Prezident İlham Əliyev Dünya Azərbaycanlıların Həm...
21:20 30.12.2024
0
0
0
NAXÇIVAN :
30 Dekabr 2024, Bazar ertəsi
Dahi pedaqoq, şair Məhəmməd Tağı Sidqinin vəfatından 121 il ötür...
Naxçıvan şəhərindəki İmamzadə türbəsinin önündə elə bir şəxsiyyətin məzarı yerləşir ki, həmin məzar özündə böyük bir ədəbiyyat və maarifçilik ideyalarını gizlədir. Yol kənarında, bəlkə də, bir gündə minlərlə insanın yanından ötüb keçdiyi həmin məzar... Kimdir, böyük mənzum dram ustası Hüseyn Cavidin “böyük ustad və cəlallı atamız ”, böyük maarifçi Mirzə Cəlilin isə yaratdığı “Tərbiyə” məktəbini “Yeniyetmə və ədiblər üçün darülürfan” adlandırdığı Məhəmməd Tağı Sidqi?.. Naxçıvan ədəbi-bədii mühitində yeni tipli “Üsuli-cədid” məktəblərinin yaradılmasında danılmaz rolu olan Sidqi şəriət dərsləri ilə yanaşı, coğrafiya və digər dünyavi elmlərin də məktəblərdə tədris olunmasına səbəb olmuşdur. Məzara baxarkən Məhəmməd Tağı Sidqinin tarixi qaynaqlardan oxuduğumuz həyat yolu şimaldan cənuba insanın gözləri önündə canlanır... Ordubadda yerləşən söz məclisi “Əncümənü-şüəra”nın məclislərində iştirak edən Sidqi, daha sonra həmin məclisə bir müddət rəhbərlik etmiş, elə həmin məclis şairin sözə olan marağının daha da artaraq tanınmasında böyük rol oynamışdır. Şair gah Cənub şəhərləri olan Nişapur, Şiraz və Təbrizə səyahət etmiş, gah da ordubadlı tacirlərdən ticarətin sirlərinə yiyələnərək Ordubad ziyalılarının bir araya toplaşdığı çayxana açmışdır. Şairin oğlu, publisist Məmmədəli Sidqi Səfərov “Tərcümeyi-halım” adlı xatirə yazısında atasının açdığı çayxanadan söz açaraq yazırdı: “O zaman atamın çayçı dükanı Ordubad ziyalılarının yığıncaq yeri olurdu... Haman çayçı dükanında Sədi, Hafiz, Firdovsi, Nizami Gəncəvi kimi şairlərin şeirləri oxunur və təhlil olunurmuş. Eyni zamanda atam o zaman İrandan, Rusiyadan və Türkiyədən qəzetlər də alıb oxuyarmış... Bu qəzetlər çox zaman atamın həmməsləkləri arasında gizlində oxunarmış. Çünki avam camaat qəzet oxumağı böyük günah və qəzet oxuyanları kafir... hesab edirdi ” .
Maarifçilik yolunda müxtəlif nəsihətnamələri və digər tipli yazıları ilə yanaşı, təhsil yolunda da müxtəlif yeniliklər edərək iz qoymağı bacarmışdır. Məhəmməd Tağı Sidqi Azərbaycanda ilk miniatür tipli hekayənin banisi və ilk Azərbaycan dilində tədrisə sahib olan məktəblərdən biri, “Tərbiyə” məktəbinin yaradıcısıdır. Sidqinin həyat yolu haqqında danışmaqla kifayətlənmək qeyri-mümkündür. Mədrəsə təhsilindən yeni üsul məktəblərə uzanan bir yol... Bəzən onu Seyid Əzim Şirvani dövrünün davamı, Abdulla Şaiq və Süleyman Sani Axundov dövrünün başlanğıcı da adlandırırlar...
1884-cü ildə Ordubadda anadan olan, 1903-cü ildə indiki Kəngərli rayonunun Qarabağlar kəndində qəfildən dünyasını dəyişən şair Naxçıvan şəhərində İmamzadə türbəsinin qarşısında dəfn olunmuşdur.
Şairin adının əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində yerləşən Naxçıvan Dövlət Kukla Teatrına, Naxçıvan şəhər 4 nömrəli və Ordubad rayon 1 nömrəli tam orta məktəblərinə şairin adı verilmişdir...
Həyat, həqiqətən də, maraqlıdır... Gün ərzində yanından ötüb keçdiyimiz məzarlar, abidələr, daşlar və qayalar belə özündə bir tarixi birləşdirirmiş... Kim deyə bilər, bəlkə də, bu gün Naxçıvan ədəbi-bədii mühitində Məhəmməd Tağı Sidqinin adı olmasa idi, ədəbiyyatda və təhsildə olan yeniliklər bu gün olmayacaq, olsa da, çox gec olacaqdı...
Rafiq TƏHMƏZ
Digər xəbərlər