NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

Torpağa səpilən toxumun bərəkətə çevrilməsi üçün suya böyük ehtiyac vardır – Culfadan reportaj

img

Torpaq zəhməti sevir, bol məhsul isə vaxtında görülən işdən, düzgün aqrotexniki qulluqdan və ən əsası, suvarma imkanlarından asılıdır. Bu baxımdan, Culfa rayonunda əkin sahələrinin genişləndirilməsi istiqamətində müşahidə olunan müsbət dinamika kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradır. Lakin torpaqdan səmərəli istifadə və məhsuldarlığın artırılması üçün suvarma imkanlarının yaxşılaşdırılması da mühüm şərtdir.
Belə ki, 2025-ci il oktyabrın 15-nə rayonda 21,54 hektar sahədə əkin aparıldığı halda, cari ilin eyni dövründə bu göstərici 526,7 hektara çatıb. Əkin sahəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 505,16 hektar artıb. Suvarılan sahələrin həcmi isə 47,85 hektardan 62,9 hektara yüksələrək 15,05 hektar artım göstərib. Ötən biçin mövsümündə rayonda taxılın məhsuldarlığı hektardan 25,49 sentner təşkil edib.
Bu göstəricilər əkinçiliyə marağın artdığını və torpaqdan istifadənin genişləndiyini göstərir. Bununla belə, məhsuldarlığın yüksəldilməsi üçün suvarma infrastrukturunun işlək vəziyyətdə olması vacibdir. Yaycı kəndində təsərrüfatçılarla söhbətimiz zamanı da aydın olur ki, fermerlərin torpağa bağlılığı və əkin sahələrini genişləndirmək istəyi böyükdür. Ancaq suvarma suyunun vaxtında təmin edilməsi və arxların işlək vəziyyətdə saxlanılması təsərrüfatların inkişafı üçün əsas şərtlərdəndir.

Əkin sahələri genişlənir, fermerlərin hədəfləri böyüyür

Yaycı kənd sakini Adil İbrahimov 12 ildən çoxdur ki, əkinçiliklə məşğuldur. Hər mövsüm təsərrüfatının imkanlarını genişləndirməyə və torpaqdan daha səmərəli istifadə etməyə çalışan fermer ötən il, təxminən, 25 hektar sahədə əkin aparıb, mövsümün sonunda 50 tondan çox məhsul əldə edib. Bu il isə əkin sahəsini 40 hektara çatdırmağı qarşısına məqsəd qoyub.
Adil İbrahimov üçün əkinçilik yalnız dolanışıq mənbəyi deyil, həm də illərin təcrübəsinə, zəhmətə və torpağa bağlılığa söykənən bir məşğuliyyətdir. Taxıl əkini ilə yanaşı, təsərrüfatının digər istiqamətlərini də inkişaf etdirməyə çalışan fermer torpağın düzgün hazırlanmasına, gübrələməyə və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə xüsusi önəm verir.
O, dövlət tərəfindən göstərilən dəstəyin də təsərrüfat fəaliyyətində əhəmiyyətli rol oynadığını bildirir. Fermerin sözlərinə görə, 5 faizlik subsidiyadan yararlanması təsərrüfatını genişləndirmək baxımından faydalıdır. Bununla belə, yüksək məhsuldarlığa nail olmaq üçün aqrotexniki tədbirlərlə yanaşı, suvarma suyunun əkin sahələrinə vaxtında çatdırılması da vacibdir.
Fermer suvarma ilə bağlı üzləşdiyi çətinliklərdən də danışır. Bildirir ki, son günlər nasosun fasilələrlə işləməsi əkin sahələrinin suvarılmasında problemlər yaradıb. Araz çayından gələn su xəttindəki nasazlığın aradan qaldırılması üçün tədbirlər görüləcəyinin bildirildiyini deyən təsərrüfatçı problemin tezliklə həllini tapacağına ümid edir.
Lakin çətinliklər təkcə nasosun fəaliyyəti ilə məhdudlaşmır. Sərhəd ərazisində yerləşən ana arxın və digər suvarma arxlarının yararsız vəziyyətdə olması da suyun sahələrə çatdırılmasını çətinləşdirir. Fermerin sözlərinə görə, yol çəkilişi zamanı arxların bəzi hissələrinin torpaqla dolması suyun axınına mane olur.
" Aidiyyəti qurumların bu məsələlərə diqqət ayırması vacibdir. Suvarma sistemindəki problemlərin aradan qaldırılması fermerlərin işini asanlaşdırmaqla yanaşı, əkin sahələrinin genişləndirilməsinə və daha yüksək məhsul əldə olunmasına da imkan verəcək", — deyə Adil İbrahimov bildirir.

Suvarma problemi həllini gözləyir: torpağın potensialı böyükdür

Yaycı kəndində təsərrüfatçılıq ənənələri yalnız taxıl əkini ilə məhdudlaşmır. Heyvandarlıq, quşçuluq və yem bitkilərinin becərilməsi də ailə təsərrüfatlarının mühüm istiqamətlərindəndir. Kənd sakini Zeynalabdin Hacıyev 1979-cu ildən təsərrüfat fəaliyyəti ilə məşğuldur. Uzun illərdir, zəhmətini torpağa və heyvandarlığa sərf edən təsərrüfatçı hazırda 8 baş iribuynuzlu heyvan saxlayır, 100-ə yaxın toyuq bəsləyir. Ət məhsullarını, əsasən, ailəsinin tələbatı üçün istehsal edir, taxıl və yonca becərməklə də məşğul olur.
Zeynalabdin Hacıyev ötən il 15 hektar sahədə taxıl əkərək, təxminən, 35 ton məhsul əldə edib. Bu il isə əkin sahəsini 20 hektara çatdırıb. Artıq 6 hektar sahəni suvaran təsərrüfatçı daha 7 hektar ərazidə əkin aparmaq üçün su növbəsini gözləyir. Bu fakt torpaq sahiblərinin əkinə marağının olduğunu, lakin mövcud suvarma imkanlarının təsərrüfatların genişləndirilməsinə təsir göstərdiyini bir daha ortaya qoyur.
Zeynalabdin Hacıyev torpağı əkib-becərməyin həm ailənin dolanışığı, həm də kənd təsərrüfatının inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayır.
" Hamıya məsləhət görürəm ki, əkinlə məşğul olsun. İndi bərəkətli məhsul yetişdirmək üçün yaxşı imkanlar var. Dövlət də təsərrüfatla məşğul olanlara dəstək göstərir", — deyə təsərrüfatçı bildirir.
O, suvarma ilə bağlı çətinliklərdən danışarkən ərazidəki gölün, təxminən, 500 metrlik hissəsinin təmizlənməsinə ehtiyac olduğunu qeyd edir. Həmin hissənin qamışla örtülməsi suyun axmasına mane olur. Bundan başqa, suvarma xəttinin çıxış hissəsi də yararsız vəziyyətdədir. Nəticədə, ərazidəki əkin sahələrinin su ilə təminatında çətinliklər yaranır.
Təsərrüfatçının sözlərinə görə, həmin ərazidə, təxminən, 100 hektar əkinəyararlı torpaq sahəsi mövcuddur. Gölün və suvarma xəttinin təmizlənməsi bu torpaqlardan daha səmərəli istifadəyə, əlavə sahələrin əkin dövriyyəsinə cəlb olunmasına və məhsuldarlığın yüksəldilməsinə şərait yarada bilər.
Yaycıda söhbətləşdiyimiz təsərrüfatçıların istəyi eynidir: torpaq əkinə hazır olsun, su arxlardan maneəsiz axsın, fermer isə zəhmətinin bəhrəsini görsün. Onların fikrincə, suvarma sistemindəki çatışmazlıqların aradan qaldırılması təkcə ayrı-ayrı təsərrüfatların deyil, bütövlükdə, kəndin kənd təsərrüfatı potensialının inkişafına təkan verə bilər.
Torpağın bərəkəti yalnız nə qədər sahənin əkilməsindən deyil, onun necə becərilməsindən, suyun nə vaxt və hansı şəraitdə əkin sahələrinə çatdırılmasından da asılıdır. Yaycıda əkin sahələrinin genişləndirilməsi, fermerlərin yeni hədəfləri və zəhmətə bağlılığı inkişaf üçün istəyin olduğunu göstərir. İndi əsas məsələ suvarma ilə bağlı çətinliklərin aradan qaldırılması, arxların təmizlənməsi və suyun əkin sahələrinə vaxtında çatdırılmasıdır. Çünki fermerin torpağa səpdiyi toxumun bərəkətə çevrilməsi üçün onun zəhməti qədər suya da ehtiyacı var.

Nail Əsgərov

DAHA ƏTRAFLI