NAXÇIVAN :

09 Sentyabr 2026, Çərşənbə

"Bitum” yükündə külli miqdarda metamfetamin aşkarlanıb

...

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Baş Gömrük İdarəsindən "Şərq qapısı"na verilən məlumata görə, “Culfa” gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “don halda bitum” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib.
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Keçirilən gömrük nəzarəti tədbirləri zamanı yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.
Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 53 ədəd kərpic formalı qablaşdırmada xalis təmiz çəkisi 45 kiloqram 201,395 qram olan xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 09.09.2026 15:56