NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

“Şərq qapısı”: tarixi mədəni abidələrimizə cavabdehlik haqqında

...

“Şərq qapısı” qəzeti fəaliyyət göstərdiyi müddətində muxtar respublikanın ictimai həyatında bir salnamə rolunu oynamışdır. Bu cəhətdən qəzetdə qədim diyarımızın tarixi abidələri ilə bağlı yazılar da geniş yer alıb. Sovet dönəmində abidələrimizə göstərilən ögey münasibət hesabına tarixi-mədəni irsimizin dağıdılaraq sıradan çıxarılması ziyalılarımızın haqlı narazılığına səbəb olmuş, bununla bağlı onlar etiraz səslərini ucaltmışlar. Redaksiyanın arxivində qorunub saxlanan saralmış qəzet səhifələrini vərəqlədikcə həm o vaxtkı biganəliyi, həm də elə biganəliyə qarşı fəal vətəndaşlıq mövqeyini ortaya qoyan ziyalılarımızın yazıları ilə rastlaşırıq. Bu yazılara İ. Musayevin “Abidələrə qayğı gərəkdir”, Kamil və İsmayıl Hacıyevlərin “Xanəgah türbəsi”, Rafiq İmanovun və Maqsud Mahmudovun “Tarixi abidələr qayğı gözləyir” adlı yazılarını misal çəkə bilərik. Bu yazılarda doğma yurdumuzda min illər yaşı olan maddi-mədəniyyət abidələrimizin acınacaqlı vəziyyətə salınması müəlliflər tərəfindən ürək ağrısı ilə qələmə alınıb.

İ. Musayevin adını çəkdiyimiz yazısında oxuyuruq: “Ə.Salamzadənin on il bundan əvvəl çap olunmuş “Əcəmi Əbubəkir oğlu və Naxçıvan memarlıq abidələri” kitabında: “Qarabağlar türbəsinin yuxarı günbəzi dağılmışdır. Aparılan tədqiqatlar onun konus şəkilli olduğunu isbat etməyə imkan vermiş və hazırda tərtib edilən layihələrdə günbəz konus şəklində verilmişdir” sözlərini oxuyandan sonra elə güman etmək olar ki, aid təşkilatlar tariximizin canlı şahidlərindən biri kimi bu qiymətli abidənin bərpasını təxirəsalınmaz işlərdən hesab edəcək, bu işə bir əncam çəkəcəklər. Ancaq yazını sona qədər oxuyub görürük ki, bərpası tapşırılmış təşkilat öz vəzifə borcuna məsuliyyətlə yanaşmayıb. Səhlənkarlıq göstərərək dağılmaqda olan abidənin təmirini yubatmaqda yersiz bəhanələr gətirən təşkilatı müəllif çox doğru olaraq ciddi tənqid atəşinə tutub.

Rafiq İmanov və Maqsud Mahmudovun birlikdə qələmə aldıqları “Tarixi abidələr qayğı gözləyir” adlı yazı da ziyalı mövqeyi ilk baxışdan hiss olunur: “...bu abidələr Vənəndin, Ordubadın, muxtar respublikamızın tarixidir. Keçmişimizə biganəlik etməyi heç kimə bağışlamaq olmaz. Vənənddəki tarixi abidələri əsaslı şəkildə bərpa edib gözəl görkəmə salmaq, habelə muxtar respublikamıza gələn turistləri bu abidələrlə tanış etmək vaxtı çoxdan çatmışdır. Belə bir xeyirxah iş öz həllini gözləyir. Yəqin ki Naxçıvan MSSR Mədəniyyət Nazirliyi Vənənddəki tarixi abidələrə olan laqeydliyinə son qoyacaq, onları xalqın istifadəsinə verməyə çalışacaqdır”. Müəlliflərin yurd yerinə yaraşıq verən, tarix yaşadan abidələrinə belə cavabdehlik hissləri oxucuya da tariximizi özündə saxlayan abidələrimizə məhz bu mövqedən yanaşmağı formalaşdırır.

Kamil Hacıyev və İsmayıl Hacıyevin yazısında oxuyuruq: “Xanəgah türbəsi orta əsrlər dövründə Azərbaycanda tanınmış mədəniyyət ocaqlarından olmuşdur. Türbə səkkiz guşəlidir. İndi bu guşələrdən yeddisi salamatdır. Xanəgah türbəsi Əcəmi Əbubəkir Naxçıvaninin tələbəsi Cəalaləddin tərəfindən XIII əsrin sonu – XIV əsrin əvvəllərində tikilmişdir. Türbənin tikintisində yonulmuş daşdan, bişmiş kərpicdən və gəcə oxşar sarı məhluldan istifadə edilmişdir. Memar məqbərəni inşa edərkən rəngli saxsılardan, mürəkkəb həndəsi naxışlardan, rəngkarlıq sənətindən bacarıqla istifadə etmişdir.

Teymurləng qoşunlarının hücumlarına qarşı 14 il müqavimət göstərmiş Əlincə qalası kompleksinin mühüm abidəsində – Xanəgah türbəsində qazıntı və bərpa işləri davam edir”.

Bu gün sevinirik ki, o vaxt çalınan həyəcan təbili artıq müstəqillik dövrümüzdə öz bəhrəsini verib. Muxtar respublikanın bütün bölgələrində olan həmin abidələr qeydə alınaraq pasportlaşdırılmış, bir çoxu yenidən restavrasiya edilmişdir. Bununla bağlı “Şərq qapısı” öz səhifələrində bu məsələlərə də yer ayırmışdır.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 10.12.2024 14:39