Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Prezident İlham Əliyev: "İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb... hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir... Biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq".
Türkün qolu bükülməz, türkün qəddi əyilməz
Orta Asiyanın ucsuz-bucaqsız çöllərində başlamışdı türk xalqının qəhrəmanlıq dastanı. Dünyada tayı-bərabəri olmayan igidlik göstərib İstanbulu dəniz sularını aşaraq fəth etmişdi türk əsgəri. 500 illik bir səltənətin ən sağlam təməli qoyulmuşdu həmin gün. Yarım era yaşayan Osmanlı imperiyası son nəfəsini I Dünya müharibəsində verdi. Belə ağır şəraitdə Tanrı türk xalqına Mustafa Kamal Paşanı ərməğan etdi. O bütün varlığı ilə Vətəninə bağlı vətənpərvər zabitlərlə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı. Anadoludan başlayan azadlıq mübarizəsi böyük bir qəhrəmanlıq tarixi, bir xalqın küllərindən yenidən yaradılışı idi. Türk xalqı bir yox, üç düşmənlə birdən döyüşürdü. Bu həmin vaxtlar idi ki, qadınlar son yadigarı olan qızıl zinət əşyalarını, qocalar mirasını türk ordusuna bağışlayırdı. Qardaş Azərbaycandan, Pakistandan Türkiyəyə gələn yardımlarla ordu daha da güclənir, düşmənə sinə gərirdi. Atatürkün “Vətənin hər qarışı qanımızla sulanmadıqca Vətən tərk olunmayacaq” sözləri hər bir türk vətəndaşını döyüşə çağırdı. Bəzən ac-susuz, ayağında köhnə çarıqla, əliyalın döyüşdü türk əsgəri. Soyuq qış gecəsində buz heykələ dönüb şəhidlik şərbəti içdi, amma geri çəkilmədi.
1919-cu il mayın 19-da Qara dəniz sahilindəki Samsun şəhərindən başlanan mübarizə üç il çəkdi. Həmin ilin dekabrında Ankaraya gələn Mustafa Kamal Paşa bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi. Cəmi bir il sonra Mustafa Kamal Paşa 1920-ci il aprelin 23-də Ankarada xalqın iradəsini təmsil edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) çağırılmasına nail oldu, başçılıq etdiyi Qurtuluş savaşı daha da genişləndi. 1921-ci ilin yanvarından başlayaraq qələbələr əldə edən türk ordusu həmin ilin avqustunda Sakarya savaşından zəfərlə çıxdı.
Türk qadını tarixboyu olduğu kimi, bu mübarizədə də öz kişisinin yanında dayanıb milli mübarizəyə öz töhfəsini verdi. Onlar səngərə mərmi, silah daşıyıb türkün qolunun bükülməz olduğunu, bu xalqın bir ölüb, min dirildiyini sübut etdilər. Tarix bir xalqın birliyinə, cəsurluğuna şahid oldu həmin illərdə. 1922-ci ilin avqustunda Mustafa Kamal Paşanın komandanlığı altında həyata keçirilən hücum əməliyyatı ilə Türkiyənin yunan ordusunun işğalı altında olan cənub-qərbi azad edildi. Mustafa Kamal Paşanın ətrafında birləşən xalq üç il davam edən mübarizəni qələbə ilə tamamlayıb düşməni Qara dənizin sularına qərq etdi. Öz əzəli-əbədi torpağını qorudu.
Həmin günlərdə bütün dünya türkün şanlı bayrağının əbədi olaraq göylərə yüksəlməsinə şahid oldu. 30 avqust Zəfəri ilə yeni dövlətin quruluşunun da təməli qoyuldu. 1923-cü il oktyabrın 2-də türk ordusu sonuncu işğalçı qoşunları – ingilis hərbi gəmilərini İstanbul ətrafından vurub çıxardı. 1923-cü il oktyabrın 29-da artıq dünya səhnəsindən çəkilən Osmanlı imperatorluğundan sonra yeni dövlətin – Cümhuriyyətin qurulması ümumtürk tarixində yeni səhifənin açılması idi. Həmin ilin oktyabrın 29-da Mustafa Kamal Paşa TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Parlament Mustafa Kamal Paşanı ölkənin ilk prezidenti seçdi. Mustafa Kamal ölkənin bölünməzliyini və möhkəmlənməsini təmin etdi. 1932-ci ildə TBMM-in qərarı ilə Ona Atatürk adı verildi.
Çətin sınaqlara qalib gələn xalq
Türkiyə 1940-cı illərin sonunda yeni siyasi dönəmə – real çoxpartiyalı sistemə qədəm qoydu. 1952-ci ildə NATO-ya daxil olmaqla Türkiyənin beynəlxalq nüfuzu artdı. 1961-ci ildə yeni Konstitusiya qəbul edildi. 60-70-ci illər Türkiyədə daxili siyasi çaxnaşmalar, millətçi qüvvələrin toqquşmaları ilə keçdi. 1974-cü ildə Kipr türklərinə qarşı qırğınlara son qoymaq üçün adaya qoşun yeridən Türkiyə beynəlxalq müstəvidə ciddi haqsız təzyiqlərlə üzləşdi.1980-ci ildən 2002-ci ilədək Türkiyə partiyaların qurduqları koalision hökumətlər tərəfindən idarə edilirdi. 2014-cü ilin 10 avqustunda Türkiyədə ilk dəfə prezident xalq tərəfindən ümumi səsvermə ilə seçildi. 2017-ci ildə keçirilən referendumla Türkiyənin dövlət idarəçiliyi qismən dəyişdi. Ölkə parlament idarəçiliyindən prezident üsul-idarəsinə keçdi, Baş nazir postu ləğv olundu.
Həmin illərdən bu günə kimi bir çox sınaqlardan çıxan türk xalqı 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhdin qarşısını tankların qarşısına əliyalın çıxaraq aldı. Bir daha türkün belinin əyilməz, qəddinin qırılmaz olduğunu sübut etdi. Qaranlıq bir gecədə ağır döyüş texnikalarının qarşısına çıxıb canını sipər edən türk xalqı bir daha Atatürkünə sədaqət nümayiş etdirdi. Onlar 1919-23-cü illərdə Anadoluda alovlanan Vətən eşqinin sönmədiyini sübuta yetirdi. Və həmin gün dünya bir daha əmin oldu ki, türkün şanlı bayrağı heç vaxt üfüqlərdən enməyəcək.
Bir ananın iki oğlu
Dünyada, bəlkə də, Türkiyə və Azərbaycan kimi bir-birinə yaxın dövlət yoxdur. Bizim münasibətlərimiz təkcə iki lider dövlət arasındakı rəsmi münasibətə dayanmır. Bu iki xalq bir-birinə qırılmaz tellərlə də bağlıdır. Onlar sevinəndə biz də sevinirik, biz kədərli olanda onlar da kədərlənir. Türkiyəni öz Vətəni bilib onun azadlığı üçün Çanaqqalada, Azərbaycanı öz doğma eli bilib Bakıda, Naxçıvanda can verən oğulların məzarları bu gün də qalmaqdadır. Azərbaycanlılar Vətəni üçün can verən türkiyəli, onlar isə Türkiyə üçün canını qurban edən azərbaycanlı əsgərləri heç vaxt unutmayacaq. Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bunu iki qardaş ölkənin liderləri hər zaman xüsusi vurğulayırlar. Bunun ən bariz ifadəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsində, 2023-cü ildə Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycan-Türkiyə birliyi oldu. 2021-ci ilin 15 iyununda imzalanan Şuşa Bəyannaməsi isə bu birliyə tarixdə əbədi qalacaq möhür vurdu. İki dövlətin liderlərinin Naxçıvandakı görüşləri və qədim diyarın ən çətin günlərində qardaş ölkənin Naxçıvana qarşı mövqeyi tarix səhifələrinə qürurla yazılan anlardır.
Bu gün həmin gündür, Türkiyə Cümhuriyyətinin günü. Türk dünyasının qapısı Naxçıvandan qonşu, qardaş Türkiyənin başıqarlı dağlarına baxıram. Bu vüqarlı dağlar igid türk əsgərinin, Əli çavuşların 1918-ci ildə Vətənindən uzaqda, Sədərəkdə erməni quldurlarının qarşısında dayanıb canından keçməsinə şahid oldu, Bakıda doğulub Çanaqqalada Türkiyə dövləti üçün şəhadət şərbəti içən igid azərbaycanlının son sözünü dinlədi. Yüz illər keçsə də, bu tarixi həqiqətlər heç vaxt dəyişməyəcək və bu dostluğun, qardaşlığın, qəhrəmanlığın dastanını daş kitabələrdən oxuyacaq gələcək nəsillər.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər