NAXÇIVAN :

09 Sentyabr 2026, Çərşənbə

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

...

İqlim dəyişikliyi artıq yalnız ekoloji problem deyil, bu məsələ qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib. Quraqlıqlar, ekstremal hava hadisələri və dəniz səviyyəsinin yüksəlməsi də daxil olmaqla, iqlimlə bağlı fəlakətlərin tezliyinin və intensivliyinin artması, xüsusilə münaqişələrə meyilli regionlarda yerləşən ölkələr üçün ağır nəticələr doğurur.

"Şərq qapısı" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “Bakı İqlim Fəaliyyəti 2026” çərçivəsində keçirilən "Sülh, humanitar yardım və bərpa üçün dövlət və özəl sektorun iqlim maliyyəsinin səfərbər edilməsi" adlı dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, Dünya Bankının məlumatlarına görə, həmin ölkələrin ümumi əhalisinin 40 faizi iqlimlə bağlı təhlükələrə məruz qalır. Bu, 142 milyon təsərrüfata və ya 527 milyon insana bərabərdir. Eyni zamanda, kövrək və iqlim baxımından həssas ölkələr uyğunlaşma maliyyəsindən əhəmiyyətli dərəcədə az yararlanır.

Nəşr edilib : 09.09.2026 15:35