Qəhrəmancasına döyüşüb şəhid oldu
20:05 24.11.2024
0
0
1
NAXÇIVAN :
24 Noyabr 2024, Bazar
Müasir dövrdə oxucu və mütaliə probleminin öyrənilməsi, mütaliə mədəniyyətinin formalaşdırılması, kitabın mənəvi inkişafımızda rolunun müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Mütaliə yazılı informasiyanın mənimsənilməsi, ardıcıl və davamlı oxu deməkdir. İnsanların ictimai şüurunun formalaşmasına, təhsil səviyyəsinin yüksəlməsinə, dünyagörüşünün artırılmasına təsir göstərən ən güclü amillərdən biri mütaliədir. Həmçinin insanların mənəvi dünyasının zənginləşməsində, yetkin şəxsiyyət kimi formalaşmasında mütaliənin əvəzsiz rolu var. Mütaliənin vacibliyini dönə-dönə vurğulayan Ulu Öndərimiz gəncləri daim mütaliə etməyə dəvət edir, kamil bir insan kimi yetişməyin başlıca yolunun mütaliədən keçdiyini deyirdi. Yadımdadır, əvvəllər ədəbiyyat dərslərində gündəlik tədris edilən mövzularla yanaşı, sinifdənxaric oxuya da geniş yer verilirdi. Bəs son zamanlarda məktəblərimizdə mütaliənin təbliği yönündə hansı işlər görülür və ya görülürmü? Bu kimi suallarımızı cavablandırması üçün Naxçıvan şəhərindəki C.Məmmədquluzadə adına 2 nömrəli tam orta məktəbin müəllimi Zərifə Səfərovayla həmsöhbət oluruq.
Zərifə müəllimə gələcək nəsillərin dünyagörüşünün düzgün formalaşması üçün mütaliənin əsas şərt olduğunu söyləyir. Sinifdənxaric oxunun önəminə diqqət çəkən müəllim deyir: – Sinifdənxaric oxu şagirdlərin ədəbiyyat dərslərində öyrəndiyi əsərlərlə müstəqil mütaliə arasında körpü rolunu oynayır. Ədəbiyyat təliminin əsasında bədii əsərlərin oxusu və təhlili dayanır. Ədəbiyyat müəllimi şagirdlərin mütaliə marağını nəzərə alaraq əsərləri dəyişə bilər. Sinifdənxaric oxu dərsləri şagirdlərin təlim materialları ilə bağlı sinifdənxaric oxusunu stimullaşdırmaq, fəal, sistemli, müstəqil işə istiqamətləndirmək, mütaliə və tədqiqatçılıq bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır və bunun üçün də çox önəmlidir. Kitablar həyatımızın əhəmiyyətli bir hissəsidir. Kitab oxumaq bir çox insan üçün məşhur bir əyləncədir. Hər zaman uşaqlara məsləhət görürəm ki, şair və yazıçıların dərsliklərdə olduğu əsərləri ilə kifayətlənməsinlər. Onların digər əsərlərini də əldə edib oxusunlar. Azərbaycan ədəbiyyatı ilə yanaşı dünya ədəbiyyatına da müraciət etsinlər.
Mütaliə mövzusuna pedadoq yanaşması necədir? Bu xüsusda psixoloq-pedaqoq Günay Quliyevanın fikirləri maraqlıdır: – Mütaliə uşaqların məktəbdə qazandıqları bilikləri gücləndirən başlıca vasitədir. Uşaqların oxu və yazı bacarıqlarının inkişaf etdirilməsində, nitq vərdişlərinin təkmilləşdirilməsində, fikirlərini tam və sərbəst şəkildə ifadə edə bilməsində böyük rol oynayır. Mütaliə, eyni zamanda idrak fəaliyyəti növü kimi uşağın təhsilində və tərbiyəsində də xüsusi yer tutur. Uşaq təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək zəruridir. Burada əsas iş valideynləri və müəllimlərin üzərinə düşür. Onlar uşaqların zövqünü korlayan, aqressivlik və qorxu yaradan, ədəbi və tərbiyəvi dəyəri olmayan kitablardan uzaq tutulmalıdırlar. Əsasən, uşaqların öz yaşlarına, biliklərinə, onların sosial inkişafina, maraqlarına uyğun kitab seçməlidirlər. Bu kimi məsələlər daim diqqət mərkəzində saxlanmalıdır.
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin də fikirlərini öyrəndik. Müsahibimiz, nazirliyin əməkdaşı Gültəkin Rüstəmli deyir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hər il olduğu kimi, bu il də ümumtəhsil müəssisələrinə, məktəblərə bədii ədəbiyyatlar verilib. Həmin bədii ədəbiyyatlar uşaqların zövqünü oxşayan, onların söz ehtiyyatını zənginləşdirən bir-birindən zəngin, maraqlı hekayə və povestlərlə, o cümlədən roman, şeir, pyes və digər yaradıcılıq nümunələri ilə zəngindir. Üstünlük isə, təbii ki, Azərbaycan ədəbiyyatına verilir. Çünki yetişməkdə olan gənc nəslin əqli tərbiyəsinə, onlarda mütaliə mədəniyyətinin formalaşmasına, söz ehtiyyatlarının zənginləşməsinə bilavasitə Azərbaycan ədəbiyyatının təsiri böyükdür.
Müsahibimiz qeyd edir ki, bədii ədəbiyyatlar ümumtəhsil müəssisələrinə təhvil verildikdən sonra kitabxanaçılara tapşırıq verilir ki, kitabxanalarda “Oxumusunuzmu?” başlıqlı guşə yaradılsın və bu guşədə məktəblərə verilən həmin bədii ədəbiyyatlar nümayiş etdirilsin. Bunlar elə yerdə quraşdırılsın ki, şagirdlər kitabxanaya daxil olarkən onların diqqətini cəlb etsin. Bu işdə başlıca məqsəd uşaqlarda sağlam rəqabət formalaşdırmaq, o cümlədən onların kitaba olan marağını artırmaqdır. Kitabxanalarda, bildiyiniz kimi, oxu zalları da vardır. Şagirdlər burda rahat şəkildə kitab oxuya, hətta dərslərini hazırlaya bilərlər.
“Bu işdə kitabxanaçıların rolu nədən ibarətdir?” sualına isə müsahibimiz belə cavab verir: “Kitabxanaçıların vəzifələrindən ən başlıcası şagirdlərin bədii ədəbiyyat oxumalarına cəlbidir. Bu barədə Təhsil Nazirliyi tərəfindən mütəmadi tapşırıqlar verilir. Kitabxanaçılar il ərzində şagirdlərlə maarifləndirici söhbət aparırlar. Bu söhbətlərin bir qismi də bədii ədəbiyyatlarla bağlıdır. Həmçinin kitabxanaçılar tərəfindən il ərzində müxtəliftipli məktəbdaxili müsabiqələr, yarışlar keçirilir. Ədəbiyyat müəllimləri, təşkilatçıların dəstəyi ilə müsabiqələr təşkil edirlər. Həmin müsabiqələrdə, misal üçün Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Cəfər Cabbarlının və digər Azərbaycan və dünya klassiklərinin əsərləri əsasında müsabiqələr, sual-cavablar, viktorinalar və sair keçirilir. Bu da uşaqların mütaliə mədəniyyətinin qiymətləndirilməsinə, o cümlədən də məktəblərimizdə ənənəvi təhsildən geriyə qalan sinifdənxaric oxu saatlarının bu yolla bərpa edilməsinə şərait yaradır.
Beləliklə, bu gün məktəblərimizdə sinifdənxaric oxu keçirilməsə də, Təhsil Nazirliyi tərəfindən mütaliə mədəniyyətinin formalaşması, o cümlədən uşaqlarda bədii ədəbiyyata marağın oyadılması istiqamətində bir sıra işlər görülür, bu sahədə ciddi addımlar atılır. Bu işdə valideynlərin üzərinə düşən vəzifə isə uşaqları, xüsusən də təhsil almaq yaşına çatmış məktəbliləri, yeniyetmələri mobil telefonların “cazibəsindən” uzaqlaşdırmaq, onlara kitabı sevdirəcək addımlar atmaq üçün, sözün həqiqi mənasında, dəridən – qabıqdan çıxmaqdır. Çünki gənclərlə gələcək işıqlı gələcəyin yolu yalnız və yalnız kitabdan, oxumaqdan, oxutdurmaqdan keçir…
Türkanə ƏSƏDOVA
Digər xəbərlər