NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

İstedadlı musiqiçi, gözəl pedaqoq

...

Nərminə Qədimova. Bu ada bütün Naxçıvan musiqi ictimayyəti böyük ehtiramla yanaşır. O, 1964-cü il iyunun 7-də Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Çoxları həkim ailəsində dünyaya gələn Nərminənin də həkim olacağına ümid edirdi. Çünki bu ailədə ata həkim, ana baş tibb bacısı və özündən böyük qardaş-bacıları da həkimlik sənətini seçiblər.

Nərminə Qədimova 1971-ci ildə Naxçıvanda A.S. Puşkin adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfində və 1975-ci ildən Üzeyir Hacıbəyli adına Naxçıvan 1 nömrəli uşaq musiqi məktəbində təhsil almağa başlayır. Musiqi məktəbinin 5-ci sinfindən 7-ci sinfinə kimi onun müəllimi mərhum pianoçu və musiqişünas Əqidə Ələkbərova olmuşdur. Nərminənin bir musiqiçi kimi yetişməsində məhz Əqidə xanımın rolunu dəyərləndirməmək mümkün deyil.

Nərminə hələ musiqi məktəbinin 6-cı sinifində oxuyarkən, Bakı şəhərində musiqi məktəbləri arasında keçirilən müsabiqədə iştirak edir. Paytaxtımzın 7 nömrəli musiqi məktəbində keçirilən müsabiqədə Nərminənin ifası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək diploma layiq görülür.

O, 1979-ci ildə orta məktəbin 8-ci sinifini bitirir və sənədlərini Naxçıvan Orta İxtisas Musiqi Məktəbinə təqdim edir. Həmin vaxt məktəbin direktoru tanınmış dirijor, gözəl musiqiçi Səidə Məmmədova idi.

O, orta ixtisas musiqi məktəbinə qəbul olmaq üçün ciddi hazırlaşır. Fortepiano müəllimi Həlimə Məhərrəmova ona çox köməklik edir. Çəkilən zəhmət hədər getmir. Nərminə Qədimova 1979-cu ildə Naxçıvan musiqi texnikumunun fortepiano şöbəsinə daxil olur. Texnikumun 2-ci kursunda oxuyarkən, 1980-ci ildə Gəncə şəhərində keçirilən müsabiqənin iştirakçısı olur və birinci və ikinci turlarda iştirak edir.

Orta İxtisas Musiqi məktəbində o, Həlimə Məhərrəmovadan, Sevda Zeynalovadan, Rəna Cəfərovadan, Solmaz Axundovadan və Tatyana Pavlovnadan dərslər alır. Bu müəllimlərdən aldığı dərslər gələcək fəaliyyətində ona böyük stimul olur.

1983-cü ildə isə Şuşa şəhərində Azərbaycanın musiqi texnikumları arasında keçirilən 4-cü respublika müsabiqəsində iştirak edir və müsabiqənin laureatı adına layiq görülür. Musiqişünas alim Əqidə Ələkbərova ona məsləhət görür ki, sənədlərini konservatoriyanın Musiqişünaslıq fakültəsinə təqdim etsin. Nərminə Qədimova eyni zamanda musiqi nəzəriyyəsini, harmoniya, solfecio və musiqini diktant şəklində nota köçürtmək kimi fənləri gözəl bilirdi. Həmin vaxt Azərbaycan Dövlət Konservatoriyasının rektoru və Azərbaycan musiqişünaslıq elmində əvəzsiz xidmətləri olan görkəmli müsiqişünas Elmira xanım Abbasova ona bildirir ki, sən IV Respublika müsabiqəsinin laureatı olmusan, bu sahədə özünü bir bacarıqlı pianoçu kimi təsdiqləmisən və ona konservatoriyanın piano ixtisasında təhsil almasını məsləhət görür.

Elə həmin il gənc pianoçu Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinin tələbəsi adını qazanır. Nərminə Qədimova bu müqəddəs musiqi məbədində tanınmış pianoçu Zenfira Şəfiyevanın sinifində ixtisas fənnindən dərs alır. Nərminə xanım deyir ki, mən 5 il onun sinifində təhsil aldım. Bir dəfə də olsun onun dərsindən qalmadım, çünki bu heç mümkün də deyildi. Zenfira Şəfiyevanın hər bir dərsi bizim üçün sanki bir imtahan idi.        

1988-ci ildə konservatoriyanı bitirdikdən sonra təyinatla Naxçıvan Musiqi Texnikumuna göndərilir 1998-ci ilə qədər Musiqi Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olan Nərminə xanım bütün bu dövrlərdə respublikamızda keçirilən müxtəlif tədbirlərdə və konsertlərdə xüsusi fəallıq göstərir.

Nərminə xanım 1998-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin indiki Fortepiano kafedrasında çalışır.

O, bu ali təhsil ocağının, demək olar ki, bütün tədbirlərində, eləcə də dövlət tədbirlərində solo ifaları müşayiət edir. Onun istedadlı tar ifaçısı, respublika müsabiqəsinin, həm də Zaqafqaziya xalqları arasında keçirilən müsabiqənin laureatı Zeynalabdin Babayevlə birgə çıxışları həmişə musiqisevərlər tərəfindən yüksək dəyərləndirilmişdir. 2002-ci ilin dekabr ayının 2-də birinci müəllif konserti, 2023-ci il noyabr ayında ikinci müəllif konserti Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin zalında keçirilərək böyük uğurlar qazanmışdır.

İstedadlı tarzən Zeynalabdin Babayevin Nərminə Qədimova ilə birgə verdiyi üçüncü müəllif konserti 2024-cü il may ayının 31-də Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində olub. Belə bir konsert proqramını əvvəldən-axıra kimi müşayiət etmək pianoçudan istedad, bacarıq tələb edir. Nərminə xanımın gözəl müşayəti musiqisevərlər tərəfindən yüksək səviyyədə alqışlanmışdır. Digər bir gözəl pedaqoq, kaman ustası Aqib Seyidovun solo konsertini və onun yaratdığı “Kamançaçalanlar ansamblı”nı və digər istedadlı tələbəsi gənc ifaçı Sultan Nadirovun solo konsertini və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekan müavini Mobil Hacıyevin tələbəsi Ələsgər Cəlilzadənin solo konsertini müşayiət etmişdir.

Onun müşayiət etdiyi konsert proqramlarına Azərbaycan, Avropa, rus klassik və müasir bəstəkarlarının əsərləri daxildir. Nərminə xanım da belə yüksək ifaçılıq bacarığı ilə üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gələ bilir.

Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərov və Gülyanaq xanım Fərzəliyevanın solo konsertləri də Nərminə xanım Qədimovanın müşayiəti ilə keçirilib.

Bu baxımdan “Xatun qanun ifaçılar” ansamblının rəhbəri, istedadlı musiqiçi Aynurə Quliyeva da tələbələri ilə birlikdə hazırladığı özünün solo konsertini Nərminə Qədimova müşayiət edib. Eyni zamanda Xalq Çalğı alətləri fakültəsinin müəllimi tarzən Vahid Məmmədovun  tələbəsi Abdulla Rəhimlinin iki dəfə solo konsertini, gənc vokal ifaçısı İlkin Abdullayevin iki solo konsertini, gözəl qanun ifaçısı Sevinc Babayevanın “Qanunçalan qızlar” ansamblının verdiyi konsertlərdə də öz bacarığını göstərmişdir.

Nərminə Qədimovanın tələbəsi Elturan Rəhimli 2021-ci ildə pandemiya vaxtı iki dəfə online solo konserti təşkil etmiş, konsert uğurlu alınmışdır. Bu da Nərminə Qədimovanın bir pedaqoq kimi öz xalqının mədəniyyətinə yeni bir töhfəsidir ki, hazırda Elturan Rəhimli Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri orkestrində piano müşayiətçisidir. Nərminə xanım özü də 2021-ci ildə tez-tez online konsertlər təşkil edərək təkcə musiqiçilərə deyil, onu sevən digər tamaşaçılarına da öz ifasıyla ruh yüksəkliyi bəxş etmişdir.

 Bir qayda olaraq universitetdə hər semestr hesabat konserti keçirilir. Elə bir hesabat konserti yoxdur ki, Nərminə Qədimovanın tələbələri öz proqramları ilə çıxış etməsinlər. O, tələbələrinin üzərində həmişə ciddi çalışır onların gələcəkdə də gözəl musiqiçi kimi yetişmələri üçün əlindən gələni edir.

2011-ci ildə Nərminə Qədimovanın səmərəli fəaliyyəti nəzərə alınaraq ona Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adı verilmişdir. Bu gün Nərminə müəllimənin tələbələri təkcə respublikamızın musiqi ocaqlarında deyil, onun hüdudlarından kənarda da həm bir piano ifaçısı, həm də pedaqoq kimi fəaliyyət göstərirlər. Bu yaxınlarda Nərminə xanımın İncəsənət fakültəsində 60 illik yubleyi təntənəli şəkildə keçirildi. İstedadlı pianoçuya universitetin fəxri fərmanı təqdim olundu. İncəsənət fakultəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılovun çəkdiyi Nərminə müəllimənin piano arxasındakı rəsmi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Biz musiqiçilər Nərminə xanıma möhkəm cansağlığı və yeni yaradıcılıq enerjisi arzulayırıq.

 

Bənövşə RZAYEVA

Naxçıvan Dövlət Universitetinin

Xalq Çalğı Alətləri kafedrasının müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru,  dosent

 Azərbaycan Bəstəkarlar İttifaqının üzvü

Nəşr edilib : 09.12.2024 14:51