NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Milli musiqimizdə də əbədiləşən ömür!

...

 “Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını, dünyaya nümayiş etdirirlər!”. Bu sözlər müasir müstəqil Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə məxsusdur. Məlumdur ki, dövlət müstəqilliyimizin əldə olunması, qorunması və inkişaf etmiş ölkələr sırasında tanınmasında Ulu Öndərin müstəsna xidmətləri olmuşdur. O, çıxışlarında xalqına, Vətəninə olan sevgisini həmişə fəxr hissi ilə vurğulayırdı. Dahi rəhbər Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin kamil bilicisi idi. O respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan incəsənətinin tərəqqisi və inkişafı üçün əlindən gələni əsirgəmirdi. Çünki çox gözəl bilirdi ki, bir xalqı digər xalqlardan fərqləndirən əsas cəhətlərdən biri də məhz həmin xalqın özünəməxsus incəsənət sahələrinin olmasıdır. Görkəmli dövlət xadiminin böyük xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi. Burada musiqi mədəniyyətini də xüsusi vurğulamaq lazımdır. Çünki xalq musiqimiz Azərbaycan mədəniyyətinin, tarixinin, əsasını təşkil edir. Sirr deyil ki, milli musiqini, incəsənəti inkişaf etdirən görkəmli musiqi xadimləri və onların qiymətli əsərləri xalqımızın çox böyük milli sərvətidir.

Xalqımız Azərbaycana dünya şöhrəti qazandıran istedadlı musiqiçiləri ilə haqlı olaraq fəxr etmiş, edir və edəcəkdir. Məhz buna görə də Ulu Öndər həmişə bəstəkarlara, ifaçılara, musiqişünaslara qayğı və hörmətlə yanaşır, onlar ilə tez-tez görüşlər təşkil edir və əməklərini yüksək qiymətləndirirdi. Ümummilli Lider Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün böyük işlər görməyi prioritet vəzifə sayırdı. Onun Sərəncamı ilə Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərə Prezident təqaüdü verilir, dövlətin ən yüksək orden və mükafatları ilə təltif olunurdular. Dahi rəhbər Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcıları olan dünya şöhrətli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikov, ifaçılar Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqalarının sənətinə yüksək qiymət verərək onların fəaliyyətinin beynəlxalq arenaya çatdırılması üçün bir sıra işlər görmüşdür. Respublikamızda yaradıcılıq evlərinin tikilməsi, dünyasını dəyişən görkəmli incəsənət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün ev muzeylərinin yaradılması, yubiley gecələrinin təşkili, tanınmış bəstəkar və ifaçıların xatirələrinə həsr olunmuş müsabiqələr keçirilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Söz yox ki, belə təltiflər bu sahədə fəaliyyət göstərənlər üçün ilham mənbəyi olaraq onları yeni-yeni yaradıcılıq uğurlarına sövq etmişdir. Musiqiçilər də təbiidir ki, onlara göstərilən bu diqqət və qayğıya biganə qalmırdılar. Dahi şəxsiyyətə həsr edilmiş neçə-neçə əsər ifaçılar tərəfindən hələ də sevilərək ifa edilir. Belə möhtəşəm əsərlərə misal olaraq Cövdət Hacıyevin 8 saylı “Onu zaman seçib” simfoniyasını, “Ulu Öndər” simfonik poemasını, Arif Məlikovun 8 saylı “Əbədiyyət” simfoniyasını, Tofiq Bakıxanovun “Xatirə”, “Sən həmişə bizimləsən” simfonik poemasını, Nəriman Məmmədovun “Yeni Azərbaycan Partiyası”, “El atası”, “Heydər baba”, “Sənsən xilaskarımız”, Vasif Allahverdiyevin səs ilə kamera orkestri üçün “Elegiya”, “Ömür yolu” simfonik poeması, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında” və digər əsərləri misal göstərə bilərik. Digər önəmli faktlardan biri də odur ki, işinin gərginliyinə baxmayaraq Ulu Öndər Azərbaycan Bəstəkarlar İttifaqının müxtəlif tədbirlərində, müəllif və yubiley gecələrində, bəstəkarlarımızın yeni səhnə və konsert əsərlərinin premyeralarında iştirak edərək öz dəyərli fikir və mülahizələrini bildirirdi.

