Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb,...
18:29 28.04.2025
0
0
0
NAXÇIVAN :
28 Aprel 2025, Bazar ertəsi
1923-cü il aprelin 28-də Şahtaxtı kəndində görkəmli dövlət xadimi Azərbaycan səhiyyəsinin qurucusu və təşkilatçısı olan Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 102 ili tamam olur.
Belə bir ziyalı ailəsində böyüyən Zərifə xanım da gənc yaşlarından elmə, insanlara xidmətə və vətənə sevgi ruhunda tərbiyə almışdır. O, dövrün ən görkəmli həkimlər ailəsinin ocağında böyüyüb boya-başa çatmış, həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir.
Akademik Zərifə Əziz qızı Əliyeva İkinci Dünya müharibəsinin davam etdiyi 1942-ci ildə orta məktəbi qurtardıqdan sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1947-ci ildə institutu əla qiymətlərlə bitirən Zərifə xanım göz həkimi olmaq arzusu ilə Moskvaya getmiş, orada iki il Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya elminin incəliklərinə dərindən yiyələnmək məqsədilə ixtisaslaşma kursu keçmişdir. Zərifə xanım ixtisaslaşma kursunu müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıtmış 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəliyyətə başlamışdır. 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlarını davam etdirir. 1960-1967-ci illərdə Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona Oftalmologiya ixtisası üzrə böyük elmi işçi adı vermişdir.
Zərifə xanım Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını qarış-qarış gəzir, əhali arasında məqsədyönlü söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi haqqında həkim-oftalmoloqlara məruzələr oxuyur, əməli Tədbirlər Planını inamla həyata keçirirdi. Ağır sənaye işində çalışan minlərlə fəhləni göz xəstəliyinin-traxomanın pəncəsindən qurtarıb, onlara nur bəxş etmişdir.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür. O, həmin mükafata layiq görülən ilk alim qadın idi.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasınıin akademiki seçilmişdir. Akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksəksəviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlərə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdü.
Akademik Zərifə xanım Əliyeva müasir Azərbaycan oftalmologiya elminin zirvəsində duran tədqiqatçılardan idi. Akademik Zərifə xanım Əliyeva vətənini, xalqını, bütün insanları dərin məhəbbətlə sevmiş, peşəsinin vurğunu olmuşdur. Onun sinəsində Vətən övladlarını qorumağa, Vətənin keşiyini çəkməyə hər zaman hazır olan ləyaqətli qadın, müqəddəs bir ana, möhtəşəm bir alim ürəyi döyünürdü.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ömür-gün yoldaşı Zərifə xanım haqqında deyirdi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə demişdir: “Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir”.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Bütün ömrünü insanlara xidmət işinə sərf etmiş bu böyük insanın – görkəmli alim, böyük və xeyirxah insan, qayğıkeş ananın hər il doğum günündə xatırlanması, bir sözlə, onun adının qədirbilən xalqımızın yaddaşında əbədi həkk olunması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Sevil HACIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər