Dağ ucalığında zəhmət
Burada üç növ kələm yetişdirilir, kartofu isə bazarlarda
özünəməxsus dadı ilə seçilir
Yolumuz Ordubada sarıdır. Azərbaycanın incisi, Göygölünün bənzərsiz gözəlliyi, Gəlinqaya əfsanəsi, qırxpilləli kəhrizləri, qədim sənət növlərini özündə birləşdirən tarixi məscidləri, torpağının yetişdirdiyi dadlı təamları – limonu, əriyi, güştüsü ilə dünyaya səs salan Ordubada… Payızın dəyişkən hava şəraiti yol uzandıqca bizi düşündürür: görəsən, yağış yağmayacaq ki? Magistral yoldan sola dönüb Pəzməri kəndi istiqamətində irəliləyirik. Kəndləri bir-bir geridə qoyuruq. Payız özü ilə bərabər ruzi-bərəkət gətirir. Kəndli zəhmətinin barını yığır. Yolboyu cəviz çırpan, lobya, kartof yığan insanlarla rastlaşırıq. “Bərəkətli olsun!” – deyirik.
Bir anlıq düşünürük: bu zəhmətkeş insanlar olmasa, qollarını çırmalayıb “torpağın bağrını” yararaq çeşid-çeşid məhsullar becərməsələr, Naxçıvan bazarı öz şöhrətini qoruyub saxlaya bilərmi? Bu gün Bakıda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan naxçıvanlılar yenə də bu nemətlərdən faydalanırlar. Sağlam qida bərəkətli torpaqların bəxşişi, zəhmətkeş insanların əməyinin bəhrəsidir. Bu gün Bakıya, xarici bazarlara yol açan Ordubad əriyi, cəvizi, mürəbbələri, meyvə quruları, məşhur limonu həm də ən dəyərli sovqat sayılır.
Yol yoldaşımız, təsərrüfatçı Ayaz Abdullayev deyir ki, rayonun iqlimi, suyu və torpağı burada bağçılığın inkişafı üçün mühüm rol oynayır: – Ordubad bağlarının şöhrətini illərlə qoruyub saxlayan ata-babalarımızın yolu ilə indi biz gedirik. Çalışırıq ki, bu yolda yeni cığırlar da açaq. Bu il püstə bağı salmağı planlaşdırırıq. Düşünürəm ki, sadaladığım amillər bu sahədə də məhsuldarlığa nail olacağımıza əsas yaradır.
Avtomobilimiz Pəzməri kəndinin çıxışında dayanır. Bundan o tərəf artıq dağlıq ərazidir. Dolanbac yolla bizi gedəcəyimiz ünvana çatdırmağı Pəzməri kənd sakini Mətləb Novruzluya etibar edirik. Niva markalı avtomobili ilə bizi Zəy dərəsi boyunca aparır. Deyir ki, bu dərədə zəy çox olduğuna görə belə adlandırılıb. Nəinki zəy, yolboyu bizi təbiətin bu yerlərə bəxşişi olan yemişan, zirinc, həmərsin və bəlkə də, adlarını bilmədiyimiz, min bir dərdə dava bitkilər müşayiət edir. Nəhayət, ünvana yetişirik. Abdullayevlər ailəsinə məxsus Zərinc adlanan ərazidə kartof, kələm və digər tərəvəz bitkiləri yetişdirilir. Sahibkar Bulud Abdullayev deyir ki, sakini olduqları Üstüpü kəndində əkin sahəsi az olduğuna görə qardaşı Ayazla birlikdə təsərrüfatı burada qurmağı planlaşdırıblar.
Sanki göylə yerin tən ortasındayıq. Əlini atsan, dağlara, buludlara çatacaq qədər yaxınıq. Hava çox soyuqdur. Uzaqda olan qışın sazağı burada iliyimizə işləyəcək qədər yaxındır. Amma göz işlədikcə uzanan səliqəli əkin sahələri, kartof çıxaran, kisələrə dolduran zəhmətkeş insanların torpaqla mehriban ünsiyyəti qəlbimizi isidir. Bel hər dəfə torpağa işlədikcə onun altından üstünə tökülən irili-xırdalı kartoflar saf görünüşü ilə artıq dadını bəlli edir. Təsərrüfatda çalışan Fazil Salmanov deyir ki, buranın torpağı bərəkətlidir: “Dədə-babadan bu yerlər əkilib. Əvvəllər daha çox arpa, buğda əkilərdi. Bir müddət istifadəsiz qaldı. 2007-ci ildən yenidən buraları abadlaşdırdıq, əraziyə su çəkdik. Yaşım çox olsa da, torpaqda çalışmaq məni xoşbəxt edir. Həm məşğulluğum təmin olunur, həm sevdiyim işlə məşğul oluram. Bu da sağlamlığıma müsbət təsir göstərir”.
Bulud Abdullayevlə birgə ərazini gəzirik. Deyir ki, əvvəl dövlət idarəsində işləyib. Təqaüdə çıxandan sonra təsərrüfatı genişləndirmək qərarına gəlib: “Həm özüm qazanım, həm bazar qazansın, həm də kənd adamlarının məşğulluğuna faydam olsun”. İki hektar yarım sahədə əsas əkin kartof və kələm olsa da, burada lobya, xiyar, pomidor və sarıçiçək də yetişdirilib. Əkin haqqında şövqlə bəhs edən 44 yaşlı Bulud alma kimi iri, saf pomidor salxımlarından birini göstərir: “Torpaq heç vaxt əmək sərf edəni peşman etməz. İnsanın ən yaxın dostudur. Keçən illə müqayisədə bu il əkin sahəsini daha da genişləndirmişik. Buradan 4 kilometr məsafədə, Xəlilyurdunda da 1 hektar sahəni becərmişik. Torpaq səxavətlidir, ona sığal çəkəni hər zaman sevindirər. Naxçıvanda ənənəvi olan ağ kələmlə yanaşı, biz burada qırmızı və gül kələmi də yetişdirmişik”.
Söhbətinin bu yerində kələm sahəsinə keçirik. Gül kələmin birini dərib bizə göstərir və söhbətinə davam edir: “Baxın, necə keyfiyyətli məhsul yetişib. Daha sonra qırmızı kələm sahəsinə keçirik. Kələmlər bükdükcə kəsilir, yığılır, Ordubad və Naxçıvan bazarlarına göndərilir. Bu kələm növləri, əsasən, Türkiyədən idxal olunur. Təcrübəli və zəhmətkeş təsərrüfatçıların daimi müşahidəsi, öyrənmək həvəsi artıq bu tərəvəzlərin digər növlərinin də yerli torpaqlarda yetişdirilməsinə imkan verib. Beləliklə, alıcıların tələbatı daha keyfiyyətli və münasib qiymətə yerli məhsulla ödənilir”.
Məhsuldar toxum sortlarına üstünlük verən sahibkar bildirir ki, hər il növbəli əkin həyata keçirilir: “Ağ kələmin “Aqressor” sortuna üstünlük veririk. Bu sort daha məhsuldardır. Şitili əkdikdən 115-120 gün sonra ağ kələm yetişir. Müvafiq temperaturda beş aya qədər saxlamaq mümkündür. Hazırda bazarlara kəndlərdə yetişdirilən kələm çıxarılır. Burada isə məhsulun yetişməsinə, təxminən, 10 gün qalıb. Məhsulları çeşidlədikdən sonra anbarlara yığır və topdan satışını həyata keçiririk. Bu il sahələrdən 120-150 ton aralığında məhsul gözlənilir. Ötən illə müqayisədə məhsuldarlıq artıb”.
Bu dəmdə yağış başlayır. Hamı sahənin ortasında tikilmiş kiçik dama yığışır. Ocaqda qaynayan çaya və kartofa dəvət edirlər. Çöldə atmosfer bir başqa, içəridə bir başqa… Torpağın özü qədər saf, güclü olan zəhmətkeş insanlarla bir masa ətrafında şirin söhbətlərə dalırıq. Soyuq artıq bizə əsər etmir. Səhər saatlarından işləsələr də, enerjiləri tükənməyən adamların gözü çöldədir. Yağışın kəsməsini gözləyirlər.
Öyrənirik ki, işçilər rayonun Unus və Pəzməri kəndlərindəndirlər. Mayın əvvəlində əkinə başlanılan təsərrüfatda 15-20 nəfərlik işçi arasında Babək rayonunun Cəhri qəsəbəsindən gəlib işləyənlər də olur. Yığım oktyabrın sonlarında yekunlaşır. Lakin təsərrüfatçının qayğıları bununla bitmir. Növbəti il üçün torpağı əkinə hazırlayır.
Bərəkətli olsun, əkinçi qardaş! Süfrəmiz hər zaman yerli məhsullarla bəzənsin. Sağlam qida sağlam gələcək deməkdir. Sağlam gələcəyin keşiyində isə torpağı boş qoymayan zəhmət adamları dayanır. Havanın üzü dönüb, dağlar dumana bürünür. Hamıyla sağollaşırıq. Ayağımızı torpaqdan üzərək maşına əyləşirik. Maşının şüşəsindən sanki zəhmətkeş insanlara sipər, onlarla qol-boyun olmuş dağlara boylanıram. Məmməd Arazın o məşhur misralarını maşındakı adamların eşitməyəcəyi səslə pıçıldayıram: “Duman salamat qal, dağ salamat qal…”
Ruhiyyə RƏSULOVA