Naxçıvan şəhərində avtomobil 2 tələbəni vurub...
01:26 27.04.2025
0
0
0
NAXÇIVAN :
27 Aprel 2025, Bazar
28 il kimsəsiz, əzizləri olmadan yaşadı o dağlar. Yana-yana, yanıqlı bayatılar deyə-deyə dünyadan köçdü neçə-neçə insan. Beləcə, ömür keçdikcə bu yurd həsrətinin yarası qabıq qoydu. Amma sağalmadı, yurd, torpaq həsrəti ilə o yaranın qabığı tez-tez soyuldu. Dağın yamacındakı o yurdda, ocaqda tüstülənən odun sobasının üstündə dəmlənən yarmaaşında qaldı çoxlarının fikri, xəyalı. İllər sonra yeni-yeni yaşayış massivləri salındı, köhnə xəstəxana binalarında, dar otaqlarda, çadırlarda yaşayan qubadlılılar oraya köçürüldü. Amma şərait nə qədər yaxşı olsa da, xəyallar, arzular o qoşa dağların ətəyindəki yurdda qalmışdı. Elə o yurdun da fikri, xəyalı öz doğmalarının yanında idi. Nə qışı qış kimi gəlirdi, nə də baharda üzü gülürdü Qubadlının. Həsrətimizin bitəcəyi gün də yaxınlaşırdı ordumuzun gücü, dövlətimizin iqtisadi qüdrəti artdıqca.Və həmin gün gəldi, 44 günlük Vətən müharibəsində ürəyi Vətən eşqi ilə döyünən oğullar irəli atılaraq cənnətimizi geri almağa nail oldular.
Biz bir olduq, güclənib düşmənin başına ildırım kimi çaxdıq. Azərbaycan xalqına Qaçaq Nəbi kimi xalq qəhrəmanı, Həcər kimi igid qadın, Valeh Bərşadlı kimi general, görkəmli ziyalılar bəxş edən Qubadlı əsl sahibinə qaytarıldı. Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün “X” hesabından elan edərək xalqı müjdələdi. Bütün Azərbaycan sevindi, amma aramızda elələri də var idi ki, onların sevinci tam başqa oldu. Bəli, onlar illərdir, öz yurdlarından zorla qovulub məcburi köçkün kimi vaxtilə qışın soyuğunda, yayın istisində çadırlarda yaşamağa məcbur olan insanlar idilər.
Cəbrayıldan, Şuşadan, Zəngilandan, Qubadlıdan və işğalda olan başqa torpaqlarımızdan silah gücünə çıxarılanlar.
İllərdir, “O gün gələcək”, – deyib ordusuna, dövlətinə, dövlət başçısına ümid bəsləyənlər.
Artıq o ümid doğrulub, hamımızın arzusu yerinə yetmişdi. İşğaldan qarış-qarış azad edilən torpaqlarımızın ən yüksək zirvəsinə sancılan bayrağımız hər birimizin ürəyini dağa döndərirdi. Yurdlarından qovulanda özləri ilə təkcə evinin açarlarını götürən, son nəfəsində bax, o sandıqda evimizin açarları var, onları qoruyun, yurdumuz alınanda qapımızı açarsınız deyənlərin arzusu yerinə yetdi.
“Bu gecə yuxuda evimizi görmüşəm, görəsən, nə vaxt bir də görəcəyəm həyətimizi? Qış da gəldi, görəsən, Şuşaya qar yağıbmı? Yaz gəldi, xarıbülbül açıbmı, görəsən, biz olmadan? Bəs nə vaxt çəkəcəyəm Qubadlının havasını ciyərlərimə?” – deyən neçə-neçə insanın sualları da bitdi artıq. Bu suallar da bitdi, yurd həsrəti də.
Qubadlının mərkəzində Ulu Öndərimizin layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin əllərində üçrəngli bayrağımız göylərə çəkildiyi gün qubadlılıların həyatının ən gözəl günü oldu. Səfər zamanı dövlət başçısının Qəzyan kəndinin adının ermənicə yazıldığı lövhəni görərək onu sökdürüb tapdalaması düşmənin belini ikinci dəfə qırdı. Dövlət başçısı işğaldan azad olunan torpaqlara səfər edərək erməni terrorunu əyani şəkildə bütün dünyaya göstərdi. Bu gün həmin ərazilərdə aparılan işlər bu torpağın əsl sahibinin kim olduğunu da sübut edir. İşğaldan azad olunan şəhər və kəndlərimiz yeni, müasirtipli, həm də tarixi görkəmini saxlamaqla yenidən qurulur.
Prezident cənab İlham Əliyevin imzaladığı “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncamda Qubadlının təbiəti, tarixi keçmişinin nəzərə alınması dövlət başçısı tərəfindən xüsusi diqqətdə saxlanılıb. Bu barədə cənab Prezident rayon ictimaiyyəti ilə görüşündə də bildirmişdir: “Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq”.
Ölkə başçısının Qubadlıya səfərləri təməlqoyma və açılış mərasimləri ilə hər zaman yadda qalır. Xanlıq-Qubadlı yolunun təməlinin qoyulması, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışları, Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq Zabuxçay və Bərgüşadçay Su anbarlarının layihələri ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimləri bunlardan bir neçəsidir.
Bir qələm sahibinin ən böyük xoşbəxtliyi elinin, Vətəninin xoş günlərini görüb fərəh hissi ilə yazılar yazmaqdır. Biz son illərin ən xoşbəxt mətbuat işçiləriyik ki, artıq dörd ildir, işğaldan bir il də keçdi yox, qələbədən bir, iki il də keçdi yaza bilir, Qubadlı, Zəngilan, Şuşa azaddır deyə bilirik. Oğullarımız öz igidliyi ilə insanları öz doğma evlərinə qaytarmaqla yanaşı, zamanın axışını da dəyişib, Qələbə sözünü, azad olan torpaq kəlməsini də yazdılar tarixin səhifəsinə.
Bayram günlərimizin də sayı artıb, igid ordumuzun qazandığı qələbələrlə təqvimə yeni bayram günləri əlavə olunub. Azərbaycan xalqı bu unudulmaz tarixi günləri bayram günü kimi qeyd edir. Bu gün də həmin günlərdən biri – Qubadlı şəhəri günüdür. Qələbə, zəfər günü. İllər keçəcək, zaman dəyişəcək, amma xalqına Qələbə yaşadan oğullar, onların igidliyi bu Vətənin hər daşında, qayasında yaşayacaq. Çiçək olub Qubadlının torpağında bitəcək, Günəş olub Qarabağın azad səmasında doğulacaq, Ay olub qaranlıq gecələri nura qərq edəcək. Yüz illər keçsə də, hər səhər öz ocağında gözünü açan qubadlılı bu torpağı azad edən oğulları minnətdarlıqla xatırlayacaq.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər