Murat Kurum: Türkiyə Azərbaycanla birlikdə güclü a...
00:14 03.12.2024
0
0
0
NAXÇIVAN :
03 Dekabr 2024, Çərşənbə axşamı
İdman yalnız bədənimizi formada saxlamaq üçün məşğul olduğumuz bir fəaliyyət deyil, həm də beyinlərimizi yenidən yükləyən, daxili dünyamıza qısa, lakin təsirli “resept” atan bir fenomendir. Düşünün: qaçış meydançasında nəfəsimizi tutaraq finişə yaxınlaşdığımız, boks rinqində əllərimizi möhkəm sıxdığımız və ya yoqada tarazlığı tapmağa çalışdığımız anlar, yalnız əzələlərimizi deyil, ruhumuzu da sınayır. Bəs necə?
İdman, adətən, “Xoşbəxtlik hormonu fabriki” kimi işləyir. Müxtəlif növlərindən asılı olmayaraq – sərbəst qaçışdan tutmuş ekstremal dağ dırmanışına qədər – bədənimizin endofrin axınını artırır. Elə buna görə də bəziləri idmanla məşğul olduqdan sonra sanki “uçurlar”. Bu hiss nədir? – desəniz; bu, adi həyatın monotonluğunda öz yerini tapan bir yüksəlişdir. Endofrin bizi ən kiçik şeylərdən xoşbəxt edən “sehrli çubuq” kimidir.
Amma idmanın psixoloji təsiri bununla bitmir. İdman meydanında insanlar qələbə üçün bütün güclərini ortaya qoyarkən həm də “məğlubiyyət sənəti”ni öyrənirlər. İnanın ki, hər məğlubiyyət insanın iradəsini daha da gücləndirir. Həyat bəzən futbol topu kimi heç gözləmədiyimiz yerə də çırpıla bilər. Amma idman bizə həmin çırpılmadan dərs çıxarmağı, qalxıb yenidən meydançada yerimizi almağı öyrədir. “Qalib gəlmək üçün məğlub olmağı bilmək lazımdır” devizi hər bir idmançının motivasiya qaynağıdır.
Daha bir maraqlı cəhət isə komanda idman növlərində ortaya çıxır. Komanda yoldaşlarımızla qarşılıqlı inam və əməkdaşlıq nəticəsində yaranan dostluq bağları, bir növ “psixoloji dəstək sistemi” rolunu oynayır. Futbol oynarkən biz yalnız topun arxasınca qaçmırıq, həm də insanların arasında etibar, harmoniya və rəqabət mühitini tənzimləyirik. Əlbəttə, oyun ərzində atışmalar da olur, amma sonradan bir-birini qucaqlamaq hər şeydən gözəldir.
İdmanın bizə verdiyi ən maraqlı və bəzən də qorxulu şey isə adrenalindir. Ekstremal idman növlərində insanlar dəfələrlə risk alır, yüksəkliklərdən tullanır, təhlükəli manevrlər edir. Bəs niyə? Çünki bu, qəlbimizin döyüntüsünü sürətləndirir, həyatı anında daha intensiv yaşamağa məcbur edir. Bu isə psixoloji baxımdan həyatda mövcudluğumuzu daha dərin hiss etməyimizə səbəb olur. “Risk həyatı gözəlləşdirir”, – deyirlər, amma, əlbəttə, hər şeydə olduğu kimi, burada da ehtiyat lazımdır.
Kikboks üzrə təcrübəli idmançı Rəbbi İsmayılov idmanın insan psixologiyasına təsirini belə ifadə edir: “İdman insana yalnız fiziki güc deyil, həm də psixoloji rahatlıq verir. Hər məşq əsnasında yüksək adrenalin və fokuslanma tələb olunur”.
Onun sözlərinə görə, idmanda yüksələn adrenalin səviyyəsi, gündəlik stressin azaldılması və özünə inamın artması ilə nəticələnir: “Məşqlər zamanı yaşadığım adrenalinin çoxluğu bəzən çətinliklərə başqa bir perspektivdən baxmağıma kömək edir”.
Həvəskar boksla məşğul olan Mətin Rzayev bu idman növünün insan psixologiyasına təsirini belə dəyərləndirir: “Boks mənim üçün yalnız döyüş meydanı deyil, həm də özümlə mübarizə aparmaq üçün bir yol oldu. Bəzən işdə və ya şəxsi həyatda yaşadığım stresi boks məşqləri ilə aradan qaldıra bilirəm. Bu mənim üçün bir növ terapiya kimidir”.
O qeyd edir ki, boks məşqləri zamanı yaşanan adrenalin yalnız stresdən azad olmaq üçün deyil, həm də özünə güvən qazanmaq üçün əhəmiyyətlidir: “Rinqə çıxanda və ya sadəcə yumruq atışları məşq edəndə ürəyim daha sürətli döyünür, bu da mənə gündəlik həyatda daha möhkəm durmağı öyrədir”.
İdman həm də şəxsi limitlərimizi sınamaq və onları keçmək deməkdir. Hər dəfə qaçış zolağında sonuncu kilometrimizi qaçanda, ya da ağırlıqları son dəfə qaldırarkən bədənimizin “Dayan!” dediyi an gəlir. Lakin burada qərar vermək bizə qalır: dayanmaq və ya bir az da irəliləmək? Bu anın öhdəsindən gəlmək insana özünü daha güclü hiss etdirir, çünki idman yalnız əzələ deyil, iradə də “böyüdür”. Ağırlıq idmanı zamanı “tükəniş” dediyimiz son həddə bədən öz gücünün hamısını işlətmir. Əslində, bu mərhələdə bədənin bir hissəsi aktivləşdirilərək maksimal performans göstərilir, amma əzələlər hələ də qalan enerjini istifadə etməyə qadirdir. Hətta bədənin ən yüksək gücündə belə tükəniş anında sinir sistemi və əzələ lifləri hələ də bir qədər “rezerv güc” saxlayır.
Noradrenalin bədənin təbii “alarm sistemi” kimidir, stres və təhlükə vəziyyətində siqnal göndərərək bizi daha sürətli və daha diqqətli edir. Bu kimyəvi maddə beynin döyüş, ya da qaç reaksiyasını oyadaraq, hər şeyin qəfildən daha sürətli olduğunu hiss etdirməyə başlayır. Məsələn, bir anda ürəyinizin sürətlənməsi və əllərinizin titrəməsi noradrenalinin gücünü göstərir. Yəni bu bədənin “Hazır ol” vəziyyətinə keçməsinin bir hissəsidir. Həmçinin əgər hər zaman özünüzü oyanıq və enerjili hiss edirsinizsə, deməli, noradrenalin iş başındadır!
Nəticə olaraq, idmanın insan psixologiyasına təsiri həm dərin, həm də rəngarəngdir. O, həyatın “təlim meydançası”dır – biz burada gülməyi, ağlamağı, məğlubiyyəti, qələbəni, risk almanı və həm də öz daxili gücümüzü kəşf etməyi öyrənirik. Bu həm də bir növ özünü tanıma marafonudur.
Araz QULİYEV
Digər xəbərlər