixə qovuşdu. 27 ildir, mücrüdə saxlanılan artıq paslamış açarlar bağlı qapıları açmağa tələsdi. İllərdir, Vətən həsrəti çəkən insanların ürəyindəki sevinc göz yaşlarına dönüb yanağına süzüldü. Tarixi ədalət bərpa olundu. Artıq düşmən anlayırdı ki, qarşılarında 90-cı illərdəki müstəqilliyini yeni qazanmış nizamlı ordusu olmayan Azərbaycan deyil. Artıq iqtisadiyyatı güclü, ordusu dünyanın ən güclü 50 ordusundan biri, xalqı isə öz dövlətinin və Ali Baş Komandanın yanında hər an döyüşə hazır olan, generalı, polkovnikləri, mayorları səngərdə öz əsgəri ilə döyüşüb qəhrəmancasına şəhid olan, dosta qürur, düşmənə ölüm gətirən, tarixi öz qanı, qəhrəmanlığı ilə yazan Azərbaycan əsgəri var.  Cəbrayılın azad edilməsi gələcək qələbələrlə müjdələdi xalqımızı. Və sonrakı günlərdə Xudafərin körpüsü azad edildi. Azərbaycan əsgəri günlərdir, sinəsində gəzdirdiyi  al qanı ilə boyanan bayrağı Xudafərin körpüsünə sancmaqla düşmənlə bərabər iki yüz il öncə Azərbaycanı ikiyə bölənlərə də  dərs  keçdi. Həmin gün Cənubi Azərbaycanda yaşayan soydaşlarımız da Arazın sahilinə can atıb Azərbaycan Ordusuna dəstək şüarları səsləndirdilər.  Xudafərinə sancılan bayraq həm də tariximizin azad oluşu idi.  Cəsur Azərbaycan əsgəri torpaqlarımızı azad edib hər qarışını öz qanı ilə yoğurdu. Şanlı Vətən savaşındakı qələbədən sonra azad edilmiş ərazilərə  səfər edən Müzəffər Ali Baş Komandanın ilk ziyarət etdiyi yerlərdən biri də Xudafərin körpüsü oldu. Arazın sərin suyunu ovuclarına alıb azad Vətən torpağını seyr etdi. Düşmənin xarabaya, tövləyə çevirdiyi məscidləri, Cəbrayıl şəhərini gəzdikcə cənnətə dönəcək bu yerlər deyimi yadına  düşdü hər kəsin. Cocuqmərcanlı canlandı hər kəsin xəyalında. Aprel döyüşlərində işğaldan azad ediləndə xarabanı xatırladan Cocuq Mərcanlının yenidən qurulmağı yada düşdü. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsın. Qəsəbədəki məsciddən  azan səsi göylərə ucaldı. Qəsəbənin açılışında iştirak edən ölkə başçısının dediyi: “Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq” sözləri öz yerini tapdı. Cəbrayılın azad edilməsindən ötən 4 il ərzində bir neçə dəfə burada səfərdə olan ölkə başçısı hər gəlişində müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib. Ötən gün Cəbrayıl rayonunda səfərdə olan ölkə başçısı Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, Cəbrayıl şəhərində 960 şagird yerlik tam orta məktəbin açılışında, “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin, Soltanlı kəndində “Hicaz quşçuluq” müəssisəsinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir neçə təməlqoyma mərasimində iştirak edib.
Böyük qələbədən sonra Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən  Cəbrayıl şəhəri yenidən quruldu.
Artıq bir neçə aydır, Şuşaya, Laçına köç qayıdır xəbərləri arasında Cəbrayıla ilk köç qayıtdı xəbəri də yer almağa başladı. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıl şəhərinə yola salındı. Artıq Cəbrayıl şəhərində çırağımız yanır, Azərbaycanın gələcəyi olan uşaqların gülüş səsləri eşidilir. Qədim Azərbaycan torpağı igid oğullarının rəşadəti sayəsində rahat nəfəs alır, gülüstana çevrilir.

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 04.10.2024 09:45