NAXÇIVAN :

23 Fevral 2025, Bazar

O baxışların dərinliyində bir həsrət var...

...

Qadınları, adətən, sarışın, qızılısaçlı, kişiləri ucaboy, qamətlidirlər. Gözləri mavidir, bəzisində yaşıl, bəzisində sezə bilməyəcəyimiz qəribə rəng çalarları var. Bu çalarlara görə yerli əhalidən görünüşləri ilə fərqlənirlər. Baxışları gözəldir, amma o baxışların dərinliyində bir həsrət var – yurd həsrəti.
Qərbi azərbaycanlıların yurd nisgilinin tarixi 30-35 ildən daha öncəyə dayanır. Mənfur ermənilərin planlı şəkildə bu torpaqlara köçürülməsi, 1918-ci ildə Azərbaycanın qədim tarixi şəhəri İrəvanın, 1920-ci ildə Zəngəzur mahalının Ermənistana verilməsi ilə başlanan hadisələr soyqırımı, deportasiya kimi faciələrin kütləvi hal almasına zəmin yaratdı. 

    O Gömürdən bu Gömürə...

Bura  Gömürdür. Şahbuz rayonunun ucqar dağ və sərhəd kəndi olan, qərbi azərbaycanlıların kompakt şəkildə yaşadığı Gömür. Dərələyəz mahalının Gömüründən pənah gətirən gömürlülər. Kənddə Dərələyəzin Axta və Gabudundan gəlib məskunlaşanlar da az deyil. Zəhmətə qatlaşan insanların əsas məşğuliyyəti maldarlıqdır. Dan yeri sökülən kimi iş başına keçən gömürlülər təbiətin bu yerlərə ərməğan etdiyi səxavət payından faydalanır, ailələrini dolandırmaq üçün bol məhsul əldə edirlər. Dağlarla dövrələnmiş, qış fəslinin vurduğu qar nəqşləri ilə bəyazlanmış kəndin saf havasını udur, dupduru bulaqların gözündən su içirlər. Zira gözyaşı kimi dupduru bulaq suları da onların ürəyini sərinlətmir. Yurd nisgilini bu gözəl mənzərələr ovutmur.
Onlardan biri – Rövşən Əlipənahovla həmsöhbətik. Deyir ki, biz 10 ailə olaraq 1970-ci ildən burada məskunlaşmışıq. Həmin dövrdəki köç, əslində, “səssiz” deportasiya idi. Bizim kimi neçə-neçə ailə öz yurdunu tərk etmək məcburiyyətində qaldı. Bizdən sonra baş verən hadisələr isə hər kəsə məlumdur: “Dərələyəzdə erməni olmayıb. Onlar bu yerlərə sonradan köçürülüb. Azərbaycanlıların qonaqpərvərliyindən, humanistliyindən istifadə edərək düşdükləri yerə mənimdir deyib, sahibləniblər. Azərbaycanın, demək olar ki, bütün bölgələrinə qarayara kimi səpələnmişdilər. Amma elə qələmə verirdilər ki, sanki bu torpaqları, bu dağları, daşları elə bunlar yaradıblar”. 
Bəs tarixi faktlar, əslində, nəyi göstərir? Qazıntılar zamanı azərbaycanlıların kütləvi soyqırımına məruz qaldıqları qəbiristanlıqlar aşkarlanıb. Torpaq belə bu haqsızlıqları öz qoynunda gizlətmir. Amma mənfur erməni əsl həqiqəti özü bilsə də, heç cür anlamaq istəmir ki, o torpaqlara Azərbaycançılıq möhürü vurulub. Heç bir saxta sənəd, xəritə o torpaqlardan dərinliyə kök atmış bu tarixi silə bilməz: o torpaqlarda ata-babalarımızın ruhu dolaşır. O torpaqlar əsrlərdən süzülüb gələn ana-nənələrin laylasını, şirin-şəkər balaların gülüşünü, babaların öyüdünü, torpaq sevgisini, oğulların at belində yarışını, elin ən gözəl toy-bayram adətlərinin sədasını canına hopdurub, xəzinə kimi qoruyur. 
İnsanları öz elindən silah gücünə didərgin sala bilərsən, amma onun yaddaşını, genofondunu məhv edə bilmərsən. O xatırlayacaq, o danışacaq, o yazacaq, gələcək nəsillərə ötürəcək, əsla və əsla öz əslindən, torpağından vaz keçməyəcəkdir. Rövşən Əlipənahov da Qərbi Azərbaycan folklorunu toplayır, səbirlə dünyagörmüş ağsaqqalları, ağbirçək nənələri dinləyir, onların dilindən eşitdiklərini dəftərə köçürür itib-batmasın deyə. 

    “Ömrümə ömür calanar...”

Fatma xanım 17 yaşında Dərələyəzin Gömüründən gəlib. 54 ildir ki, Gömürdə məskunlaşıb. Amma bu 54 il 17 ildə yaşadıqlarını, ruhuna, beyninə həkk etdirdiklərini unutdura bilməyib. Gəzdiyi dağları, yığdığı bitkiləri xatırlayır. Dərələyəz mətbəxində hazırlanan yeməkləri də unutmayıb, indi şövqlə onlardan bizə də danışır.
Adilə Əlipənahova isə 1988-ci ildə ailə üzvləri ilə birgə öz el-obasından didərgin düşüblər. May ayında gecə ilə Kükü tərəfdən Naxçıvana keçmiş və Gömürdə məskunlaşmışlar. Deyir ki, Şahbuzun Gömürü də bizim üçün doğmalaşıb. Di gəl ki, ürəyimiz orada qalıb – dağların o üzündə. Üstündən illər keçib. Müsahibim deyir ki, o yerləri, evimizi, o dağı, daşı gözübağlı əllərimlə taparam. Ahıl çağımda gedib torpağımı görsəm, elə bilirəm, ömrümə ömür calanar. 
Əli Haqverdiyev ustadır. Gömürdə tikilən yeni evlərdə onun da əməyi var. Qurur, yaradır, amma viran qalmış yurdu üçün nigarandır. Valideynlərini uşaq ikən itirib. Bir tərəfdən də yurd itkisi ağır dərd olub ona. Doğmalarının ruhu dolaşan o torpaqlara qayıtmaq, yarımçıq qalan uşaqlıq, gənclik xəyallarını yenidən yaşamaq istəyir. 
Zakir Əlipənahov sürücüdür. Hər gün Gömürdən Naxçıvan şəhərinə, eləcə də şəhərdən Gömürə sərnişinləri daşıyır. Doğma yurdunun hər cığırı, hər dağı, hər dərəsi yadındadır: “Yuxumda da ancaq o Gömürü görürəm”, – deyir. Bu, insanın doğulduğu torpaqla ruhi bağlılığıdır, onu bir ömürboyu tərk etməyən pak sevgisidir torpağa. “Qismət olar Şahbuzun Gömüründən Dərələyəzin Gömürünə daşıyaram sərnişinləri öz yurd-yuvalarına”, – deyir Zakir kişi.
Cəbrayıl kişi kəndin yaşlı sakinlərindəndir. O deyir: “Axırıncı dəfə keçən ilin may ayında gedib Qanlıgölün üstündən yurd yerlərimizə boylandıq, kövrəldik, o torpaqlara qayıdacağımız günü həsrətlə gözləyirik. Biz torpaqlarımızı qorumaq üçün sonuna qədər dayandıq. Amma əliyalın idik”. 

    Yurd yerləri o zaman dirçələcək ki...

24 dekabr 2022-ci il tarixdə Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi və buradakı çıxışı zamanı verdiyi tapşırıq əsasında hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası addım-addım həyata keçirilməkdədir. Bu, ilk növbədə, tarixi ədalətin bərpası, ata-baba yurdlarından qovulmuş qaçqın soydaşlarımızın öz doğma ocaqlarına qayıdıb yaşamaq kimi təməl hüquqlarının təmin olunmasına xidmət edir. Gömürlülər də yurd nisgilinin bitəcəyinə, əzəli ata-baba torpaqlarına qovuşacaqlarına əmindirlər. Daha Kükünün Qanlıgölündən Vətənə həsrətlə baxmağa gərək qalmayacaq. Torpağın da nisgili başa çatacaq. İllərlə sinəsində gizləyərək sədaqətlə qoruduğu xəzinənin açarlarını gerçək sahiblərinə təhvil verəcək. Əli usta yeni evlər tikəcək, Cəbrayıl kişi qurumuş bağlara yenidən can verəcək, Firəngiz xanım dağların sinəsindən dərdə dava bitkiləri toplayacaq, Adilə xanımınsa yeməklərinin ətri aləmi bürüyəcəkdir. Kərəm kişi qol qaldırıb oynayacaq, Firuzə nənə bir daha ağlamayacaq... Bax o zaman viran qalmış yurd yerləri dirçələcək. Qarabağ dirçəldiyi kimi...

 Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 22.02.2025 10:25