NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

“Müəllimlə tələbə, eyni zamanda dost olmalıdır...”

...

Qardaş ölkə Türkiyədən Naxçıvan Dövlət Universitetinə gələrək buradakı tələbələrə mühazirələr və praktik məşğələlər keçən çoxsaylı müəllimlər var. Bu müəllimlərdən biri də Kayseri Universitetinin Safiye Çıkrıkçıoğlu meslek yüksek okulu Baytarlıq bölümünün dosenti Mürsəl Karabacakdır. Bu dəfə “Şərq qapısı” qəzeti olaraq bizi maraqlandıran suallarımızı Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq ixtisasında Mamalıq ginekologiyası və heyvanların çoxalma biotexnikası fənni üzrə mühazirə və məşğələlər aparan Mürsəl Karabacaka ünvanladıq:

– Mürsəl müəllim, öncəliklə sizi qəzetimiz adından salamlayırıq, xoş gəlmisiniz! İstərdim, dərs prosesi haqqında məlumat verəsiniz, dərslərin ümumi gedişatı necədir?

Salam, xoş gördük! Mən artıq 2 ildir ki, burada, Naxçıvanda oluram. Naxçıvan Dövlət Universitetində IV kurslara mamalıq dərsi, V kurslara isə klinik praktik dərslər keçirəm. Dərslər zamanı xəstə heyvanlar gətirilir, biz isə onları necə müayinə etmək lazımdır tələbələrə göstəririk.  Əgər xəstə heyvanlar gəlməsə, teorik dərslər keçilir.

– Tələbələr sizdə hansı təəssüratları oyatdılar?

Tələbələr son dərəcə öz ixtisaslarına bağlıdır, dərslərlə isə yaxından maraqlanırlar. Bu bağlılıqlarından son dərəcə məmnunam və öyrənməyə həvəslidirlər. Yaxşı bir həkim olacaqlarına əminəm.

– Türkiyədəki təhsil sistemi ilə buradakı təhsil sistemi arasında oxşar və fərqli cəhətlər nələrdir?

Türkiyədə daha çox praktika yönümlü təhsilə önəm veririk. Burada isə praktik dərslərin bir az daha artırılması lazımdır. Buna görə də, təbii ki, heyvan xəstəxanaları yaradılmalı və həmin xəstəxanalara heyvanlar gətirilərək müayinə edilməlidir. Bunun xaricində mütləq bəzi fərqliliklər də var. Məsələn, Baytarlıq fakültəsi ayrı müstəqil bir fakültə olmalıdır, digər fakültələrin içərisində bir kafedra kimi deyil. Əgər ayrı bir fakültə olarsa, daha da yaxşı bir nəticə əldə etmək mümkündür…

– Baytarlıq ixtisasındakı həmkarlarınıza hansı tövsiyələri verə bilərsiniz?

Təbii ki, Naxçıvan Dövlət Universiteti daxilində də çox dəyərli müəllimlərimiz var. Həmin müəllimlər öz bilik və bacarıqlarını əsirgəmədən tələbələr ilə bölüşürlər. Təbii ki, öyrənməyin sərhəddi yoxdur. Bununla əlaqədar olaraq xarici səyahətlər, konqreslər təşkil edildiyində qatılmaqlarını, biliklərini çoxaltmağı, tələbələrə daha verimli olmağı tövsiyə edirəm.

– Sizcə tələbə və müəllim münasibətləri necə olmalıdır və Naxçıvan Dövlət Universiteti daxilindəki tələbə-müəllim münasibətlərində nələri müşahidə etdiniz?

Burada münasibətlər daha rəsmidir, Türkiyədə isə daha rahat… Amma bu, təbii ki, müəllimin özündən də asılıdır. Tələbə ilə arasına sərhəd qoymağı bacarmalı, amma bu sərhəd çox diktatorluq səviyyəsinə qalxmamalıdır. Sərhədi qoruduqdan sonra heç bir problem yoxdur. Tələbələrimizlə biz çox yaxşı münasibətdəyik. Onlar suallarını çəkinmədən verə bilir və lazım olan bütün məlumatları əldə edirlər.

Tələbələrin motivasiyalarını artırmaq üçün ən çox hansı üsullardan istifadə edirsiniz?

Dərslərdə mütləq şəkildə qaydalar qoymuram, istədikləri sualları dərsin istənilən vaxtında soruşa bilirlər. Ən önəmli motivasiyanı isə bunda görürəm… Bunun xaricində hər tələbə dərslə bağlı fikrini rahatca ifadə edə bilir. Mütləq ki, səhvlər olur, ancaq bunu tələbəni incitmədən uyğun bir şəkildə düzəldərək tələbələrə deyirik.

– Sizin dərs metodlarınız nələrdir, hansı üsullardan istifadə edirsiniz?

Cərrahi əməliyyatlarda daha çox tələbələr izləyirlər, bütün tələbələr dərslərdə iştirak edib, öyrəndikdən sonra praktika edirlər. Baytar-həkimlik peşəsi müəllim-şagird münasibətilə öyrənilən bir məsləkdir. Usta işi görərkən şagird onu izləyir və özü də bu işi yavaş-yavaş öyrənməyə başlayır. Bu şəkildə də öyrənir. Təcrübə olmasa, bunun bir mənası qalmaz…

– Son olaraq Naxçıvan şəhəri və universitet haqqında təəssüratlarınızı bölüşməyinizi xahiş edirik.

Mənim universitetdə ikinci ilimdir. Naxçıvan şəhəri isə olduqca gözəl, nəcib bir şəhərdir. İnsanları sayğılı, yolları təmizdir. Bu şəhəri çox sevdim... Qismət olsa, gələcək illərdə buradakı təhsilə yenidən töhfə vermək istəyirəm. Universitetə gəldikdə isə bizim üçün bütün imkanları səfərbər edir, çox yaxşı yataqxanamız var. Orada Türkiyədən, Azərbaycanın fərqli yerlərindən gələn müəllim yoldaşlarımız ilə bir yerdə qalırıq. Burada təhsil üçün vacib olan hər şeyi bizim üçün təşkil edirlər… Rektorumuz hər şeylə maraqlanır, istədiyimiz vaxt onunla əlaqə saxlayıb problemlərimizi deyə bilirik, onlar da əllərindən gələni edirlər…

– Mürsəl müəllim, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik…

Rafiq TƏHMƏZ

Nəşr edilib : 26.11.2024 11:38