Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olu...
19:35 10.04.2025
0
0
0
NAXÇIVAN :
10 Aprel 2025, Cümə axşamı
Dahi qəzəlxan Əliağa Vahid 130 yaşında
Sözlər ruhun aynasıdır. Əliağa Vahid isə bu aynada sevginin, həsrətin və vüsalın ən gözəl rəsmini çəkən şairdir. O, qəzəlləri ilə eşqin qapısını döyən, misraları ilə könüllərdə iz qoyan bir sənətkar idi. Onun qələmi duyğuların dərinliklərindən süzülən kədəri, sevincin titrək çırpıntılarını, bir baxışın yaratdığı fırtınanı və bir kəlmənin alovlandırdığı ümidləri kağıza köçürürdü.
Qəzəlxanın həyatı bir tərəfdən ona yar olmuş, bir tərəfdən isə onu kədər dəryasına qərq etmişdir. Əliağa Məmmədqulu oğlu İsgəndərov... 1895-ci ildə Bakı şəhərində doğulan şair ilk başlarda mədrəsə təhsili almağa başlasa da, daha sonra maddi sıxıntı baxımından oradan ayrılıb xarratlıq etməyə başlayıb. Gənc olarkən şair Bakı şəhərindəki ədəbi məclislərdən olan “Məcməüş-Şüəra” məclisində iştirak etmiş, şairə bu yolda Azər İmaməliyev, Ağadadaş Müniri kimi şairlər ustad olmuşdular...
Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Vahid yeni həyatı tərənnüm edən çoxlu şeirlər yazmış, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə sıx əməkdaşlıq etmişdir. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə, “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Dahi qəzəlxanın həyatının üzünə güldüyü vaxtlardan biri də repressiya dövrünün ondan yan keçməsi olmuşdur... Əliağa Vahidin oğlu Ramiz İsgəndərov Azərbaycan saytlarının birinə verdiyi müsahibəsində o dövrlərdən söz açaraq deyirdi: “Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova repressiya ilə bağlı bir siyahı veriblər. Atamın da adı orada olub. Mircəfər Bağırov atamın adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək.
Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib”.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.
Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçərişəhərə köçürülmüş və qoyulduğu meydan “Əliağa Vahid bağı” adını almışdır.
Bu il onun söz dünyasına sədaqətlə bağlı qalan könüllər üçün unudulmaz bir ildir – Əliağa Vahidin 130 illiyi. Bir əsrdən artıqdır ki, onun qəzəlləri dillərdə dolaşır, könüllərdə yaşayır. Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, amma sevgi, həsrət və məhəbbət eyni qalır. Necə ki Vahidin misralarında...
44 günlük Zəfər savaşı zamanı şəhid Xudayar Yusifzadənin Qarabağ dağlarında ifa etdiyi “Vətən yaxşıdır” musiqisinin sözləri də məhz dahi qəzəlxan Əliağa Vahidə məxsusdur... Həmin şeirin bir bəndində isə deyilir:
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsançün laləzar vətən yaxşıdır,
Vahid sorma vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan görünür.
O, məhəbbətin təkcə gözəl günlərindən deyil, onun əzablarından da danışırdı. Çünki sevgi təkcə vüsal deyil, sevgi gözləməkdir, ümid etməkdir, bəzən bir baxışa bütün ömrü fəda etməkdir. O, hicranı da, vəfanı da, insan ruhunun ən incə çırpıntılarını da qəzəllərinə sığdırdı. Onun sözləri qəlbləri titrədən bir nəğmə kimi bu gün də səslənir, ayrılanların ahına, görüşənlərin sevincinə qarışır.
Vahid təkcə şair deyildi. O, sözə könül verən, misraları ilə könül alan bir sənətkar idi. Onun hər qəzəli bir məhəbbət hekayəsidir – bəzən acı, bəzən şirin, amma hər zaman sonsuz. 130 il keçdi, amma sevgidən yazan şairin qəlbi hələ də döyünür – hər oxunan beytində, hər səslənən misrasında...
Bu gün, 130 il sonra, onun sözləri hələ də baharın ilk çiçəyi kimi təravətlidir. Çünki eşq ölməzdir, çünki onun yazdığı sevgi heç vaxt solmaz...
Rafiq TƏHMƏZ
Digər xəbərlər