Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
NAXÇIVAN :
23 Fevral 2025, Bazar
Onunla aradabir bəzən geniş, bəzən də “əlüstü” görüşlərimiz olur. Hər zaman söhbətimiz ilk olaraq nədən düşürsə düşsün, mövzu mütləq incəsənət, mədəniyyət sahəsinə yön alır. Bu sahələr, xüsusən də teatr, aktyorluq sənəti barədə onun maraqlı mülahizələri, yenilikçi ideyaları, məntiqli səciyyələndirmələri bir teatrşünas kimi diqqətimi çəkir. Həmişə də onun barəsində düşüncələrimdə yanılmadığım qənaətinə gəlirəm. Və düşünürəm ki, həqiqətən, aktyorluq çətin, çətin olduğu qədər önəmli, həm də məsuliyyətli sənətdir. Obrazlı ifadə etsək, aktyorluq sənət anlamında yüksək intellektə, dərin erudisiyaya malik olmaq, eyni zamanda bədii-estetik meyarlara yüksək səviyyədə yanaşmağı bacarmaqdır. Bu mənada, o da orijinal və bənzərsiz ifaçılıq məharəti ilə seçilən, mükəmməl sənətkar məziyyətləri öz dəst-xəti olan aktrisadır.
...Söhbət Azərbaycan Respublikasının Xalq artisti, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının sevilən aktyoru Yasəmən Ramazanovadan gedir. Onu ustad sənətkar kimi Naxçıvan teatrının “Yasəmən gülü” adlandırsaq, məncə, yanılmarıq. Ayazlı bir qış günü Babək rayonunun Tumbul kəndində dünyaya göz açan Yasəmən gəlişiylə doğulduğu ailəyə sevinc, hərarət gətirib. Orta təhsilini Naxçıvan şəhərindəki N.Tusi adına 9 nömrəli məktəbdə alıb.
Məktəb illərində yaxşı oxumaqla yanaşı, fəallığı ilə də fərqlənib. Orta məktəbi bitirdikdən bir müddət sonra Naxçıvan Televiziyasında diktor kimi fəaliyyət göstərib. Eyni zamanda Naxçıvan Şəhər Mədəniyyət Evində yaradılmış dram dərnəyinin fəal üzvünə çevrilib. O, həvəskar aktyor kimi burada Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərində Telli, S.Vurğunun “Vaqif” dramında Xuraman obrazlarını tamaşaçılara özünəməxsus ifa tərzi ilə təqdim edir. Çox keçmir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrına dəvət alır. Burada oynadığı müxtəlif xarakterli rollar istedadını, aktyorluq potensialını daha parlaqlığı ilə üzə çıxarır.
1977-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Kino-dram aktyorluğu fakültəsinə qəbul olunur. Təhsil illəri onun taleyində, gələcək karyerasında müstəsna rol oynayır. İnstitutda təhsil aldığı illərdə müəllimi Əliabbas Qədirovla C.Cabbarlının “Oqtay Eloğlu” əsərində, M.Hüseynin “Alov” televiziya tamaşasında səhnə paylaşmasını həmişə xoş xatirə kimi xatırlayır. O vaxtlar mərkəzdə böyük teatrlarda işləmək perspektivi olsa da, Yasəmən xanım doğma Naxçıvana qayıtmağı üstün tutur. Böyük səhnəyə ilk addımlarını atdığı sənət məbədində yaradıcılıq fəaliyyətini, sənət yolunu davam etdirir.
Bu illər ərzində o, sözün gerçək mənasında, müxtəlifxarakterli onlarla rəngarəng obrazlar qalereyası yaradıb. “Teatr gerçək həyatın bədii-fəlsəfi modelidir” prinsipini əsas tutaraq ifa etdiyi obrazlarla cəmiyyətin mövcud problemlərini, ictimai-sosial, məişət, mənəvi-əxlaqi qatlarını sənət dili ilə canlandırıb, tamaşaçını düşündürüb, yaxşı əməllərlə örnək olmağa, mənfiliklə mübarizəyə sövq edib. Bu kredo ilə səhnədə gah ağıllı, müdrik, mərd, mübariz, gah da ərköyün, şıltaq qadın kimi görünüb.
N.Həsənzadənin “Atabəylər” tamaşasında səhnə ruhu verib canlandırdığı İnanc xatun rolu isə aktrisanın yaddaşında dərin iz salıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyində ölkə başçısı cənab İlham Əliyev və onunla birgə gələn nümayəndə heyəti tamaşanı maraqla izləyiblər.
Yasəmən xanımın yaradıcılıq fəaliyyətinin çoxşaxəli olması da diqqətəlayiqdir. Belə ki o, bir rejissor kimi də istedadını, potensial gücünü göstərib. 2003-cü ildən doğma teatrda rejissor kimi fəaliyyətini davam etdirib və quruluş verdiyi tamaşalar – G.Xuqayevin “Mənim qaynanam”, H.Cavidin “Afət”, A.Şaiqin “Yazıya pozu yoxdur” əsərləri maraqlı səhnə yozumunda, fərqli mizanlarla həllini tapıb.
Yasəmən xanım M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrına rəhbərlik etdiyi dövrdə bu sənət ocağı da bir sıra yeniliklərlə inkişaf, dirçəliş mərhələsində olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Yasəmən xanımın quruluş verdiyi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası və C.Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik pyesi marionetka üslubunda hazırlanıb. Eləcə də A.Şaiqin “Gözəl bahar” tamaşası pantomim, Z.Vedilinin “Çalıb-çağlayan ağac” pyesi marionet, N.İsmayılzadənin “Ağca və Bozca” dramı masaüstü üslublarında yaradılan tamaşalardır. Bu sırada müxtəlif vaxtlarda İran İslam Respublikası, Türkiyə Cümhuriyyətinin ayrı-ayrı bölgələrinə qastrol səfərləri, Tacikistanda Beynəlxalq Teatr Festivalında uğurları da yaddaqalan olub.
Yasəmən xanım belə mötəbər tədbirlərdə peşəkar, ustad aktyor kimi özünəməxsus ifa tembri ilə alqışlanıb. Naxçıvanda keçirilən mühüm tədbirlərdə, el şənliklərində təşkilatçılığı, mahir aparıcılığı ilə də rəğbət qazanıb. Ustad aktyorun əməyi dövlətimiz tərəfindən dəfələrlə qiymətləndirilib, Prezident mükafatına layiq görülüb. O, 2008-ci ildən Azərbaycan Respublikasının Xalq artisti adını daşıyır.
Xalqın sənətkarı bu gün də gənclik həvəsi, sənətkar coşqusu ilə yaradıcı fəaliyyətini davam etdirir. Əhatəsində olduğu rəğbət, sevgi qarşılığında teatrsevərləri yeni-yeni obrazları ilə sevindirir.
Adilə SƏFƏROVA
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, teatrşünas
Digər xəbərlər