Вторая Мировая война: торжество национального дух...
00:08 09.05.2025
0
0
0
NAXÇIVAN :
09 May 2025, Cümə
İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qazanılan misilsiz qələbənin 80 illiyi qeyd olunur. Bir neçə il davam edən aramsız, amansız döyüşlərdə Azərbaycanın oğul-qızları həm ön, həm də arxa cəbhədə böyük əzmkarlıq, şücaət və qəhrəmanlıq nümunəsi göstərmişdi. Başqa sözlə, İkinci Dünya savaşı xalqımızın milli ruhunun, həmrəyliyinin təntənəsinə çevrilmişdi. Məhz cari il mayın 3-də Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə Qələbənin 80-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubu da bu tarixi qələbədə Azərbaycan xalqının yeri və rolunun mühümlüyündən xəbər verdi. Məktubda deyildiyi kimi: “Əminəm ki, həmin ağır illərdə bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq. Azərbaycan torpağında yaşayan bütün veteranlara səmimi minnətdarlıq, ürəkdən gələn təbrik sözlərimi, möhkəm cansağlığı, əmin-amanlıq və uzunömürlülük arzularımı çatdırmağı xahiş edirəm”.
Bəli, bəşər tarixində silinməz izlər buraxan bu müharibəyə cəlb olunmuş keçmiş müttəfiq respublikalar içərisində istər ümumi əhaliyə nisbətən əsgər sayına, istərsə də döyüşçülərin təltif olunması faizinə görə Azərbaycan ən öncül sıralarda dayanırdı. Belə ki, 700 minə yaxın soydaşımız, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhədə vuruşub, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif edilib, 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülüb. Müharibədə azərbaycanlılardan ibarət 416-cı “Taqanroq”, 402-ci “Azərbaycan”, 223-cü “Belqrad” və 77-ci “Simferopol” diviziyaları şərəfli döyüş yolu keçib, soydaşlarımızın, təxminən, yarısı ağır döyüşlərdə qəhrəmancasına həlak olub. Müharibənin taleyində Naxçıvan da böyük rol oynayıb, 402-ci diviziya burada formalaşdırılaraq cəbhəyə yola salınıb. Həmyerlilərimiz 223-cü diviziyanın tərkibində Macarıstanın və keçmiş Yuqoslaviyanın faşistlərdən təmizlənməsində igidlik göstəriblər. Qürurlu haldır ki, 416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçib, diviziyanın əsgərləri Berlində qələbə bayrağını ilk qaldıranlardan olublar.
Müharibənin başlandığı gün – 1941-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanıb. Ümumilikdə, 29 min 500 muxtar respublika sakini 1941-1945-ci illər müharibəsində iştirak edib. Müharibəyə könüllü gedənlərdən yüzə yaxını qadınlar idi. Cəbhəyə yollanan naxçıvanlıların hər ikisindən biri – 16 minə yaxın insan həlak olub. Üç həmyerlimiz – Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və Qəzənfər Əkbərov SSRİ-nin ən yüksək mükafatına – Sovet İttifaqı Qəhrəmanı adına, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 600 nəfər isə müxtəlif orden və medallarla təltif edilib. Həmin illərdə azərbaycanlılar arxa cəbhədə də fəallıqları ilə seçiliblər. Onlar ordunun ehtiyacını ödəmək üçün qüvvələri səfərbərliyə alıb, gecəni gündüzə qataraq yorulmaq bilmədən çalışıb, qələbənin qazanılmasına öz töhfələrini verməyə səy göstəriblər. Xüsusi vurğulanmalıdır ki, faşizm üzərində tarixi qələbənin əldə edilməsində Azərbaycan nefti böyük rol oynayıb. Belə ki, həmin illərdə sovet ittifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtkü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Qələbənin təmin edilməsində həlledici amil kimi sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bir sözlə, əgər Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illərdə neft kimyası sahəsindəki ixtiraları isə, o dövrdə ümumittifaq respublikaları arasında Azərbaycan elminin inkişaf göstəricisi idi.
Ölkəmizin bütün sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növ silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. Bununla yanaşı, cəbhəyə kömək məqsədilə digər imkanlardan da istifadə olunurdu. Həmin dövrdə təkcə Naxçıvan Muxtar Respublikasından müdafiə fonduna 12 kiloqram qızıl və gümüş, 180 milyon 89 min manat nağd pul, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar, 10 mindən artıq bağlama göndərilib.
Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməyən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev azərbaycanlıların 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətləri hər zaman yüksək qiymətləndirib. Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May respublikamızda “Qələbə Günü” kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülüb, imtiyazları və statusları bərpa olunub.
Ulu Öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir və bu addım hər bir azərbaycanlı tərəfindən rəğbətlə qarşılanır. İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 aprel tarixli Sərəncamı həmin şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamı, eyni zamanda bu Qələbədə payı olan şəxslərə hörmətin ifadəsidir.
İki faşizmi məğlub edən bir milli güc
1941-1945-ci illər müharibəsi iştirakçılarının şərəfli ömür yolu sonrakı nəsillər üçün bir məktəbdir və bugünkü gəncliyin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Gənclərimizdə yüksək vətənpərvərlik ruhunu 2020-ci ilin sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsində bütün dünya bir daha bariz formada gördü. Xalqımız 44 gün davam edən Vətən müharibəsində “dəmir yumruq” ətrafında birləşərək misilsiz Qələbəyə imza atdı, əzəli torpaqlarımız işğaldan azad olundu. 2023-cü il sentyabrın 19-20-də 24 saata yaxın müddətdə aparılan lokal xarakterli antiterror tədbirləri ilə müzəffər Ordumuz ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdi. Bu gün Qarabağda, Şərqi Zəngəzurda, Şuşada, Laçında, Xankəndidə dövlətçiliyimizin əsas atributlarından sayılan üçrəngli bayrağımız dalğalanır, ata-baba yurdlarımız dirçəldilir, soydaşlarımızın böyük qayıdış prosesi uğurla aparılır.
İkinci Qarabağ müharibəsində iştirak edən hər bir gənc ata-baba əmanəti sayılan torpaqlarımızın erməni faşistlərinin əsarətindən azad olunmasında qəhrəmanlıq göstərdi, şəhadətə yüksəldi, qazi, qalib kimi evinə qayıtdı, misilsiz Qələbə qazandı. Başqa sözlə, xalqımızın nümayəndələrinin 1941-1945-ci illər müharibəsində göstərdiyi qəhrəmanlığı mətin, əzmli gənclərdən ibarət müzəffər Azərbaycan Ordusu 75 il sonra daha möhtəşəm şəkildə təkrar etdi. Bu həm də nəsillər arasında varislik ənənələrinin müfəssəlliyi, milli ruhun, həmrəyliyin daha böyük təntənəsi idi. Ulu babaları alman faşizmini məğlub etdiyi kimi, bugünkü qəhrəman gənclərimiz də erməni faşizminə eyni aqibəti yaşatdı.
Söz yox ki, alman faşizminin köləsi olan, minlərlə sovet hərbçisinin ölümünə imza atan Qaregin Njden atalarına İrəvanda abidə ucaltmaqla onun ənənələrinə, ideyalarına sadiqliyi bariz şəkildə göstərən ermənilər I və II Qarabağ müharibəsi, atəşkəs dövründə törətdikləri terror aktları, vəhşiliklərlə, hətta nasistləri də geridə qoymağı bacardılar. Prezident İlham Əliyev 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında da hayların Qaregin Njdenə abidə ucaltmasının qəbul edilməz hal olduğunu vurğulayıb: “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub”.
İkinci Qarabağ müharibəsindən ötən dövr ərzində dəfələrlə təxribatlara əl atan Ermənistana layiqli cavab verən müzəffər Ordumuz 2023-cü ilin sentyabrında reallaşdırdığı, qarşı tərəfdən bir nəfər mülki vətəndaşın belə burnunun qanamadığı antiterror tədbirləri ilə 23 saatlıq humanizm, insanlıq dərsi keçdi. Ancaq təəssüf ki, başıpozuq haylar nə insanlıq dilindən anlayır, nə də sülh çağırışlarında qətiyyət ortaya qoyur, danışıqlarda konstruktiv mövqe nümayiş etdirir. Hələ də təxribat dalğası davam edir, xalqımızın nümayəndələri erməni terrorizmindən əziyyət çəkirlər, çaylarımız çirklənir, ekologiyamız vəhşiliyin qurbanına çevrilir.
80 illik yubileyin təntənəsində böyük qürur hissi ilə qeyd edirik ki, 1941-1945-ci illərdə olduğu kimi, İkinci Qarabağ müharibəsində də azərbaycanlı gənclər böyük şücaət göstərdilər, torpaqlarımız uğrunda canlarından keçdilər. Təbii ki, bu, İkinci Dünya müharibəsi qəhrəmanlarının adını daim uca tutan, hər kəs üçün örnək sayan Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına, yoluna Prezident İlham Əliyev tərəfindən göstərilən sonsuz sədaqətin, illərlə aparılan mütərəqqi dövlət-gənclər siyasətinin, məqsədyönlü tədbirlər sayəsində gənclərdə formalaşmış Vətənə sevgi, torpağa, milli ruha bağlılığın məntiqi nəticəsi idi. Xalqımızın milli ruhunun təntənəsi, misilsiz şücaət və qəhrəmanlıq rəmzi sayılan, həmrəyliyin qələbəsi – İkinci Dünya müharibəsində igidlik göstərən, şərəf, ləyaqət dastanı yazan Vətən övladları heç zaman unudulmayacaq, onların keçdikləri döyüş yolu bundan sonrakı gənc nəsillər üçün də örnək, nümunə sayılacaq.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər