COP29-da İtki və Zərər Fondunun tam fəaliyyəti ilə...
22:52 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
1993-cü ilin isti bir yay səhərində kəndlərini, evlərini, ocaqlarını güllə yağışı altında tərk etmişdilər onlar. Sabirabad rayonundakı yataqxana binalarında özünə yer tapan ailələr də var idi, həyətlərdə qurulan çadırlarda yayda istidən, qışda odun sobasının istisindən çox tüstüsünə boğulanlar da. Kimi oğlunu, kimisi həyat yoldaşını, kimi qardaşını Füzuli uğrunda gedən döyüşlərdə şəhid vermişdi. Kimisi iki gün əvvəl vəfat etmiş anasının məzarını torpağı qurumamış yiyəsiz qoyub oranı tərk etmək məcburiyyətində qalmışdı. Kimisi isə evinin qapısını bərk-bərk bağlayıb, açarları qoynunda gizlədib çıxmışdı evindən bir gün qayıtmaq ümidi ilə. Çoxlarının isə ümidi bir ovuc torpaq olmuşdu. Evinin həyətindən götürdüyü bir ovuc torpağı kəlağayısının bir ucuna bağlayıb saxlamışdı. Bəlkə, ömrümüz yetməz, yurdumuza döndüyümüz günləri görmərik, heç olmazsa, məzarımıza Füzuli torpağı atılsın bir ovuc deyə. Onlar bir igidin ömrü qədər dözdülər torpaq həsrətinə, amma heç vaxt ümidlərini itirmədilər. Çadırların yanına yeni çadır qurub toy etdilər, Vətən müdafiəsinə oğullar böyütdülər, həsrət çəkdilər, yurd dərdi çəkdilər, amma sınmadılar.Bir vaxt gəldi, müxtəlif rayonlarda yataqxana binalarında, çadırlarda məskunlaşan füzulililəri həmin yerlərdən Haramı düzündə salınan qəsəbələrə köçürdülər. Həmin tarix o insanların həyatının ən çətin günlərindən biri, bəlkə də, ümidlərin gerçəyə çevriləcəyi günlərin başlanğıcı idi.
Evlərin qarşısında dayanan yük maşınlarını heç kim boşaltmaq istəmirdi. Bu o demək deyildi ki, burada yaradılan şərait pis idi, əsla. Həyət, ev, Arazdan həyətlərə çəkilən su xətləri, sosial obyektlər, hər bir şərait var idi bu qəsəbələrdə. Amma onlar çox yorulmuşdu qaçqın həyatı yaşamaqdan. Artıq evlərinə dönmək istəyirdilər, səbir kasası dolmuşdu hər kəsin. Yenə də dözdülər, dövlətinə, Ali Baş Komandanına, ordusuna inanıb yaşamağa davam etdilər. Həmin illərdə o qəsəbələrdə bir ağac belə olmasa da, insanlar yeni tinglər, toxumlar əkdilər torpağa. Susuz, ilan mələyən Haramı düzü yaşıllıqlara büründü. Torpağa atılan toxumlar insanların ümidləri kimi boy atdı.
Hər yaz gələndə, bayram olanda səngərin o tayındakı Seyidəhmədli kəndindəki məzarlığa baxıb: – Kaş o gün olaydı ki, torpaqlarımız azad edilərdi, bircə dəfə gedib ana-atamın, şəhidlərin məzarını ziyarət edərdim, evimizdə bayram tonqalı qalayardım, – deyən insanların arzuları çin oldu. Hər gecə güllə səsinə yatıb, top səsinə oyanan insanların xəyallarını igid ərənlər gerçəyə çevirdilər. Düşmənin ən dərin, keçilməz səddi məhz Füzuli rayonu ərazisində yarıldı. İllərdir, ürəyində Qarabağ yanğısı daşıyan Azərbaycan əsgəri bağlı qapıları açdı, sönən çırağı alovlandırıb, al-qanla boyanan müqəddəs Azərbaycan Bayrağını dahi Füzulinin adını daşıyan şəhərin ən yüksək yerinə sancdı. Həmin gün bu xalq təkcə bir ovuc torpağına yox, həm də milli sərvətinə, ədəbiyyatına, tarixinə qovuşdu. Həmin gün mücrülərdə qalmaqdan pas tutan açarlar bağlı qapıları açmağa tələsdi. Vaxtilə kəlağayıların uclarına düyünlənmiş bir ovuc torpaq qızıla dönüb öz yerinə qayıtdı. Füzulinin işğaldan azad olunması xalqımızın və ordumuzun tarixinə yeni zəfər səhifəsi kimi daxil oldu. Qələbədən cəmi bir ay sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev üçrəngli bayrağımızı Füzuli şəhərinin mərkəzində qaldırdı. Füzuli özünün sülh, əmin-amanlıq və abadlıq dönəminə qədəm qoydu. 2020-ci il noyabrın 16-da Prezident cənab İlham Əliyev tərəfindən Füzuli şəhəri ilə Şuşa şəhərini birləşdirən “Zəfər yolu”nun təməli qoyuldu. Bir ay sonra isə Füzuli şəhərinin Baş planı təsdiq olundu. İyirmi yeddi il ərzində mənfur düşmən tərəfindən həyatın bütün nişanələri silinmiş və viran edilmiş Füzuli şəhərinə qısa bir zamanda yeni həyatın gətirilməsi üçün zəruri olan infrastruktur obyektlərinin tikintisinə başlandı. Füzuli-Şuşa, Füzuli-Ağdam, Füzuli-Hadrut istiqamətlərində avtomobil yollarının tikintisi, bütövlükdə Qarabağ bölgəsinin abadlaşdırılması və yenidən qurulması kimi nəhəng layihənin ilk mərhələsi oldu. “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının tikintisi cəmi səkkiz ay ərzində başa çatdırıldı və istifadəyə verildi. Bu gün Füzuli böyük tikinti meydanını xatırladır. Bütün bunlar həyatımızda baş verən tarixi hadisələrdir. İllər keçəcək, nəsillər dəyişəcək, lakin Füzuli itkisi ilə yaşanan kədər hissləri ilə bərabər Füzulinin azad olunması və həyata qaytarılması ilə yaşanan sevinc və qürur hissləri də heç vaxt unudulmayacaq.
Şanlı Vətən savaşının 20-ci günü işğaldan azad edilən Füzuli şəhəri qələbənin şanlı xəbərlərinin davamı kimi yad olunacaq. Qarabağın hava qapısına, Füzuli Beynəlxalq Hava Limanına enən təyyarədən “Qarabağa xoş gəlmisiniz!” sədasını eşidəndə bu torpaqları bizə qaytaran oğullar minnətdarlıq hissi ilə xatırlanacaq.
Şuşaya gedən yol, “Zəfər yolu” keçir indi Füzulidən. Düşmənin xarabaya döndərdiyi kəndləri buraya gələnlər görə-görə keçir bu yoldan. Bir də bu xarabalıqların başı üstə doğan Günəşə baxır. Bir azdan Füzuli şəhəri öz müasir görünüşü ilə qarşılayır insanları. Uca binaların eyvanlarından asılan üçrəngli, ay-ulduzlu bayrağımız görünür. Məktəbə tələsən uşaqların səsi eşidilir. Sonra isə füzulili olub Füzulisiz doğulan gənc tarix müəllimini dərsə, memarı isə şəhərdə yeni-yeni binalar inşa etmək üçün tikintiyə tələsən görürük. Biri gələcəyimiz olan uşaqlara şanlı tariximizi öyrətməyə, digəri isə düşmənin xarabaya döndərdiyi yurdunu cənnətə çevirməyə tələsir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər