NAXÇIVAN :

09 Sentyabr 2026, Çərşənbə

Naxçıvan 2044: tarixini qoruyan, gələcəyə doğru inkişaf edən şəhər

...

Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq ili” elan edilməsi şəhərsalma və memarlıq sahəsinə dövlət səviyyəsində göstərilən diqqətin bariz bir ifadəsidir. Bu, şəhərlərimizin gələcək inkişafına yeni baxışın formalaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Qədim və zəngin memarlıq irsinə malik Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafını müəyyən edən yeni Baş planın hazırlanması və təqdim olunması isə qarşıdakı illərdə şəhərimizin məkan inkişafının, yaşayış ərazilərinin, nəqliyyat sisteminin, sosial infrastrukturunun, yaşıllıq sahələrinin, ictimai məkanlarının və mühəndis-kommunikasiya təminatının hansı istiqamətdə formalaşacağına dair uzunmüddətli şəhərsalma baxışını ortaya qoyur.

11 avqust 2026-cı ildə muxtar respublikaya səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planı” ilə tanış olublar və rəsmi məlumatda qeyd edildiyi kimi, sənəd “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi “Chapman Taylor” tərəfindən hazırlanıb və müstəqillik dövründə Naxçıvan şəhərinin hazırlanmış ilk Baş planı kimi şəhərin gələcək inkişafı üçün mühüm planlaşdırma sənədi hesab olunur.

Baş plan anlayışını yalnız şəhərin gələcək görünüşünü göstərən xəritə kimi qəbul etmək düzgün olmaz. Çünki Baş plan şəhərin uzunmüddətli perspektiv inkişafını müəyyən edən əsas şəhərsalma sənədi olmaqla yaşayış ərazilərinin inkişafı, əsas tikinti obyektlərinin yerləşdirilməsi, şəhərin genişlənmə istiqamətləri, nəqliyyat və küçə-yol şəbəkəsi, mühəndis-kommunikasiya sistemləri, ictimai məkanlar və digər mühəndis qurğuları ilə bağlı əsas planlaşdırma həllərini müəyyənləşdirir. Bu baxımdan Naxçıvanın yeni Baş planını şəhərin gələcək inkişafının vahid məkan konsepsiyası kimi qiymətləndirmək mümkündür.

Baş planın miqyasını daha aydın təsəvvür etmək üçün nəzərdə tutulan göstəricilərə nəzər salaq: 2044-cü ilədək Naxçıvan şəhərinin məskunlaşma ərazisinin 1831 hektardan 2630 hektara, əhalisinin 97200 nəfərdən 130000 nəfərə, yaşayış fondunun isə 3,9 milyon kvadratmetrə çatdırılması proqnozlaşdırılır. Bu göstəricilər qarşıdakı dövrdə şəhərin həm ərazi, həm də demoqrafik baxımdan əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoyacağını göstərir. Lakin şəhərin inkişafını yalnız yeni yaşayış binalarının tikilməsi ilə əlaqələndirmək doğru olmaz. Çünki əhali artdıqca məktəblərə, uşaq bağçalarına, səhiyyə müəssisələrinə, xidmət obyektlərinə, nəqliyyat əlaqələrinə, mühəndis-kommunikasiya sistemlərinə, istirahət və ictimai məkanlara olan tələbat da artır. Məhz buna görə müasir şəhərsalmanın əsas prinsiplərindən biri yaşayış məhəllələrinin yalnız tikinti sahəsi kimi deyil, insanların gündəlik həyatını təmin edən kompleks yaşayış mühiti kimi planlaşdırılmasıdır. Bu baxımdan, yeni Baş planda sosial infrastruktur məsələlərinin də nəzərə alınması diqqətəlayiqdir və rəsmi məlumatlara əsasən 2044-cü ilədək ümumi təhsil müəssisələrinin tutumunun 23400, məktəbəqədər təhsil müəssisələrinin tutumunun 7800, xəstəxanaların çarpayı fondunun isə 650 yerə çatdırılması, xidmət, nəqliyyat və logistika, sənaye, tikinti, turizm və aqrar sektorların inkişafı hesabına məşğulluğun, təxminən, 78 min nəfərə yüksəldilməsi nəzərdə tutulur ki, bu da şəhərsalma ilə sosial-iqtisadi inkişafın vahid yanaşma əsasında əlaqələndirildiyini göstərir.

Naxçıvanın gələcək inkişafında təbii mühitin və yaşıllıq sisteminin qorunması da mühüm istiqamətlərdən biridir və Baş planda Naxçıvançay boyunca yeni parkların, istirahət zonalarının və ictimai məkanların yaradılması, ümumi yaşıllıq sisteminin genişləndirilməsi hesabına adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılması nəzərdə tutulur. Bu yanaşma şəhərin yalnız tikililər hesabına böyüməsini deyil, insanın təbiətlə qarşılıqlı əlaqəsini və yaşayış mühitinin ekoloji keyfiyyətini də nəzərə alan müasir şəhərsalma modelinin formalaşdırılmasına xidmət edir. Şəhərin böyüməsi ilə yanaşı, nəqliyyat sisteminin də gələcək tələblərə uyğunlaşdırılması zəruridir. Buna uyğun olaraq Baş planda küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 188,4 kilometrə, velosiped infrastrukturunun isə 122 kilometrə çatdırılması, küçə-yol şəbəkəsinin 65 faizdən çox hissəsinin velosiped hərəkəti üçün uyğunlaşdırılması nəzərdə tutulur. Bu da Naxçıvanın gələcək şəhər mühitində piyada və velosiped hərəkətinin, əlçatanlığın və insanyönümlü nəqliyyat həllərinin daha böyük əhəmiyyət daşıyacağını göstərir.

Naxçıvanın gələcəyi haqqında danışarkən onun tarixini və memarlıq irsini xüsusi olaraq qeyd etmək lazımdır. Çünki şəhərin inkişafı yalnız yeni tikililərin sayının artırılması ilə ölçülməməli, eyni zamanda əsrlər ərzində formalaşmış tarixi-mədəni mühitin qorunması ilə uzlaşdırılmalıdır. Bu mənada, yeni Baş planın konsepsiyasında da tarixi-mədəni irsin qorunması ilə müasir şəhərsalma prinsiplərinin əlaqələndirilməsi mühüm istiqamət kimi müəyyən edilir. Şəhər mərkəzinin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər də xüsusi maraq doğurur. Mərkəzi rayonun 74 hektarlıq ərazisi üçün müfəssəl plan, həmin rayon daxilində 12,5 hektarlıq ərazi üçün isə yeni memarlıq konsepsiyası hazırlanıb və burada tarixi əhəmiyyət daşımayan köhnəlmiş tikililərin mərhələli şəkildə yenilənməsi, müasir çoxmərtəbəli yaşayış və çoxfunksiyalı binaların yaradılması, yeni inzibati kompleksin formalaşdırılması və mərkəzi meydanın daha insanyönümlü ictimai məkana çevrilməsi kimi yanaşmalar irəli sürülüb.

Baş planın əhəmiyyətli tərəflərindən biri gələcək tikinti proseslərinin şəhərin ümumi inkişaf məntiqi ilə əlaqələndirilməsinə imkan yaratmasıdır. Çünki praktikada tikinti ilə bağlı bir sıra mübahisələrin yaranmasına ərazi istifadəsi, tikililərin yerləşməsi, planlaşdırma həlləri, mühəndis infrastrukturu və normativ tələblərin tətbiqi ilə bağlı məsələlər səbəb olur və şəhərin perspektiv inkişafının əvvəlcədən planlaşdırılması bu məsələlərə sistemli yanaşma formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla belə, mühüm bir məqamı da düzgün anlamaq lazımdır: Baş plan konkret tikinti obyektinə avtomatik tikinti icazəsi verən sənəd deyil. Şəhərin uzunmüddətli məkan inkişafını müəyyən edən əsas şəhərsalma sənədidir və konkret tikinti fəaliyyəti bundan sonra da qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinin, layihələndirmə, razılaşdırma və icazə prosedurlarının tələblərinə uyğun həyata keçirilməlidir.

Əslində, baş Planın əhəmiyyətini yalnız şəhərsalma mütəxəssislərinin və ya tikinti sahəsində çalışan şəxslərin məsələsi kimi qiymətləndirmək də düzgün deyil. Çünki bu sənədin həyata keçirilməsi, nəticə etibarilə, Naxçıvanda yaşayan hər bir insanın gündəlik həyatına, yaşayış mühitinə, nəqliyyat imkanlarına, sosial obyektlərə çıxışına, istirahət məkanlarına və şəhərin ümumi görünüşünə təsir göstərəcək. Yeni yaşayış məhəllələrinin formalaşdırılmasında əsas məqsəd yalnız binaların inşası deyil, həmin binaların ətrafında tam və rahat yaşayış mühitinin yaradılması olmalıdır.

Bu gün Naxçıvanın qarşısında mühüm bir imkan dayanır: qədim şəhərin tarixi simasını qorumaqla onu müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirmək, yeni yaşayış ərazilərini sosial və mühəndis infrastrukturu ilə təmin etmək, yaşıllıq və ictimai məkanları artırmaq, nəqliyyat sistemini müasir tələblərə uyğunlaşdırmaq və bütün bunları vahid şəhərsalma baxışı daxilində həyata keçirmək.

Naxçıvanın gələcəyini qurmaq yalnız yeni binalar inşa etmək demək deyil. Bu, gələcək nəsillərin yaşayacağı şəhər mühitini bu gündən düzgün planlaşdırmaq, onun tarixi və memarlıq kimliyini qorumaq, müasir şəhərsalma tələbləri ilə uzlaşdırmaq və şəhərin inkişafını təsadüfi tikintilərdən deyil, elmi və peşəkar əsaslara söykənən vahid planlaşdırma yanaşmasından asılı vəziyyətə gətirmək deməkdir. Naxçıvan 2044-cü ilə doğru yalnız böyüyən şəhər deyil, tarixini qoruyaraq gələcəyə addımlayan, insanı şəhər həyatının mərkəzinə qoyan və müasir şəhərsalma prinsipləri əsasında inkişaf edən regional mərkəz kimi formalaşa bilər və yeni Baş plan bu gələcəyə aparan əsas şəhərsalma istiqamətlərindən biridir.

Həsən BABAYEV

  Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertiza bölməsinin

Nəşr edilib : 09.09.2026 15:39