NAXÇIVAN :

09 Sentyabr 2026, Çərşənbə

Cin Baderşnayder: COP29 fəaliyyətə keçid istiqamətində ilk real təkan oldu

...

Son on ildə iqlim liderliyinin əldə etdiyi nailiyyətlər qəbul olunmalı və onları qeyd etməliyik. Paris Sazişindən əvvəl, heç bir şübhə yoxdur ki, dünya 4 dərəcə Selsi istiləşməyə doğru gedirdi. O vaxtdan bəri həyata keçirilən tədbirlər emissiyaların artım trayektoriyasını əhəmiyyətli dərəcədə aşağı istiqamətə dəyişib. Ardıcıl COP-lar isə bir çox digər məsələlərin iqlim dəyişikliyini beynəlxalq gündəmin mərkəzindən sıxışdırıb çıxarmağa çalışdığı bir vaxtda onu beynəlxalq gündəmin mərkəzində saxlayıb və ambisiyanın mərhələli şəkildə artırılması üçün mexanizm yaradıb. Amma, eyni zamanda, məsələyə açıq şəkildə yanaşmalıyıq. Parisdə razılaşdırılmış məqsədlərə çatmaq imkanımız getdikcə uzaqlaşır. Qlobal istixana qazı emissiyaları artmaqda davam edir və hamımızın izlədiyi qalan karbon büdcəsi narahatedici sürətlə tükənir. Bunların üzərinə geosiyasi çağırışları da əlavə etsək, bütün bu amillər icraya əlavə təzyiq yaradır.

"Şərq qapısı" xəbər verir ki, bunu “Fortescue” şirkətinin İdarə Heyətinin üzvü, “ExxonMobil”in sabiq vitse-prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Cin Baderşnayder “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "COP31-dən sonra iqlim liderliyi: Tərəfdaşlıq vasitəsilə icranın təmin edilməsi" mövzusunda dəyirmi masada çıxış edərkən deyib.

"Beləliklə, diqqəti birbaşa COP prosesinin özünə yönəltsək, əsas problemlərdən biri budur ki, bu proses praktiki icradan daha çox ambisiyaların müəyyənləşdirilməsi və məqsədlərin qarşıya qoyulması sahəsində daha güclü olub. Əlbəttə, COP29-dan başlayaraq ardıcıl COP-lar bunu qəbul edib və Bakının bu istiqamətdə gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Fikrimcə, COP29 fəaliyyətə keçid istiqamətində ilk real təkan oldu. Lakin COP-un yalnız dialoq üçün forum deyil, həm də fəaliyyət platforması olduğunu sübut etmək üçün hələ çox iş görülməlidir. COP31 bu istiqamətdə irəliləmək üçün fürsətdir. Mənim üçün əsas sınaq və düşünürəm ki, COP31-in qiymətləndirilməli olduğu əsas meyar budur: Biz icra prosesini daha asan, daha sürətli və investisiya üçün daha cəlbedici edə biləcəyikmi? Məhz buna görə düşünürəm ki, iqlim liderliyinin növbəti mərhələsində əsas diqqət tərəfdaşlığa yönəlməlidir. Söhbət sadəcə şüar kimi tərəfdaşlıqdan getmir. Söhbət praktiki maneələri aradan qaldıra və iqlim investisiyalarını genişləndirə biləcək dövlət və özəl sektor arasında tərəfdaşlıqdan gedir”, - deyə o diqqətə çatdırıb.

Nəşr edilib : 09.09.2026 10:58