Dahi rəhbər musiqi təhsili sahəsinə də böyük önəm verirdi. Bunun ifadəsidir ki, Ulu Öndər ölkəmizin müxtəlif bölgələrində musiqi məktəbləri, muğam və aşıq sənəti ilə bağlı yaradıcılıq mərkəzlərinin yaradılması üçün təşəbbüslər göstərirdi. Hal-hazırda oxuduğum ali təhsil müəssisəsi – Naxçıvan Dövlət Universitetinə səfəri zamanı dahi şəxsiyyət: “Naxçıvan Dövlət Universitetinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin varlığının inkişafının məntiqi nəticəsidir. Naxçıvan Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən biridir” deyərək universitetin ölkənin elm-təhsilinə, mədəniyyətinə verdiyi töhfələri xatırlatmışdır. Bu gün Naxçıvan Dövlət Universitetinin dünyanın nüfuzlu ali təhsil ocaqları ilə adının bir çəkilməsi, eləcə də universitetin bir elm və incəsənət məbədi kimi nüfuz qazanması Ulu Öndərin Azərbaycan elminə, incəsənətinə xüsusi yanaşmasının bariz nümunəsidir.

Ulu Öndər Heydər Əliyev dahi bəstəkar Üzeyir Hacıbəyli musiqisinin böyük vurğunu idi. Məlum olduğu kimi, görkəmli dövlət xadiminin qərarı ilə Üzeyir Hacıbəylinin doğum günü yəni, sentyabr ayının 18-i Azərbaycanda musiqi günü kimi müxtəlif silsilə tədbirlərlə qeyd olunur.

Ümummilli Liderimizin müəyyənləşdirdiyi uğurlu mədəniyyət siyasəti hal-hazırda Onun davamçısı Prezident cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Ölkə başçısı və birinci xanım vitse-prezident Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan musiqisi müasir dövrdə daha da inkişaf etməkdə, digər ölkələr tərəfindən musiqimizə maraq artmaqdadır. Sevindirici haldır ki, Azərbaycanın ən qədim musiqi janrlarından biri olan muğam sənətinə müasir dövrdə nəinki yaşlı nəsil, hətta gənclər də böyük maraq göstərirlər. Mehriban Əliyevanın 2004-cü il avqustun 13-də YUNESKO-nun xoşməramlı səfiri seçilməsi ilə muğamlarımızın qorunması və təbliği yeni vüsət tapmışdır. Muğam müsabiqə və festivallarının təşkili, müxtəlif televiziya və radio kanallarında muğam konsertlərinin keçirilməsi çoxlu sayda gənc və istedadlı şəxslərin üzə çıxarılmasına imkan verib. Xalqımızın canına, qanına hopmuş, daxili dünyasının ayrılmaz hissəsi sayılan muğam sənəti 2003-cü ildə YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmişdir. Ölkəmizdə Muğam evi, Muğam mərkəzi kimi mədəni ocaqların fəaliyyətə başlaması, 2009-cu ilin mart ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə bütün dünyada əks-sədaya səbəb olmuş “Muğam aləmi” Beynəlxalq festivalının keçirilməsi Azərbaycan musiqi mədəniyyətinin ümumən dünya səviyyəsində tanıdılması, təbliği və sevilməsi istiqamətində təşkil olunan mühüm tədbirlərdən biri kimi qiymətləndirilməlidir.

Görkəmli dövlət xadimi Heydər Əliyev milli musiqimizə verdiyi dəyərə və musiqi sahəsindəki xidmətinə görə həm də milli musiqimizdə əbədiləşmişdir.

Suqra HÜSEYNOVA

Naxçıvan Dövlət Universiteti-İncəsənət fakültəsinin Musiqişünaslıq ixtisasının III kurs tələbəsi, Beyləqan şəhər Niyazi adına UMM-nin müəllimi

Nəşr edilib : 12.12.2024 15:18