NAXÇIVAN :

30 Dekabr 2024, Bazar ertəsi

Ayaz İsmayılov: “Qəzalara səbəbiyyət yaradan iki əsas amil var: diqqətsizlik və sürət həddi”

...

Naxçıvanda son dövrlərdə baş verən avtomobil qəzaları say çoxluğuna, ciddi itkilərinə görə media gündəminin əsas mövzusuna çevrilib. Təəssüf hissi ilə demək olar ki, bəzi həftələrdə qəzasız gün tapılmaz tikə, müşkül məsələ təsiri bağışlayır. Sosial şəbəkələrdə böyük maraqla izlənilən, vaxtsız ölümlərə, acı talelərə yol açan bu bədbəxt hadisələrin baş vermə səbəblərinə hər kəs öz baxış bucağından aydınlıq gətirməyə çalışır, sosial şəbəkələrdə bəzən, sözün həqiqi mənasında, fikir qalmaqalı yaranır, rəy davası gedir. Kimisi qəzalarda sürücü naşılığını, bir başqası işıqlandırma sistemini, yol nişanlarını, digər şəxs keçidlərdən düzgün istifadə etməyən piyadaları qınaq hədəfinə çevirir. Əlqərəz, yol-nəqliyyat hadisələrinin çoxalmasından ictimaiyyət ciddi narahatlıq keçirir, necə deyərlər, gün ötdükcə daha da güclü həyəcan təbili çalınır...

Qəzaların baş vermə səbəbləri, qarşısının alınması məqsədilə görülən profilaktik tədbirlər və bu istiqamətdə digər məsələrlə bağlı suallarımızı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılova ünvanladıq.

Yol-nəqliyyat hadisələrinin baş verməsi 99 faiz sürücüdən asılıdır

Xoş gördük Ayaz müəllim. İstərdim, ilk olaraq son günlər cəmiyyətimizin bütün üzvlərini narahat edən, sosial şəbəkələrdə qızğın müzakirələr yaradan qəzaların artma səbəblərinə aydınlıq gətirək...

– Xoş gördük, əvvəlcə bu həssas mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Məsələ ilə bağlı onu deyə bilərəm ki, yol-nəqliyyat hadisələrinin baş verməsində əsas nüans insan amilidir. Fərqi yoxdur, sürücüdür və ya piyadadır. Nəticədə, insanların yol hərəkəti qaydalarını pozması nəticəsində nəqliyyat hadisələri baş verir. Yol-nəqliyyat hadisələri, ümumiyyətlə, bir sistemdir. Bu sistem SAYM adlanır: sürücü, avtomobil, yol, mühit. Yəni qəzada sürücünün, yolun, avtomobilin və digər amillərin rolu var. Amma hadisənin baş verməsi 99 faiz sürücüdən asılıdır. Yəni sürücülərin diqqətsizliyi, tələskənliyi yol-nəqliyyat hadisələrinə səbəb olur. Etiraf olunmalıdır ki, son vaxtlarda yol-nəqliyyat hadisələrinin sayında artım var. Bir neçə gün öncə Naxçıvan şəhərində zəncirvari qəza baş verdi. Səbəbi sadə qayda pozuntusu idi. Öndə gedən avtomobilin manevr qaydalarını pozması nəticəsində iki avtomobil toqquşmuşdu. Onlardan arxada gələn digər nəqliyyat vasitəsinin sürücüsü özünü itirmiş və hərəkət zolağında dayanmış nəqliyyat vasitələrini vurmuşdur. Ümumiyyətlə, nəqliyyat hadisələrinin hamısında iki əsas amil nəzər çarpır: diqqətsizlik və sürət həddi. Naxçıvan şəhərində sürət həddi 50 kilometr-saat müəyyənləşib. Amma hadisələr zamanı avtomobillərin deformasiyasına baxanda sürətin çox olduğunu görürük. Sürət nə qədər yüksək olarsa, yol-nəqliyyat hadisələrinin baş vermə riski artır və eyni zamanda ağırlıq dərəcəsi də çoxalır. Ona görə də sürücülər sükan arxasında əyləşən zaman fikirləşməlidirlər ki, onların səhv qərarı, diqqətsizliyi özləri ilə bərabər digər insanların həyatına da ciddi təhlükə yaradır...

Uzun illər bu sahədə çalışan biri kimi qəzaların baş vermə ehtimalının azaldılmasını nədə görürsünüz? Bu barədə sürücülərə, piyadalara tövsiyələriniz maraqlıdır...

Öncə onu deyim ki, ölkəmizin digər bölgələri ilə müqayisədə Naxçıvanda yol-nəqliyyat hadisələrinin sayı əhalinin sayına nisbətdə azdır. Ancaq biz bu nisbəti daha da aşağı salmaq istəyirik. Bu məsələdə dövlət yol polisinin əməkdaşları ilə birgə əhali də öz üzərinə düşən vəzifələrə düzgün əməl etməlidir. İstər piyadalar, istərsə də sürücülər. Mən bu məsələdə ən çox iradı piyadalara bildirirəm. Çünki onlar piyada keçidlərindən istifadə etmir. Hətta tənbəllik edib qırmızı işıqdan da keçənlər vardır. Qırmızı işıq dünyanın hər yerində hərəkəti qadağan edir. Əgər bir piyada işıqforun qırmızı işığında hərəkət edirsə, polis onun təhlükəsizliyinə heç cür təminat verə bilməz. Başqa sözlə, hadisələrin qarşısını almaq üçün, ilk növbədə, özümüzü, hərəkətlərimizi tərbiyələndirməliyik. Bunu digər ənənəvi davranışlarımız kimi gündəlik həyat tərzimizə çevirib, vərdiş halına gətirməliyik. Nümunəvi yol mədəniyyəti yaratmalıyıq. Düzdür, mən bütün hərəkət iştirakçılarını ittiham edə bilmərəm. Müşahidələrim də göstərir ki muxtar respublika ərazisində kifayət qədər  yol hərəkəti qaydalarına əməl edən piyadalarımız, sürücülərimiz və digər yol hərəkəti iştirakçılarımız vardır. Ancaq bununla yanaşı, əməl etməyənlər də kifayət qədərdir. “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsində (yol hərəkəti iştirakçılarının vəzifəsi bölməsində) deyilir ki, hər bir yol hərəkəti iştirakçısı yol hərəkəti qaydalarına əməl etməlidir. Və bunu digərlərindən də tələb etməyi bacarmalıdır. Misal olaraq, 3 dost yoldan keçir, ikisi piyada keçidindən istifadə edir, biri isə yox. Həmin iki piyada digərinə təsir etməlidir ki, gələn dəfə eyni hal təkrarlanmasın. Bununla da yol-nəqliyyat hadisələrinin də baş vermə riskini azaltmış olarıq...

Yaxın vaxtlarda Naxçıvan şəhərində yeni işıqforlar quraşdırılacaq

Düzdür, muxtar respublikanın bütün ərazilərində müxtəliftipli qəzalar baş verir. Ancaq təbii olaraq əhalinin, avtomobillərin sıx hərəkət etdiyi Naxçıvan şəhərində yol- nəqliyyat hadisələri daha çox müşahidə olunur. Bu baxımdan şəhərdə sürücülərin, piyadaların daha diqqətlə, ehtiyatla davranmalı ərazilər hansılardır?

Bu gün avtomobillərin, piyadaların hərəkəti baxımından Naxçıvan şəhərindəki ən sıx ərazilər Əziz Əliyev, Nizami, Cəlil Məmmədquluzadə, İstiqlal küçələri, dördyol Naxçıvan Dövlət Universiteti istiqaməti və Heydər Əliyev prospektidir. Həmin ərazilər həm zolaqların sayına, həm də şəhərin əsas əlaqələndirilmiş ünvanları olduğuna görə, xüsusilə günün pik vaxtlarında, yəni səhər saat 8-9, günorta 1-2 və insanların işdən çıxdıqları 6-7 aralıqlarında diqqətli olmaq gərəkdir. Bu saatlarda yollar daha çox yüklənir. Avtomobillərin sayında sıxlıq olur. Bu sıxlığın aradan qaldırılması üçün Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə müvafiq addımlar atırıq. Yeni yol nişanları sifariş vermişik. Məlumat üçün bildirim ki, yaxın vaxtlarda şəhərdə yeni işıqforlarımız quraşdırılacaq. Bəzi işıqforlarda artıq 3 fazalı keçidlərə keçməyi planlaşdırırıq ki, bu tıxacların qarşısını alacaq.

Əvvəllər yol-nəqliyyat hadisələri ən çox rayonlararası yollarda baş verirdisə, son zamanlar bunun əksinin şahidi oluruq. Qəzalar daha çox yaşayış məntəqələri daxilində, yol ayrıclarında müşahidə olunur. Yol ayrıcları həm nizamlanan, həm də nizamlanmayandırlar. Naxçıvan şəhərində 21 yerdə, yəni 21 yol ayrıcında işıqfor obyektləri fəaliyyət göstərir. Qalan yolayrıcları isə nizamlanmayan statusundadır. Yəni həmin ərazilərdə yol nişanlarına uyğun hərəkət edilməlidir...

Yol hərəkəti qaydalarına kiməsə və nəyəsə xatir əməl edən sürücülər vardır

Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin tənzimlənməsi, yol mədəniyyətinin formalaşdırılması istiqamətində hansı profilaktik tədbirlər həyata keçirir?

Dövlət Yol Polisi olaraq hər ay təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikanın bütün ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə, o cümlədən sərxoş, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan sürücülərə qarşı, ötmə, manevr qaydalarının pozulması, nasaz avtomobillərdən istifadəyə dair və digər səbəblərdən hərəkət təhlükəsizliyinin təmin edilməsi üçün reyd planları tərtib olunur. Hər ay mütəmadi şəkildə ekipajlar ayrılır, reydin keçirilmə tarixi əvvəlcədən müəyyən olunur. İstər rayonlararası yollarda, o cümlədən də Naxçıvan şəhərində reyd yoxlamasını həyata keçiririk. Əsas məqsədimiz yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Paradoksal haldır ki, hələ də yol hərəkəti qaydalarına kiməsə və nəyəsə xatir əməl edən sürücülərimiz vardır. Hələ də belə bir fikir formalaşır ki, yolda polis yoxdursa, biz möhkəm sürə bilərik. Yolda polis yoxdursa, sükan arxasına içkili əyləşib sürə, yaxud da qoşa xətdən dönə bilərik və sair. Bayaq vərdiş halından danışdım. Bu baxımdan istəyirik ki, cəmiyyətimiz yolda polisin olub-olmamasından asılı olmayaraq, yol hərəkəti qaydalarına ciddi əməl etsinlər.

Son olaraq ictimaiyyətə, yol hərəkəti iştirakçılarına qayda pozuntuları ilə qarşılaşdıqları zaman hansı addımları atmağı tövsiyə edərdiniz?

Yəqin ki, vətəndaşlarımızın əksəriyyəti məlumatlıdır. Bilməyənlər üçün deyim ki, Dövlət Yol Polisi İdarəsinin qaynar xətti fəaliyyət göstərir. “Whatsapp” nömrəsi də aktivdir. Hər hansı sual, şikayət yaranarsa, 060-500-09-02 nömrəsi ilə əlaqə saxlamaq olar. Qaynar xətti yaratmaqda əsas məqsədimiz sürücülər və digər hərəkət iştirakçılarına bir daha çatdırmaqdır ki,  onlara təkcə yol polisi, şəhər kameraları deyil, eyni zamanda ictimaiyyət də nəzarət edir. Yolda kimsə qaydanı pozub, qoşa xətdən dönərsə, onun videosunu, fotosunu çəkib, yaxud da ətrafda kameralar varsa, yerini, saatını qaynar xəttə bildirə bilərlər. Biz də daxil olan məlumatlar əsasında həmin sürücünü qanunla inzibati qaydada məsuliyyətə cəlb edəcəyik. Və ən əsası məlumat verən şəxsin kimliyi gizlin saxlanılacaq. Bayaq da qeyd etdiyim kimi, “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsində başqasından da bu qanuna tabe olmağı tələb etmək təsbit olunub...

Təbii ki, yol-nəqliyyat hadisələrinin qarşısını tamamilə almaq mümkün deyil. Harada ki, cəmiyyət, avtomobil var, belə hadisələrin baş verməsi labüddür və olacaq. Lakin qəza sayının minimuma endirilməsi mümkündür. Ona görə də sürücülərdən və piyadalardan tələbimiz, xahişimiz ondan ibarətdir ki, yola çıxanda təkcə özlərini fikirləşməsinlər. Düşünsünlər ki, mənim yolumu gözləyənlər, ailəm var, səhv hərəkətim digər insanların da həyatına təhlükə yaradır. Öz davranışlarımızı düzgün tərbiyə etsək, bu fikirlərlə yola çıxsaq, muxtar respublika ərazisində yol-nəqliyyat hadisələri baş verməz.

  • Suallarımızı ətraflı cavablandırdığınız üçün təşəkkür edirik!

Nail ƏSGƏROV

 

Nəşr edilib : 02.12.2024 14:56