NAXÇIVAN :

28 Noyabr 2024, Cümə axşamı

Araz nəfəsli şair

...

XX əsr Naxçıvan ədəbi mühitinin tanınmış və məhsuldar nümayəndələrindən biri Hüseyn Razi ziyalılar yurdu Ordubad rayonunun Dəstə kəndində dünyaya göz açıb. Mərkəzdən ucqarda bədii yaradıcılıqla məşğul olmağın, ədəbi mühitdə özünə yer tapmağın çətinlikləri bəlli olsa da, Hüseyn Razinin qəlbən Naxçıvana bağlılığı ona buradan uzaqlaşmağa imkan verməyib. O, Naxçıvanda yaşaya-yaşaya Azərbaycan ədəbi mühitində çox yaxşı tanınıb, sevilib, əsərləri ölkəmizin və digər ölkələrin yaradıcı şəxsiyyətləri tərəfindən çox yüksək qiymətləndirilib. Hüseyn Razinin çoxşaxəli yaradıcılığı Naxçıvan ədəbi mühitində yetişən şairlər üzərində də dərin izlər buraxıb, burada yetişən gənc nəsil onun yüksək poetik tutumu, sənətkarlıq xüsusiyyətləri ilə seçilən əsərlərindən təsirlənib.

Şübhəsiz, Hüseyn Razinin doğulub boya-başa çatdığı, yazıb-yaratdığı bu mühit onun bir sənətkar kimi formalaşmasında mühüm rol oynayıb. Naxçıvanın füsunkar təbiəti, qeyri-adi istedada malik insanları onun üçün ilham qaynağına çevrilib. Özünün bu mühit haqqında dedikləri də bunu təsdiqləyir: “İlləri xatırladıqca qəlbimin güzgüsündə ömrümün xəritəsi canlanır. Ona baxa-baxa qartallı dağların yaxasına sığınmış Ordubad, sahil üstə fikirli dayanmış Dəstə kəndi, bağ-bağatlı yamaclar, hər qarışında bir şəfa bulağı çağlayan təpələr, düzlər, nəğməli-bayatılı Arazın düşüncəli görkəmi xəyalımda aşkarlanır. Bu sahillər mənim ilk seyrəngahım, beşiyim, duyğu və düşüncələrimin bələdçisi, nisgil və həyəcanlarımın yazılmamış xatirə dəftəridir”. Əsl şair təxəyyülünün məhsulu olan bu təsvir onun doğma yurd yerinə olan heyranlığının poetik təzahürüdür: 

Dünya desə də, Razi, böyük çaylara tərif,
Car çək, mənim xan Arazım, xan Arazım var.

“Elə bir yerdə məskən salmışam ki, Arazın sahilləri boyunca Babəkin, Atabəylərin, Səfəvilərin ayaq izlərini saxlamış qranit sədlər, qala bürcləri kimi görünən silsilələr, İlanlı dağının göylərə ucalan zirvəsi, Dədə Ələsgərin, Qaçaq Nəbinin, Həcərin dolaşdığı Batabat, Salvartı yaylaqları, Arpaçay dəryaçası gözlərimin önündədir. Böyük Mirzə Cəlilin düşüncəli heykəli ilə hər gün üzləşirəm. Hüseyn Cavidin məzarı evimlə yanaşıdır. Hər gün sübh çağı Möminə xatın məqbərəsinə düşən işıqlar eyvanımın güzgüsündə titrəyir...”, – deyən Hüseyn Razi yaradıcılığında Araz mövzusu aparıcı rola malikdir. O Araz ki bir xalqı iki yerə bölən bu çayın adı ayrılığın, kədərin rəmzinə çevrilmişdir. Böyük tarixi hadisələrə şahidlik edən, lakin həmin tarixi hadisələrin yaşanmasında heç bir günahı olmayan Araz torpaqlarımızın bölünməsinin sanki günahkarı elan edildi. Şair Araz çayını vəsf etdiyi şeirlərinin birində yazır:

Köksündəki dağlar dayanıbdır necə məğrur,
Lakin Arazın qəlbi yetimdir, nigarandır.
Köksündə qopan zəlzələlər, güclü küləklər,
Sellər bu yerin qəlbinə hopmuş həyəcandır.

Bu zəlzələlər, küləklər nəticəsində dilimizdə o vaxta qədər mövcud olmayan “Arazın o tayı”, “Arazın bu tayı” ifadələri yarandı. Və beləliklə də, o tay, bu tayı yaradanların bütün günahları günahsız Arazın boynunda qaldı. Haqqında yazılanlar kimi: “Sərhədə dönən, arada qalan, hər iki tərəf üçün toxunulmaz olan çaylar bir deyil, iki deyil. Lakin yad xalqlar arasında təbii səddə dönməklə bir xalqın köksünü parçalayıb keçməyi eyniləşdirmək olmaz! Azərbaycanın şah damarlarından biri, min illərlə bütöv bir xalqın sevinc və bərəkət mənbəyi olmuş çay indi sərhəddir, ayrılıqdır, göz yaşıdır...” Bədxahların cızdığı Azərbaycan xəritəsində o sakit, dilsiz-ağızsız Araz torpaqların köksünə sancılmış qılınca döndü, suyu bulanıqlaşdı, lilləndi. Halbuki X əsr ərəb coğrafiyaşünası İbn Havrəl Araz barədə yazırdı: “Araz çayının suyu şirin, ləzzətli və yüngüldür”. O zamandan bəri Araz Azərbaycan ədəbiyyatının əsas mövzularından, burada yaranan bədii nümunələrin əsas obrazlarından birinə çevrildi. Ona görə Hüseyn Razi kimi vətənpərvər, yaşadığı yerin təbiətinə aşiq olan şairin də bu mövzuya müraciət etməsi təəccüblü deyildi. Onun “Xan Araz” şeiri və “Araz üstündə” qəzəli birbaşa Araz çayına yazılıb:

    Hər il bu yerlərə bahar gələndə,
    Sən odlu bəstəkar olursan, Araz.
    Xan Araz,
    Coşub dalğalan, Araz,
    Can, Araz.

Araza müraciətlə yazılan şeirdə şair yazda təbiətdə baş verənlərin təsiri ilə Arazın da bu torpaqdan ilham alaraq suyunun çoxaldığını, bulandığını təsvir edərək onu şirin nəğmələr çalan odlu bəstəkara bənzədir. Vaxtilə Xalq yazıçısı Mirzə İbrahimov deyirdi: “Hüseyn Razi hər yerdə varlığa münasibəti, poetik duyğuları haqqında izahat vermir. Bu münasibəti, bu hissiyyatı bədii sözlə canlandırmağa çalışır. Yəni o, çiçəyi görəndə oxuyur, daha “Dayanın, bir baxın görün mən necə oxuyacağam?” – demir. Hüseyn Razinin şeirində bu səmimiyyət lirik qəhrəmanına daxili bir məhəbbət və inam oyadır”. Şairin Araza həsr olunmuş digər şeiri isə qəzəl janrında yazılmışdır. Ümumiyyətlə, Hüseyn Razi yaradıcılığında bəzən klassik ədəbiyyat ənənələrinə uyğun olaraq bu janra müraciəti az deyil. “Araz üstündə” qəzəli də bunlardan biridir: 

    Onun üstündə “Segah”, “Dəşti”, “Qatar” vəcdə gəlir,
    Anamın laylası tək xoş ləpələr  nəğməsi var.
    Burda Babək, Səfəvilər vətən  uğrunda ölüb,
    Eldəgizlər beşiyi, Çənlibel əfsanəsi var.
    Yeri düşdükcə ona tənəli sözlər demişik,
    Razi, bir gün deyəcəklər Arazın müjdəsi var. 

Hüseyn Razi əsərlərinin mövzusu birbaşa həyatdan götürülmüşdür. Ona görə də burada Araz çayının adı şərti xarakter daşımır, konkret obyekt bildirir və üslubi çalar daşıyır. Şair Araz mövzusuna poema yaradıcılığında da müraciət etmiş və 1975-76-cı illərdə qələmə aldığı “Sahil həsrəti” poemasını 1971-1975-ci illərdə tikilmiş Araz Su Elektrik Stansiyasının inşaatçılarına həsr etmişdir. Müəllif parçalanmış Azərbaycanın arasında qalan Arazın vəziyyətini ürək yanğısı ilə dilə gətirərək yazır:

       Nə üçün BMT gündəliyində
    Mənim tələblərim qoyulmamışdır?!
    Bizim yurdumuzu bir çox ölkələr,
    Hələ bütöv bilir, qəribə işdir.
    Yüz çay çalxalanıb indiyə qədər,
    Arazdan bir kəlmə deyilməmişdir.

Söhbətimizin əvvəlində də diqqətə çatdırdıq ki, Araz mövzusu Hüseyn Razi yaradıcılığında özünəməxsus yer tutur. Təsadüfi deyil ki, Xalq şairi Məmməd Araz onu “Araz təbli şair dostum” adlandıraraq deyirdi:

        Ey dostum Razi,
        Gətir şeirimizə,
        Gətir Arazı...

Və doğrudan da, Hüseyn Razi Arazı şeirimizə çox böyük uğurla gətirmiş, onun möhtəşəm poetik obrazını yaratmışdır. Şair Arazın dalğın, bulanıq, qan tacı, nigaran olduğunu vurğulayaraq onun tarixin qanlı hadisələrinə şahidliyinə işarə etməklə birlikdə “Duymaq üçün axşamların sükutunu, lallığını, çıx Arazın sahilinə”, – deyərək buranın insanlarının ona bağlılığını da poetikləşdirir. Şair öz xatirələrində Arazla bağlı hiss və duyğularını belə ifadə edir: “İndi də Arazın sahilinə çıxanda xışla yer şumlayan, taxıl əkən, xırmana, dəyirmana tələsən, çörək üçün min bir zəhmətə qatlaşan, gənclik arzuları qönçələnmiş, sinələri hərbin alovlarına gərilən yaşıdlarımın məğrur səsini eşidirəm. Buna görə də bir çox yazılarımda o illərdən titrək pıçıltılar, Arazdan kövrək nidalar var”.
Hüseyn Raziyə görə, Araz təkcə bir coğrafi obyekt deyil, eyni zamanda xalqımızın keşməkeşli tarixini özündə yaşadan bir obrazdır. Onun təbiəti də insan təbiəti kimi haldan-hala düşə, dəyişə bilir. Gah coşub-daşır, gah da sakit, səssiz-səmirsiz axır. Kövrək Arazı vəsf edərkən sanki şairin misraları da kövrəkləşir. Lakin şair Arazı torpaqlarımız ikiyə bölən bir çay kimi yox, Azərbaycanın birliyinin simvolu, hər iki sahili birləşdirən bir körpü kimi qiymətləndirir. İlin ayrı-ayrı fəsillərində suları bozarıb çalxalanan Arazın bu yerin insanlarına şirin nəğmə çaldığını poetik bir şəkildə oxucusuna çatdırır. Şairin Araz sevgisi onun Vətənə olan məhəbbətinin, buranın təbiət gözəlliklərinə olan heyranlığının təzahürüdür. Hüseyn Razi bu gözəllikləri çox sadə, anlaşılan, poetik bir dillə oxucularına çatdıraraq bir daha Arazı sevdirir. Bu mövzulu şeirlər onun geniş dünyagörüşü və aydın müşahidə qabiliyyətinin poetik düşüncələrə çevrilmiş ən yaxşı nümunələridir.

    Nuray ƏLİYEVA
filologiya elmləri doktoru

 

Nəşr edilib : 17.10.2024 00:01