Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
2020-ci ildə Azərbaycan Ordusunun rəşadəti ilə torpaqlarımız işğaldan azad olundu və ötən il suverenliyimizin bərpası təmin edildi. Bu ilin əvvəlində qalib xalq zəfər seçkisində öz Müzəffər Sərkərdəsini səs çoxluğu ilə prezident seçdi. Sentyabrın birində keçirilən parlament seçkilərində isə xalq öz layiqli namizədlərinə səs verib millət vəkili kürsüsünə çıxardı. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisə seçkilər Azərbaycanın bütün ərazilərində keçirildi. Bütün bunlar igid Azərbaycan xalqının güclü iradəsi və birliyi sayəsində oldu. Bu qələbə dövlətimizin qarşısında yeni yollar, yeni üfüqlər açdı.
Yeddinci çağırış Milli Məclisin ilk iclasında ölkə başçısının deyiyi kimi: “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır”.
Bütün dünya bizə qarşı olsa da, biz xalq olaraq birləşib gücümüzü və haqlı olduğumuzu bütün dünyaya nümayiş etdirdik. Və dünya bunu qəbul etməyə məcbur oldu. Qətiyyətli mövqeyə sahib olan Azərbaycan Respublikası Prezidentinin tutarlı dəlillərlə çıxışları qarşısında dayana bilməyən düşmən siyasətçiləri geri addım atdı. Antiterror əməliyyatları isə ərazimizdə başqa bir dövlətin yaranmasına yol verilməyəcəyini sübuta yetirdi. Baxmayaraq ki, hazırda bizə qarşı əsassız ittihamlar, ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir, biz heç vaxt öz yolumuzdan dönməyəcəyik.
Öz çıxışında bir çox məqamlara toxunan dövlət başçısı ölkə qarşısında duran vəzifələrdən bir neçəsini də diqqətə çatdırdı. Bunlardan ən əsasının hərbi gücümüzün artırılması olduğunu vurğulayan ölkə başçısı qeyd etdi ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qalsa da, dünyada gedən proseslər, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə sövq edir. Prezident cənab İlham Əliyev deyib: “Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb”.
Vətənin başladığı yerin, sərhəddin qorunması hər bir dövlətin qarşısında dayanan ən mühüm vəzifədir. Ölkəmiz müstəqillik qazandığı illərdə düşmənin xain hücumu və səriştəsiz dövlət rəhbərləri ucbatından 20 faiz torpağını itirmişdi. 30 il işğalda qalan torpaqlarımız, nəhayət, 2020-ci ildə azad oldu. Diz çöküb təslim olan düşmən qanlı caynağını çəkəndən sonra sərhədlərimizin delimitasiyasına başlanıldı. Yeddinci çağırış Milli Məclisin ilk iclasında bu mövzuya da toxunan ölkə rəhbəri deyib: “Sərhədlərin mühafizəsi isə həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə təşkil edilir və edilməlidir. Ancaq biz hamımız bilməliyik ki, bu, çox böyük, genişmiqyaslı bir işdir.
Digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir və əminəm ki, Azərbaycan vətəndaşları da bu məsələyə anlayışla yanaşırlar. Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu, müəyyən çətinliklər yaradır. Ancaq bugünkü geosiyasi vəziyyət də hamının gözü qarşısındadır, daxili təhlükəsizliyi təmin etmək üçün bu, yeganə düzgün addımdır. Daxili təhlükəsizlik ilə bağlı bütün lazımi tədbirlər görülür. Təhdidlər də var – real və potensial. O təhdidlərin aradan qaldırılması üçün müvafiq qurumlar fəal işləyirlər. İctimaiyyət də lazım olan həcmdə bu məsələ ilə tanış olur, məlumatlar verilir. Ancaq bu sahə çox həssas olduğu üçün hesab edirəm, Azərbaycan vətəndaşları başa düşürlər ki, bu barədə çox şey danışmaq yersiz və zərərli olar”.
Sabitlik harada varsa, orada güc və əmin-amanlıq var deməkdir. Dünyada çox güclü və zəngin ölkələr var ki, onların bir çoxu daxili sabitliyi bərqərar edə bilmir. Dövlətin sərhədləri daxilində baş verən hadisələr zaman keçdikcə onu gücsüzləşdirir və məhv edir. Azərbaycan Respublikası yeni müstəqillik qazananda daxili çəkişmələr qeyri-sabit hadisələr baş versə də, xaos vəziyyəti Ulu Öndər hakimiyyətə gələnə kimi davam etdi. Dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində daxili sabitliyə nail ola bildik və Onun siyasi kursunun davam etdirilməsi ilə Vətənini sevən, irəli düşüncəli bir nəsil yetişdi. Bu gün Azərbaycandakı təhlükəsizlik, əmin-amanlıq, sabitlik dünyanın bir çox dövləti üçün nümunə sayılır. Nitqində bu mövzuya da toxunan Prezident cənab İlham Əliyevin “Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir. Bizim təhlükəsizliklə bağlı bütün digər tədbirlər lazımi səviyyədə təmin edilir. Azərbaycan güclü dövlətdir və ildən-ilə bizim gücümüz artmaqdadır” fikirləri bir daha sübut edir ki, bizim ölkədə sabitlik və əmin-amanlıq hökm sürür.
Tarixboyu Vətən sevdalı bir xalq olaraq tanınmışıq biz azərbaycanlılar. Öncə Vətən deyib bir ovuc torpağı qızıldan qiymətli bilmişik. İllərlə əsarətdə qalsaq da, nə dilimizi, nə də dinimizi dəyişməmişik. Dostu düşməndən ayırmağı da yaxşı bilib atalarımız. Övladlarımızı da Vətən sevgisi ilə böyütmüşük hər zaman. Milliliyimizi, mənəvi dəyərlərimizi hər zaman qorumuşuq. 70 illik rus əsarətində belə milli kimliyimizi saxlaya bilmişik. Azərbaycanlıyam kəlməsini hər zaman diktə etmişik gənclərə. 1990-cı ildə rus tanklarının qarşısına əliyalın çıxan, Vətən savaşında düşmən generalını əlləri ilə boğub susduran gəncləri görəndə şahid olduq necə Vətən sevdalı gənclər yetişdirdiyimizə. Vətənimizi qərib ölkələrdə təmsil edən gənclərin ağlı ilə düşməni diz çökdürdüyünü görəndə qürur duyduq gələcəyimiz olan gənclərlə. Ölkə başçısının çıxışında səsləndirdiyi “Mən üç gün bundan əvvəl Xankəndidə Qarabağ Universitetinin açılışında bunu demişəm, bir də demək istəyirəm. Məsələnin vacibliyi bunu diktə edir ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, – Allah bütün şəhidlərimizə rəhmət eləsin, – kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, – mən heç başqa amilləri demirəm, – separatçılığın kökü kəsildi Azərbaycanda – kim edə bilərdi?! Yəni öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır” fikirləri gənc nəsil üçün stimuldur.
Azərbaycan xalqı torpağını azad etdiyi kimi, onu qurub bərpa etməyi də bacarır. Vətən savaşının bitməsindən keçən 4 ildə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Şuşanın, Laçının, Xocalının, Zəngilanın xoş sədası hər yerə yayılır...
Böyük həcmli infrastruktur layihələri həyata keçirilir. Yollar, məktəblər, elektrik stansiyaları, xəstəxanalar, yaşayış binaları, mədəniyyət və təhsil obyektləri, turizm məkanları saymaqla bitməyən işlər görülür. Bərpa olunan məscidlərdən əzan səsi yüksəlir. Bütün bunların sadalamaqla bitməyəcəyini deyən dövlət başçısı bildirdi ki, Qarabağın dirçəldilməsi ən mühüm vəzifələrdən biridir ki, bu sahədə mühüm işlər görülür.
“Əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Çünki biz 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirmişik. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artmışdır. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır” deyərək çıxışına davam edən Prezident cənab İlham Əliyev sosialyönümlü siyasətin davam etdirilməsi üçün iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsinin əsas şərt olduğunu bildirdi: “Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır. O cümlədən böyük rəmzi məna daşıyan “İstisu” su zavodunun açılışı olmuşdur və artıq istisu yenə də bizim süfrəmizdədir. Bu, doğrudan da, həm böyük rəmzi məna daşıyır, həm də ki, tarixi ədalətin bərpasıdır”.
Tarix dövlətlər arasında bir çox müharibələrə şahidlik etmişdir. Azərbaycan xalqı da bir əsrdə bir neçə dəfə torpaqlarına hücüm edən qonşu dövlətlərlə qarşı-qarşıya gəlmişdir. Vətən savaşı Azərbaycan tarixinin ən şanlı səhifəsi olmaqla yanaşı, həm də gücünün nümayişi idi. 44 günlük zəfər yürüşünü qələbə ilə bitirən Azərbaycan düşməni sülhə çağırsa da, hələ ki tam nəticə əldə olunmayıb. Çıxışında bu mövzuya da toxunan dövlət başçısı deyib: “Yenə də bildirmək istəyirəm ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir”.
Müzəffər Ali Baş Komandan ermənilərə və onların havadarlarına da bildirib ki, “Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. Amma bunu unutmaq istəyirlər və unutdurmaq istəyirlər. Sanki bu işğal olmayıb. İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdırlar, Ermənistan ordusu darmadağın edilmişdir. Ermənistan kapitulyasiya aktını imzalayıb”.
Ulu Öndər hakimiyyətə gəldikdən sonrakı illərdə apardığı islahatlardan biri də xarici siyasət sahəsində görülən işlər idi. Məhz həmin islahatlardan sonra Azərbaycan haqq səsini dünyaya duyura bildi. Vətən müharibəsində qazanılan zəfər isə xalqımızı dünyanın dörd bir yanında tanıtdı. Xarici siyasətdə daha böyük bir sərbəstlik qazandıq. Ölkə başçısının dediyi kimi: “Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm, yəni asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq”. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev çıxışının sonunda Milli Məclisin bütün üzvlərinə uğurlar arzulayıb.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər