NAXÇIVAN :

15 May 2025, Cümə axşamı

Ailə çırağınız daim yanar olsun!

...

65 ilin işığında

“Ailə” elə bir məfhumdur ki, özündə sevgi, hörmət, inam, etibar, vəfa kimi ülvi hissləri ehtiva edir. Ailəni fırtınalı dənizdə gəmiyə də bənzətmək olar. Sükanı etibarlı əllərdə olarsa, o, fırtınadan sağ qurtulacaqdır. Bu etibarın bir tərəfi kişidirsə, ikinci tərəfi qadındır. Ailənin sütunu hər iki tərəfin zəhməti və sevgisi ilə bərkiyir. Bax belə bir yol gəlib Abdullayevlər ailəsi. 65 illik evlilik yolunda məşəqqətlərlə, didərginliklə üz-üzə qalıblar, lakin əl-ələ verib ev qurmağı, övladlarına sahib çıxmağı birgə bacarıblar.

Ailə ilə görüşmək, həmsöhbət olmaq üçün yolumuzu Şahbuz rayonunun Ayrınc kəndinə salırıq. Kəndin girişindəki küçələrdən birində binə salmış Nəriman kişinin qulağı səsdə idi.

Qapını nəvəsi açır. Həmən ayağa qalxıb bizi qarşılamaq üçün yaxınlaşır, doğmaları kimi bağrına basır. Hər ikisi bayramsayağı hazırlanıb: Nəriman kişi də, Nigar xanım da. Nəriman kişi ömrünün 93-cü sinnindədir, Nigar xanım ondan bir az kiçikdir. Hər ikisinin gözlərindən sevinc yağır. 65 il az zaman deyil. Nigar xanım danışır, deyir hər çətinliyimiz olub, amma bu çətinlikləri birgə aşmışıq. İkimiz də kolxozda işləmişik. Mən sağıcı idim. Həm iş, həm də ev qayğıları, digər tərəfdən də uşaqlar. 9 övladımız olub: 4 oğlan, 5 qız. Sözümüz də olub, amma sakitliklə həll etmişik. Söhbətimizə diqqətlə qulaq kəsilən Nəriman kişi gülümsəyir. “Yəqin, ehtiyat edirsən ki, Nigar xanım açar sandığı, tökər pambığı” – atmacam sanki ürəyindən olur, gözləri yaşarana qədər gülür. Ömür-gün yoldaşının, Nigar xanımın əlindən tutur. O illərə qayıdır:

– Nigar xanım hər əziyyətə qatlanıb. Zəhmətkeş xanımdır. Biz əslən Dərələyəz mahalının Heşin kəndindənik. Mən və ailəm 1948-53-cü illər deportasiyasına məruz qalmışıq. Bilirsiniz ki, 1947-ci ilin sonlarında SSRİ Nazirlər Soveti kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistandan Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında qərar qəbul etdi. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün.

Könüllülük prinsipi deyilsə də, əhalinin heç bir rəyi nəzərə alınmadan, beləcə, bizim ailə də 1949-cu ildə deportasiya olundu. İndi də yadıma düşəndə tüklərim biz-biz olur. Bizi heyvan daşınan yük vaqonlarına mindirib doğma yurd yerimizdən uzaqlaşdırdılar. Nələrin şahidi olmadıq ki?! Saatlı rayonunun isti, susuz bir kəndində – Şirinbəydə yerləşdirdilər. Bizim Heşin kəndi çox səfalı idi, bol sulu, təmiz havası, bəhrəli bağları. Kəndə girəndə alma ağaclarının iyindən insan bihuş olurdu. Yerləşdiyimiz kənd, şəraitsizlik bizim üçün zülm oldu. 1954-cü ildə Stalin dünyasını dəyişəndən sonra biz yenidən öz kəndimizə – Heşinə qayıtdıq. 1960-cı ildə Nigar xanımla orada ailə həyatı qurduq. Övladlarımız böyüdükcə yaşamaq çətinləşirdi. Çünki məktəb yox, şərait yox.

Nəriman kişi övladlarının sağlam gələcəyi üçün Naxçıvanın Şahbuz rayonuna köç edir. Dərələyəzdən gələn köç əvvəl Gömürdə, sonra Ayrıncda məskunlaşır.

Hiss edirəm ki, həmin tarixi faciədən 76 illik zaman kəsiyi ayırsa da, Nəriman kişinin ürəyi, ruhu doğma yurd yerindən ayrılmayıb. Və həmin illərin yaşanan faciəsi ömürlük yara kimi ürəyini sızladır.

Müsahibim söhbətinə davam edir: – Heşində hər şeyi buraxıb gəlib burada yenidən ev-eşik olduq. Övladlarımızı böyütdük. Ailənin uzunömürlü olmasının sirri qarşılıqlı hörmətdir. Nigar xanım hər zaman hörmətimi saxlayıb, bir sözümü iki etməyib. Dörd divar nə üçündür? Ailə qalaya bənzər. Sütunu qadındırsa, müdafiəçisi kişidir. Qadın zərif gül kimidir. Nə qədər diqqət və sevgi görərsə, bir o qədər də qarşılığını verər. Bax beləcə, 65 ildir, sıx əl-ələ tutub bütün çətinliklərə birgə sinə gərmişik. 14 nəvə, 9 nəticə sahibiyik. Tək arzumuz doğma yurdumuzun buz kimi bulaqlarından su içmək, doğmalarımızın məzarlarını ziyarət etmək və uşaqlığımızın, gəncliyimizin yaşandığı evə geri dönməkdir. Onu da əgər mənfur ermənilər dağıtmayıbsa...

“Qarabağlıların torpaq nisgili başa çatıb. İndi onlar öz yurd-yuvalarına qayıdırlar. Baxırıq, izləyirik, qəlbimiz qürur hissi ilə dolur. İnanırıq ki, biz qərbi azərbaycanlıların da yurd həsrəti bitəcək”, – deyir Nəriman əmi.

Gənclik fotolarını göstərir, şirin xatirələrini bizimlə bölüşürlər. Nəriman əmi albomu vərəqlədikcə gah gülür, gah fikrə gedir, gah da Nigar xanıma “Yadındadır”? – deyə sual edir. Aylar, illər çox şeyi dəyişib. Hər ikisinin alnında dərin qırışlar kök salıb. Saçları ağappaq ağarıb. Amma tək dəyişməyən bir-birinin əlindən bərk tutmaqlarıdır, ailə dəyərləridir. Nigar xanım sonda gənc ailələrə tövsiyə etməyi də unutmur: “İndi gənclər bir az tənbəl öyrənib. Əziyyətə qatlanmaq istəmirlər. Düzdür, zəmanə dəyişib. Amma ailə elə bir dəyərdir ki, hər kəsə lazımdır. Ona görə ailə quranda yüz ölçüb, bir biçmək lazımdır. Qurduğun ailəni də qoruyacaqsan. Sağlam ailədə övladlar da sağlam böyüyər. Uşaq nəyi necə görərsə, elə də öyrənər. Hər kəsə bizim kimi uzunömürlü olmasını arzulayıram”.

Gülüşlərini bir fotoda əbədiləşdirib sağollaşırıq. Qoy evlərdən, ailələrdən daim gülüş səsləri eşidilsin. Sağlam ailə isti ocaq, yanar çıraq, firavan ömür deməkdir. Ailə çırağınız daim yanar olsun!

 Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 15.05.2025 14:48