NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Azərbaycanın COP29-a ev sahibi seçilməsi ən ədalətli qərardır

...

Ölkəmizin təbii sərvətlərı 70 illik sovetlər dönəmində amansızlıqla talan edilsə də, müstəqilliyi yeni qazandığımız illərdə qeyri-bərabər döyüşlərdə torpaqlarımızın 20 faizini itirməyimizə baxmayaraq, ayağa qalxıb güc toplayan kimi sovet dönəmində istismara məruz qalan təbii sərvətlərimizin  qorumağa və mühafizə etməyə başladıq.  Yurduna qayıdan Ulu Öndər Heydər Əliyev islahatlara Naxçıvandan başlayaraq amansızlıqla talan edilən torpağı öz sahibinə, kəndliyə qaytardı. Erməni təcavüzünə məruz qalan Qarabağdakı meşələri yandıran, təbii sərvətləri  talan edən düşmənə qarşı bəyanatlar qəbul etdi. Həmin illərdə atılan addımlar müasir günümüzdəki xoş mənzərələri görməyimizə səbəb oldu.

Ətraf mühitin, torpağın  mühafizəsi baxımından təkcə ölkəmizin ayrılmaz hissəsi olan və kontinental iqlimə malik doğma yurdumuzda görülən işləri göz önünə gətirsək, necə böyük nailiyyətlər əldə etdiyimizi görərik. Çox yox, 30 il öncə yurdumuzun 70 il ərzində istismara məruz qalan, susuzluqdan parça-parça olan torpaqlarında Ulu Öndərin 90-cı illərdə apardığı islahatlar nəticəsində necə həyat verildiyinə nəzər salaq:

Qədirbilən naxçıvanlıların çoxu xatırlayır o çətin və şərəfli günləri...

 1990-1991-ci illər naxçıvanlıların yaddaşında çətin, lakin həm də şərəfli illər kimi qaldı. Zaman tarixin ən gözəl gününü – müstəqilliyimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvana gəlişini və ondan sonrakı möhtəşəm dəyişiklikləri görməyi bizə nəsib etdi. Ulu Tanrı xalqın dahi oğlunu ana torpağına məhz nicat üçün qaytardı. Onun gəlişi ilə Vətənimizin başı üzərində Günəş doğdu. Dahi rəhbərin Naxçıvana qayıtması düşmənlərimizi qorxuya saldı, naxçıvanlıların isə hədsiz sevincinə səbəb oldu. Ulu Öndərin gəlişi ilə yurdumuzda tənəzzüldən tərəqqiyə doğru tarixi mərhələnin əsası qoyuldu. Nəticəsi isə göz qabağındadır. Bu gün, necə deyərlər, ilanmələyən çöllərə çəkilən qapalı suvarma şəbəkələrinə, yuyulub əkin dövriyyəsinə qatılan torpaqlara, yaşıllıqlara, ucsuz-bucaqsız taxıl zəmilərində gecə-gündüz işləyən kombaynlara, susuz ərazilərdə açan çiçəklərə baxanda ötən illər ərzində nə qədər inkişafa nail olunduğu açıq-aşkar nəzərə çarpır. Yuxarıda qeyd etdiyim kimi, bütün bunlara o qədər də asan nail olunmayıb. Keçilən yola nəzər yetirdikdə, bugünkü xoş güzəranımızın məqsədyönlü tədbirlərin, böyük zəhmətin bəhrəsi olduğunu görərik.

Kənd təsərrüfatı sahəsində əldə edilən müsbət nəticələrə aparan ilk addım aqrar-torpaq islahatları ilə başladı. Məlumdur ki, sovetlər dönəmində mövcud olan asılı iqtisadiyyat sistemi birliyin dağılması ilə digər respublikalar kimi, Azərbaycanda da ağır iqtisadi böhran yaratdı. Bu böhrandan çıxmanın yeganə və düzgün yolu isə, ilk növbədə, aqrar-torpaq islahatları aparmaq idi. Həmin vaxt ölkəmizdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız insanlar bunu reallaşdırmaq fikrindən uzaq, kreslo davasında idilər. Elə həmin dövrdə Azərbaycanda torpaq islahatına ilk dəfə Naxçıvandan başlanıldı, özəl mülkiyyətə əsaslanan aqrar münasibətlər formalaşdı. Belə ki, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edildi. Həmin il Culfa rayonunun Şurud və Gal kəndlərindəki torpaqlar kəndlilərə verildi və beləliklə, uğurlu yolun ən əhəmiyyətli mərhələsinə başlanıldı. Bu məqamda onu da xatırladaq ki, dahi şəxsiyyət hələ ölkəmizə birinci rəhbərliyi dövründə Azərbaycanı keçmiş ittifaqın aqrar əlavəsindən kənd təsərrüfatının kompleks inkişaf etdiyi qabaqcıl respublikasına çevirmişdi. Həmin illərdə muxtar respublikamızda da böyük həcmdə meliorasiya işləri aparılmışdı. Bu gün əkinçiliyin inkişafında özünəməxsus rol oynayan Arpaçay dəryaçası da o illərin yadigarıdır.

Susuz çöllərdən sarı kəhrəba dənizinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır” tövsiyəsi bu gün muxtar respublikamızda real həyatda öz əksini tapıb. Əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş inkişaf strategiyasının muxtar respublikamızda uğurla davam etdirilməsi nəticəsində  son illərdə hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılıb.

Ötən illərlə müqayisə aparanda əldə edilən nəticələr daha aydın görünür. Məsələn, 2019-cu ildə cəmi əkin sahələri 62 min 970 hektar təşkil edib. 1990-ci illə müqayisədə əkin sahələri 34 min 637 hektar, yaxud 2,2 dəfə artıb. 2020-ci ilin əvvəlinə muxtar respublika üzrə suvarılan torpaq sahələri 62 min 231 hektara çatdırılıb ki, bu da kənd təsərrüfatına yararlı torpaq sahələrinin 35 faizini təşkil edir. Bu illər ərzində əkin dövriyyəsinə qatılan torpaqlar sırasında Günnüt zəfərindən sonra Sədərək rayonu ərazisində düşmən nəzarətindən azad olunmuş 73 hektar ərazinin minalardan və döyüş sursatlarından təmizlənərək əkin dövriyyəsinə daxil edilməsini xüsusi qeyd etmək lazımdır. Və qürurverici bir məqam da ondan ibarətdir ki, şanlı Vətən savaşında düşmənin azad edilən cənnət Qarabağımızın da torpaqları minalardan təmizlənərək əkin dövriyyəsinə qatılıb, mühafizə edilir. Və gələn aylarda Bakıda keçiriləcək COP29 həm də sülhə çağırış olacaq. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 04.07.2024 00:46