"Tağıyev" filmi – səbir və əzmin zəfəri”...
20:47 03.05.2025
0
0
1
NAXÇIVAN :
03 May 2025, Şənbə
Sürətlə qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafındakı, ictimai şüurun formalaşdırılmasındakı rolu artmaqdadır. Ancaq təəssüf ki, dövr dəyişsə də hələ də demokratiyanın meyarı hesab edilən söz və mətbuat azadlığının senzuraya məruz qaldığı cəmiyyətlər vardır. Beynəlxalq qurumlar və demokratik təsisatlar həmin vəziyyəti xüsusi diqqətdə saxlamaqla zamanında bir sıra qərarlar qəbul ediblər. XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirib. Nəticədə, 1991-ci il mayın 3-də Namibiyanın Vindhuk şəhərində bəyannamə qəbul olunub, YUNESKO-nun tövsiyəsi əsasında isə 1993-cü ilin mayın 3-ü BMT Baş Assambleyası tərəfindən Ümumdünya Mətbuat Azadlığı Günü elan edilib. Bu bəyannamənin qəbulundan 34 il keçsə də, bütün digər insan hüquqlarının hərəkətverici qüvvəsi kimi informasiya axtarmaq, ötürmək və almaq azadlığı aktual olaraq qalır.
Ümumdünya Mətbuat Azadlığı Günü ölkəmizdə də fəal dəstəklənir, insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verilir. Məlumdur ki, Azərbaycanda mətbuatın əsası 150 il bundan öncə, daha dəqiq desək, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşri ilə qoyulub. Qəzetin yaradıcısı Həsən bəy Zərdabi onun məqsəd və vəzifələrindən biri kimi insanların məlumat almaq hüquqlarını əsas tutub: “Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin”. “Əkinçi” ilə uzun, keşməkeşli yola çıxan Azərbaycan mətbuatı bu gün fəaliyyətini günümüzün reallıqları səviyyəsində qurmağı bacaran müstəqil mediaya çevrilib. Prezident İlham Əliyevin Milli Mətbuatımızın 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncamı, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ölkəmizdə jurnalistikanın inkişafına, azad və müstəqil mətbuata verilən dəyərin növbəti ifadəsidir. Sərəncamda deyilir: “Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.
Mətbuatın əsas silahı olan söz və azad düşüncənin həqiqi azadlığa qovuşması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət müstəqil mətbuatın inkişafına xüsusi diqqət yetirib, 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanla ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaradıb, senzura ləğv olunub, dövlətin mətbuat üzərində nəzarətinə son qoyulub. Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit olunub. Ulu Öndərin müvafiq Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı” təsdiq edilib, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Mətbuat, Teleradio və İnternet Şurası fəaliyyətə başlayıb. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ləğvi onların fəaliyyətinə böyük töhfə verib. Məhz milli mətbuatın inkişafına göstərdiyi əvəzsiz qayğının nəticəsi idi ki, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülərək dünya siyasətçiləri arasında bu mükafatı almış ilk dövlət başçısı olub.
Görkəmli dövlət xadiminin mütərəqqi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkə mediasının fəaliyyətinə dair mövcud qanunvericilik daha da təkmilləşdirilib. Bu məqsədlə dövlət başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Prezident İlham Əliyev tərəfindən 2022-ci il 8 fevral tarixdə təsdiq olunmuş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanun, həmçinin jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiəsinə və ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsi üçün hüquqi əsas formalaşdırır. 2023-cü ildə ölkə başçısının təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik media subyektlərinin müstəqil fəaliyyəti üçün mühüm təkan rolunu oynayıb. Bütün bunlar, eləcə də milli mətbuatın ildönümlərinin dövlət səviyyəsində geniş qeyd olunması, media subyektlərinə maddi yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka şərtlərinin müəyyənləşdirilməsi, jurnalistlərin fəxri adlar və dövlət mükafatları ilə təltif edilməsi, onlarla mütəmadi görüşlər mətbuata və mətbuat işçilərinə qayğının bariz göstəriciləridir.
Azərbaycan mediası söz və informasiya azadlığı hüquqlarından istifadə edərək ölkənin ən çətin anlarında, xüsusilə də İkinci Qarabağ müharibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Müzəffər Ordumuzun şanlı Zəfəri ilə bitən 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında informasiya cəbhəsinin əzmkar döyüşçüləri – jurnalistlərin fəaliyyəti olduqca böyük idi. Prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında da bu məsələyə xüsusi toxunaraq həmin dövrdə haqq səsimizin dünyaya çatdırılmasında jurnalistlərin əməyini yüksək qiymətləndirib: “Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır”. Təbii ki, bu sahədə ən böyük missiyanı isə Ali Baş Komandan, Prezident İlham Əliyev həyata keçirib, Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələr verib, bu gün və gələcək üçün aktual olan tarix və jurnalistika dərsləri keçib. Artıq bir neçə ildir, Şuşada təşkil olunan ənənəvi Qlobal Media Forumu isə nəinki ölkəmizdə, ümumilikdə, regionda azad sözə, müstəqil mətbuata verilən ən böyük dəyərlərdəndir. Dünyanın onlarla ölkəsinin, informasiya agentliklərinin əməkdaşları Azərbaycanın bu qədim şəhərində bir araya gələrək öz azad fikirlərini irəli sürür, yalan məlumatların ifşasına, dezinformasiyaya qarşı mübarizəyə dair müzakirələr aparırlar.
Ölkə başçısının rəhbərliyi ilə Naxçıvanda da media sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə olunub, azad mətbuatın formalaşmasına şərait yaradılıb. Dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişləndirilməsi bu sahədə mühüm nailiyyətlərin qazanılmasına əsas verib. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının yaradılması, 2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi, müasir mətbəə avadanlıqlarının quraşdırılması, ötən il Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin fəaliyyət başlaması bu sahənin inkişafına yeni imkanlar açıb. Ötən müddətdə mətbuat sahəsində çalışanların əməkhaqları artırılıb, əməyi ilə fərqlənən jurnalistlər fəxri adlara layiq görülüb. “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazası gücləndirilib, yeni yayım avadanlıqları tətbiq olunub, televiziyanın efir vaxtı 17 saata çatdırılıb, peyk yayım lisenziyası verilib, Bakı bürosu fəaliyyətə başlayıb, müasir yayım və çəkiliş avadanlıqları alınıb. Bu gün Naxçıvan teleradiosu gənc jurnalistlərin formalaşmasına öz töhfəsini verir. Muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələrin təsisi dövlət orqanları ilə media arasında informasiya siyasətinin həyata keçirilməsində mühüm rol oynayıb. Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin yetişməsi üçün hər cür şərait yaradılıb. Ali təhsil ocağının Media Mərkəzində fəaliyyət göstərən “Qeyrət” nəşriyyatı, Universitet televiziyası və “Nuhçıxan” radiosu gənc jurnalistlərin nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərə də yiyələnməsinə mühüm töhfələr verir. Muxtar respublikanın aparıcı mətbuat orqanı “Şərq qapısı” qəzeti, eləcə də Naxçıvanda fəaliyyət göstərən “Nuhçıxan” İnformasiya Agentliyi, “naxcivanxeberleri.com” saytı, ölkəmizin mərkəzi informasiya agentliklərinin bölgə müxbirləri regionda baş verən hadisələrin geniş oxucu kütləsinə operativ çatdırılmasında mühüm rol oynayır. 2024-cü il mayın 1-də Prezident İlham Əliyevin “Media haqqında” Qanuna dəyişikliyi təsdiqləməsi ilə muxtar respublikanın ən uzun ömürlü mətbuat orqanı “Şərq qapısı” qəzetinin təsisçilik statusu qanunvericilikdə təsbit edilib və fəaliyyətinin hüquqi əsası yaradılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq ötən il avqustun 15-də isə qəzet əməkdaşlarının əməkhaqları artırılıb. Son bir ildə “Şərq qapısı” qəzeti redaksiyasında aparılan yenidənqurma işləri, otaqların müasir formada dizayn edilməsi, ən yeni avadanlıqlarla təminat, qəzetin tərtibatının yenilənməsi, saytında və sosial şəbəkə hesablarında oxucu, izləyici saylarında kifayət qədər artımın, aktivliyin müşahidə olunması media fəaliyyətində yeni yanaşmanın, keyfiyyət dəyişikliklərinin, formalaşdırılan sərbəst yaradıcı mühitin nəticəsidir. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar ötən il Naxçıvan, Türkiyə və Bakıda təşkil olunan qəzetin “Naxçıvan fotolarda” adlı fotosərgisi fotojurnalistikanın müasir inkişafını göstərməklə yanaşı, diyarımızın turizm potensialının təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Hadisələrin aktiv şəkildə dəyişdiyi, dezinformasiyaların geniş yayıldığı müasir dövrdə insanlar mediada yayımlanan düzgün, dəqiq informasiyaları əldə etməyə böyük ehtiyac duyur. Ölkəmizin çox saylı media nümayəndələri də fəaliyyətlərində bu amili əsas tutaraq jurnalistikanın etik dəyərlərini yaşatmağa, Vətənə, xalqa qərəzsiz, vicdanla xidmət etməyə çalışırlar. 150 yaşlı azad sözün, müstəqil mətbuatın ziyasında Azərbaycan jurnalisti adını ləyaqətlə daşıyan hər bir jurnalistin ölkə həqiqətlərini dünyaya çatdırmaq işində, informasiya yarışında hər zaman ön sıralarda yer alması arzusu ilə...
Nail ƏSGƏROV
Digər xəbərlər