Naxçıvan Muxtar Respublikasında noyabr ayının 4-nə...
23:12 03.11.2024
0
0
0
NAXÇIVAN :
04 Noyabr 2024, Bazar ertəsi
Ta qədimlərdən xalqımız öz geyim və həyat tərzində istifadə etdiyi müxtəlif əşyalara gözəllik verməyə çalışıb. Bunun üçün müxtəlif dekorativ-tətbiqi sənət növlərindən yararlanmağa üstünlük verilib. Bu sənətin maraqlı növlərindən biri də bədii tikmədir. Qədim zamanlarda tikmə üsulu ilə süfrə, pərdə, örtük, mütəkkə kimi əşyaların üzərində, geyimlərdə gözəl əl işləri nümunələri yaradılmışdır. Hətta bir zamanlar qızlar cehiz sandıqlarına qoymaq üçün çeşidli tikmələr tikər, balıncların, dəsmalların üzərinə naxışlar salardılar.
Tikmə sənətinin tarixi çox qədimlərə söykənir. ıx-xı əsr ərəb müəlliflərinin və klassik şairlərimizin əsərlərində tikmə sənəti barədə məlumatlara rast gəlinir. Sevindirici haldır ki bu gün də bu xalq sənətini yaşadan, davam etdirən ustalar var. Bunlardan biri də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Bədii tikmə dərnəyinin müəlliməsi Şükufə Məmmədovadır. Əvvəlcə tikmə işinə qədərki proseslərdən bəhs edən müsahibim deyir: – Tikmə işinə başlamazdan öncə 4 taxta parçasından çərçivə hazırlanır. Sonra həmin çərçivəyə tikmə üçün istifadə edəcəyimiz parça bərkidilir. Daha sonra işlənəcək motivin eskizi parçaya köçürülür və tikməyə başlanılır. İşə ilk rəsmin ətrafına kölgə verməklə başlanılır.
Tikmənin əsas incəliklərindən biri kölgə-işıq sistemini düzgün tətbiq etməkdir. Kölgələr üçün tünd rəngli saplardan istifadə edirik. İş tam hazır olduqda tikmənin üzərinə şəffaf neylon örtük çəkilir və arxasına kağız yapışdırılır. Kənarlarına isə işin öz rənglərinə uyğun baqet vurulur. Tikmənin bir çox növləri var. Bunlardan düz tikiş, əyri tikiş, atma tikiş, xaçvarı tikiş, sandıqvarı tikiş, sırğa tikiş, güləbətintikmə, təkəlduztikmə, qondarmatikmə, cülmətikmə, piləktikmə, muncuqtikmə növlərinin adlarını çəkmək olar.
Bu məqamda istifadə edilən sapların, parçaların müxtəlifliyinə diqqətçəkən müsahibim sözlərinə davam edir: – Tikmələrdə, əsasən, ipək, mat, yun saplardan və ipək, kətan, mahud parçalardan istifadə edilir. İşin gözəl alınması üçün saplardan və parçalardan yerində istifadə əsas şərtdir. Rəsmə əsasən hansı tikişdən və hansı saplardan istifadə edəcəyimizə qərar veririk. Məsələn, mahud parçalardan, adətən, dövlət atributları tikərkən istifadə edilir. Tikmələrin xüsusiyyətlərindən bəhs edən Şükufə xanım təkəlduztikmə növündə xüsusi alətdən istifadə edildiyini və əsasən, ipək parça üzərində işləndiyini söyləyir.
Güləbətin tikmədə gümüşü, qızıl və tünd rəngli saplardan istifadə olunur. Bu saplarla işlənmiş iş daha gözalıcıdır. Sırğa tikişlərdən çiçək, gül motivləri işləyərkən onların ortalarındakı tumurcuqları işləmək üçün istifadə edirik. Bütün bunlarla yanaşı, tikmələrdə təkcə saplarla deyil, həmçinin piləklərlə, muncuqlarla da işləyirik. Bu sənətin sirlərini öyrənmək üçün müraciət edən uşaqlara ilk məsləhətimiz qasnaq üzərində işləməkləridir. Bu, onların əllərinin işə daha tez alışmasına kömək edir.
Rəsm seçimində uşaqların istəyi nəzərə alınır. Uşaqlar daha çox cizgi film qəhrəmanlarına, təbiət mövzulu rəsmlərə üstünlük verirlər. Əl işlərimizlə tez-tez tədbirlərdə, sərgi-satışlarda iştirak edirik. Satılan əl işlərindən gələn vəsaitləri uşaqların özlərinə veririk. Bunun sayəsində sayədə onlar daha çox həvəslənir və dərnəyə meyilləri artır. Bu il Batabatda keçirilən Qərbi Azərbaycana qayıdış festivalında öz əl işlərimizlə çıxış etdik.
Bu sənət bizə nənələrimizdən miras qalıb. Biz də, öz növbəmizdə, Azərbaycanımızın qədim sənət növlərini yaşatmağa çalışır, gələcək nəsillərə öyrətməyi özümüzə borc bilirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər