NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Qarabağa həyat qayıtdı, tarix, mədəniyyət, azan səsi qayıtdı

...

Tariximizə, mədəniyyətimizə qayıdış

Qarabağın işğaldan azad edilməsi təkcə yurd-yuvasından didərgin düşən insanların yox, tariximizin də özünə qayıdışı oldu. İllərlə düşmən tapdağı altında qalıb vəhşiliyə tuş gələn bu qədim Azərbaycan torpağında 1990-cı ilə kimi 706 tarixi və mədəniyyət abidəsi olub. Bu abidələrdən 11-i beynəlxalq, 240-ı dövlət, 455-i yerli əhəmiyyət daşıyıb. Lakin Qarabağın işğal edilməsi nəticəsində 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib... Bəli, bütün bu rəqəmlər öz başına cəmlənməyib. Tarixi faktlar və sübutlardır. Biz bunları təkcəkitablardan oxumadıq, gözümüzlə də gördük! Düşmən torpağımızı işğal etməklə yetinməyib həm də milli-mədəni sərvətlərimizi məhv etməyə, yer üzündən silməyə çalışdı. Mənfurlar çox yaxşı dərk edirdilər ki, bölgədə olan tarixi abidələr Qarabağın Azərbaycan tarixinə bəxş etdiyi ən qiymətli sərvətdir. Elə buna görə də abidələri məhv etməklə onların təsvirlərini dəyişməklə işğal etdikləri ərazilərdən Azərbaycançılıq izlərini itirmək istəyirdilər. Ermənilər ötən 200 il idi ki, təkcə insanlarımıza yox, mədəni tariximizə qarşı da soyqırımı törədirdi. Onlar elə düşünürdülər ki, Şuşa qalasını dağıtmaqla Vaqifin məzarını xarabaya çevirməklə məscidlərimizdə murdar heyvanlar saxlamaqla bu xalqın o torpaqların əzəli sahibi olduğu izini itirə biləcək və işğal etdikləri ərazilərin onlara məxsus olduğunu sübut edəcəklər.

Elə Vətəni olmayan, torpağı öz qanı ilə yoğura bilməyən bir tayfaya bu cür cılız olmaq yaraşırdı. Onların ağlına gəlmirdi ki, bu torpağın əbədi və əzəli sahibi bir gün mütləq qayıdacaq. Çünki manqurtlaşmış erməni faşistinin düşünmək kimi qabiliyyəti yox idi. İllərlə divan tutdu Qarabağa qan tutmuş gözləri doymadı amma. Ta ki həmin günə kimi. Bir payız səhəri onlar tüstüsünü ərşə qaldırdıqları abidələrin toz-torpağını üst-başlarından silməyə macal tapmamış Vətən oğulları düşməni həmin toz dumana qərq edib öz nəfsində boğdu. Diz çökdürdü. Tarixi zəfərdən – Qarabağ işğaldan azad ediləndən sonra gördüklərimizə inandıq, çünki biz yaxşı bilirdik, qarşımızdakı düşmənin necə vandal olduğunu. Onlar gəldikləri kimi də getdilər: yandırıb, dağıdıb, talan edib. Bizə lazım olan quruca torpağımız idi. Biz yumruq kimi birləşib yurdumuzu azad etdiyimiz kimi onu abadlaşdırmağı da bilirdik.

İşğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılmışdı

Təkcə Ağdam şəhərində olan dünya əhəmiyyətli, eradan əvvəl II minilliyin sonlarına və Orta Tunc dövrünə aid tarixi-memarlıq abidəsi – Üzərlik təpə ermənilər tərəfindən yandırılaraq məhv edilib. Kəngərli kəndindəki XIV əsrə aid daş abidələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Şahbulaq qalası, Paprəvəd kəndində yerləşən Xanoğlu türbəsi, məscid və digər tarixi-memarlıq abidələri də işğal dövründə ermənilər tərəfindən məhv edilib. Memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilmiş Ağdam Cümə məscidi də 1993-cü ildə ermənilərin rayonu işğalı zamanı darmadağın olub. Şuşa şəhərində vəziyyət daha da ürək yandırırdı. Şuşa şəhərinin tarixi muzeyi, Üzeyir Hacıbəyov, Bülbül, Mir Möhsün Nəvvabın Xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Rəsm Qalereyası və digər tarixi binalar dağıdılmışdı.

Tarixin də, mədəniyyətin də üzü gülür

İşğaldan azad edilən ərazilərimizdə artıq beş ildir, infrastrukturun yenidən qurulması, yaşayış sahələrinin yaradılması ilə yanaşı, düşmənin yerləyeksan etdiyi mədəni, tarixi irsimizin bərpası da diqqətdə saxlanılır, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən önəmli layihələr gerçəkləşdirilir. Fondun əsas prioritetlərindən biri də məhz tarixi, dini və mədəni abidələrin qorunmasıdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də rəsmi “Instagram” səhifəsindəki paylaşımında yazırdı: “Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır”.

Həmin tarixdən bərpa layihələrinə yerli mütəxəssislərlə yanaşı, Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən olan mütəxəssislər də Qarabağın dirçəldilməsinə öz töhfələrini verməkdədir. Təkcə Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Bu abidələrin hər birinin bərpası xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidənqurulması xüsusi həssaslıqla aparılır. Şuşa şəhərində Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərinin, Mehmandarovların malikanə kompleksinin bərpası Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərdə bərpa etdiyi ilk tarixi abidələr olmaqla yanaşı, fondun tarixi kimliyimizə göstərdiyi diqqət və qayğısının ən bariz nümunəsidir.

Azad torpaqlardan yüksələn azan səsi

Ermənistanın 30 illik işğalı dövründə Qarabağ bölgəmizdə olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədilib. Bu abidələr ya dağıdılaraq bərbad vəziyyətə salınıb, ya da tamamilə məhv edilib. Qarabağ ərazisində olan 67 məsciddən 63-nü ermənilər yerləyeksan ediblər. Qalan 4 məsciddən 3-nə isə ciddi ziyan vurulub. Yeganə 1 məscid, Qarabağın incisi Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidində isə dəyişikliklər edərək bu abidənin Azərbaycana aid olmadığını sübut etməyə çalışıblar. Torpaqlarımız işğaldan azad edildikdən sonra bölgənin yenidən tikilib-qurulması istiqamətində vacib sahələrdən biri də dini abidələrimizin tikinti-bərpa işləridir. Artıq beş ilə yaxındır ki, Qarabağ ərazisində böyük tikinti-quruculuq işləri aparılır. Kəndlər, şəhərlər yenidən salınır. Bütün lazımi infrastruktur qurulur. İnsanlar öz yurd-yuvalarına qayıdırlar.

İşğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına dövlət səviyyəsində ciddi önəm verilir. Heydər Əliyev Fondu dini və tarixi abidələrin tikinti-təmir işlərində xüsusi rol oynayır. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilk günlərdən azad Qarabağda məscidlərimizi ziyarət etmişlər. Dövlət başçısı düşmənin xarabaya çevirdiyi Ağdam məscidinə ayaqyalın girərək düşmənə və onun havadarlarına layiqli cavabı verdi. Ermənilərin dağıtdığı ziyarətgahlarımızın, qəbirüstü abidələrimizin bərpası üçün tapşırıqlar verdi. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Qarabağda azərbaycanlılar öz doğmalarının dağılmış qəbirlərini ziyarət edə bildilər. İyirmi yeddi ildən sonra Ağdam Cümə məscidində yenidən azan səsləndi. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva məscidi ziyarət edərək dövlət başçısının Məkkədən gətirdiyi müqəddəs “Qurani-Kərim”i məscidə hədiyyə ediblər.

İşğal dövründə Qubadlı rayonunun Məmər kəndində XVIII əsrdə inşa edilmiş məscid, həmçinin rayonun Dondarlı, Dəmirçilər kəndlərində olan məscidlərimiz də məhv edilib. Dağılmış Zəngilan məscidində isə erməni vandalları donuz saxlayıblar. Dinimizdə murdar sayılan bu heyvanın məscidlərimizdə saxlanılması təkcə bizə yox, bütün islam aləminə təhqir olsa da, bəzi müsəlman ölkələri erməniləri bu əməllərinə görə qınamaq əvəzinə onlara dayaq olurdular. Bütün bunlara baxmayaraq, Uca Tanrı bizim haqqımızı haqq elan etdi və biz bütün dünya istəməsə də, torpağımızı geri aldıq. Həmin məscidlər də yenidən quruldu Heydər Əliyev Fondunun dəstəyi ilə.

İşğalçının heç bir dinə hörməti yoxdur

Qarabağ azad olunandan sonra biz gördük və şahid olduq ki, düşmənin bu dünyadakı heç bir dinə hörməti yoxdur. Əgər belə olmasa idi, erməni vandalları Qarabağda yerləşən azlıqlara aid olan xristian dini ziyarətgahlarına qarşı da vəhşilik etməzdilər. Onlar işğal dövründə 1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş rus Pravoslav kilsəsini belə dağıtmışlar. Rayonun Tuğ kəndində yerləşən İohann kilsəsində də ermənilər saxtakarlıqla bəzi dəyişikliklərə cəhd ediblər. Eyni zamanda Laçın rayonunda yerləşən Alban (Qafqaz) Apostol Müstəqil kilsəsində də alçaq niyyətlərini həyata keçiriblər. Tolerant Azərbaycan dövləti bütün dinlərə hörmətlə yanaşdığı kimi, onun dini abidələrinə də diqqət göstərir. İndi işğaldan azad olunmuş bütün ərazilərimizdə dini abidələrimiz tikilib yenidən qurulur. Tuğ kəndindəki qədim Alban məbədi, Laçın rayonundakı Ağoğlan monastrı da, Azərbaycan hökuməti tərəfindən bərpa edilərək öz sahiblərinin ixtiyarına verilmişdir. Ulu Öndərin adını daşıyan fondun işğaldan azad olunan ərazilərdəki fəaliyyəti nəticəsində işğal dövründə dağıdılmış tarixi abidələrimizin milli kimliyi son beş ildə özünə qaytarılır. Vaxtı ilə düşmən vandallığı ilə xarabaya dönən məscidlərimizdən yüksələn azan səsi düşmənin qulağını kar edir. Yenidən həyata dönən Qarabağda ucalan tarixi abidələr bu yerlərin əbədi sahibi olduğumuzu bir daha sübut edir.

Şanlı Vətən savaşından sonrakı dövrdə Müzəffər Sərkərdə İlham Əliyev deyib: “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin”.

Bu gün beş il bundan öncə verilən sözlərin yerinə yetdiyinin şahidi olmaq, Ağdam məscidində daşların öz yerinə oturduğunu görmək, Zəngilandan gələn azan səsini eşitmək, Şuşada Göhvər Ağa məscidində bayram namazı qılmaq, Vaqifin məqbərəsini, Bülbülün ev-muzeyini, Mehmandarovların malikanəsini ziyarət edə bilmək sevincini yaşayanlardan və bunları qələmə alanlardan biri olmaq bizim ən böyük qürurumuz və şərəfimizdir.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 18.04.2025 09:20