Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Ordumuzun şanlı tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Ürəyi Vətən eşqi ilə döyünən qəhrəmanları, bu yolda canından keçməyə hazır olan nər oğulları var Azərbaycanın. Uğrunda son damla qanına kimi döyüşən, düşmən tankının qarşısında əliyalın dayanan igidləri, dar gündə sahib olduğu bütün var-dövləti orduya bağışlayan qocaları, nişan üzüyünü silahla dəyişən gəlinləri, şəhid oğlunun tabutu qarşısında qurban kəsən ataları, “Oğlumun bəy paltarı Şuşada dalğalanan bayrağımızdır”, – deyən anaları var.
Bəli, əgər bunlar olmasaydı, bizim bu gün müzəffər Ordumuz olmayacaqdı. Əgər O olmasaydı. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri ilə başlamışdı yaşadığımız günlərin ilk addımları. Bax burada, bu qədim diyarda, Naxçıvanda çıraq işığında qəlbi Vətən eşqi ilə döyünən böyük bir şəxsiyyətin qərarları ilə, soyuq səngərlərdə günlərlə ac qalsa da, silahını yerə qoymayan oğullarla başlamışdı.
Bəli, həmin günlərdən, xalqın dahi rəhbəri ilə bir olub yumruğa döndüyü vaxtlardan. Dahi rəhbər: “Biz tam əminik ki, bu keçid dövründə, Ermənistanla gedən müharibə şəraitində yaradılmış milli ordumuzun əsgər və zabitləri, bölmə və hissə komandirləri öz döyüş məharətlərini durmadan yüksəldəcək, müasir hərbi elmə inadla yiyələnəcək, torpaqlarımızın etibarlı surətdə müdafiə olunmasını yüksək səviyyədə təmin edəcəklər”, – dediyi günlərdə.
Ulu Öndər hələ sovet dövründə, Azərbaycana rəhbərlik etdiyi illərdə milli zabit kadrların yetişdirilməsini prioritet hesab edirdi. Uzaqgörən siyasət xadimi hələ 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ulu Öndər elə o illərdə azərbaycanlı gəncləri SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi.
Müstəqilliyimizin ilk illərində acı bir həqiqəti də duymuşduq. Hərbi gücümüz zəif idi. Biz hər çətinliyi aradan qaldıra bildik, özü də qısa vaxtda. Dahi rəhbərin bütün arzuları kimi güclü ordu istəyi də yerinə yetirildi. Azərbaycan ötən illər ərzində Qafqazda söz sahibinə çevrilib qalib dövlət şərəfinə nail oldu. Ötən 20 il ərzində dövlətimizin iqtisadi imkanları artdıqca orduya daha çox vəsait ayrılmasına imkan yarandı. Müharibə şəraitində yaşadığımız illərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkənin müxtəlif bölgələrinə səfərləri zamanı tez-tez hərbi hissələrdə olub, çətin şəraitdə Vətənə xidmət edən hərbi qulluqçularla görüşdü. Dahi rəhbərin ordu quruculuğu sahəsindəki bütün planları yerinə yetirildi, ordumuz dövlətimizin, müstəqilliyimizin və təhlükəsizliyimizin dəmir qalxanına, xalqımızın yenilməz dayağına çevrildi. Torpaqlarının bir hissəsi işğal altında olan bir ölkə üçün güclü ordunun mövcudluğu xüsusilə önəmli olduğundan ordumuzun gücü daha da artırıldı və qüdrətli müdafiə sənayesi yaradıldı. Qısa müddətdə hərbi sənayesi formalaşan Azərbaycanda bu gün ən müasir silahlar, döyüş sursatları və hərbi texnikalar istehsal olunur. Ölkənin müdafiə qabiliyyəti öz sənaye istehsalının hesabına gücləndirilir. Və bütün bunların nəticəsi olaraq biz Zəfər qazandıq – ordu, xalq, dövlət birləşərək, “dəmir yumruğ”a dönərək.
Şanlı Vətənin müzəffər Ordusu
2020-ci ildə dünyanın Azərbaycanı sevməyən dövlətləri bizə qarşı olsa da, biz bir xalq kimi birləşib gücümüzü və haqq işimizi bütün dünyaya nümayiş etdirdik. Və dünya bunu qəbul etməyə məcbur oldu. Qətiyyətli mövqeyə sahib olan Azərbaycan Respublikası Prezidentinin tutarlı dəlillərlə çıxışları qarşısında dayana bilməyən düşmən siyasətçiləri geri addım atdılar. Antiterror əməliyyatları isə ərazimizdə başqa bir dövlətin yaranmasına yol verilməyəcəyini sübuta yetirdi. Şanlı Vətən savaşı gələcək nəsillərə nümunə olacaq bir qələbə ilə başa çatdı. Elə bir qələbə ki tarixdə hələ belə bir mübarizə görülməmişdi. Bunlara əsas səbəbin hərbi gücümüzün artırılması olduğunu vurğulayan ölkə başçısı qeyd etdi: “Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik”.
Bu gün hər bir azərbaycanlı gənc Vətənə xidməti özünün birinci dərəcəli vətəndaşlıq borcu sayır. Hərə öz sahəsində əyləşdiyi masanı səngər, özünü əsgər bilib müstəqil Azərbaycan üçün döyüşür. Biri Vətən üçün can verən əsgəri döyüş meydanından çıxarıb yarasına məlhəm olur, digəri Qarabağı cənnətə çevirmək üçün yeni-yeni layihələr hazırlayır, biri gələcəyimiz olan uşaqlara yeni qələbə tariximizi öyrədir, başqası isə bütün bu olanları tarixin yaddaşına köçürür. Bəli, ordu təkcə əyninə hərbi forma geyinmiş əsgərdən, gizirdən, zabitdən ibarət deyil. Ordu bir xalqdan ibarətdir.
Özü ac qalsa da, son çörək payını səngərdəki əsgərə göndərən Azərbaycan qadınından, əsgərlər üşüməsin deyə “Qar yağdırma, Allahım atam səngərdə üşüyər”, – deyib dua edən körpədən, cibindəki son qəpiyini də orduya silah alınması üçün bağışlayan qoca babalardan, həyat yoldaşına olan sonsuz sevgisini Vətənə qurban verib şəhid tabutunu çiynində daşıyan gəlinlərimizdən, bir ovuc torpağa gözünün nurunu, canını qurban verən oğullarımızdan, vətənpərvər insanlarımızdan, Vətənimizin hər bir qarışının keşikçisi olan Vətən sevdalı ürəklərdən ibarətdir ordu. Və məhz elə buna görə biz qalib ölkənin vətəndaşı, ordumuz isə müzəffərdir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər