NAXÇIVAN :

10 May 2025, Şənbə

Ümummilli Lider yolu

...

Müasir, müstəqil, suveren Azərbaycan

102 il bundan öncə Azərbaycan xalqının taleyində əbədiyyət günəşi parladı. İllər sonra – 1969-cu il iyulun 14-dən isə bu günəşin işığında “müasir, qüdrətli, bütöv, suveren Azərbaycan” adlı möhtəşəm abidənin təməl daşları atılaraq binə olunmağa, yaradılmağa başlandı. İndi bu abidənin hər zərrəsindən həmişəyaşar müəllifin əziz xatirəsinə ehtiram dolu alqışlar eşidilir, ideyalarına rəğbət dolu nidalar duyulur, yazmaqla tükənməyən, oxuduqca-öyrəndikcə bitməyən, sona yetməyən siyasi-fəlsəfi ideologiyalarla, müdrikliklə zəngin, fəthi mümkünsüz Ulu Öndər zirvəsi görünür hər yerdən hər gün, hər dəqiqə, hər an. Xalqı uçurumdan əbədiyyət zirvəsinə ucaldan bu ulu zirvəyə baxdıqca Azərbaycan, Azərbaycana baxdıqca isə dahi lider Heydər Əliyev zirvəsi canlanır gözlərimiz önündə. Ömrünü xalqının yolunda fəda edən, sadə, zəhmətkeş ailənin övladından xalqın övladı, xalqın Lideri, xalqın xilaskarı məqamına ucalan bu dahi insan haqqında hansı sözləri söyləsən, hansı cümləni, söz birləşməsini, xitabı yazsan, yenə natamamlıq qalır, yetmir kəlmələrin gücü Onun varlığını tam ifadə etməyə, təkcə qüdrətli, bütöv, suveren Azərbaycanın simasında əksini tapır əvəz­olunmaz şəxsiyyətin təkrarolunmaz portreti. 

Dahi insan, uzaqgörən şəxsiyyət

Dahi şəxsiyyət 1969-1982-ci illərdə uçurumun astanasında olan, geridə qalmış respublikanı ön sıraya daşıdı, təşəbbüsü, rəhbərliyi ilə ölkəmizdə 250-dən çox zavod, fabrik, istehsal sahələri yaradıldı, 630 min yeni iş yeri açıldı, sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəldi, taxıl, üzüm, pambıq, meyvə-tərəvəz istehsalı sahəsində məhsuldarlıq bir neçə dəfə artdı. Bütün nailiyyətləri xalqı ilə birgə, həmrəy şəkildə etdi,  Heydər Əliyev xalqından, xalq Heydər Əliyevdən güc aldı. Daim zəhmətkeşlərlə bir arada oldu, iş gününü pambıq, tütün, üzüm tarlalarında keçirdi, əməkçilərə işləmək, halal zəhmət qazanmaq yolunda böyük ruh yüksəkliyi bəxş etdi.
Ümummilli Liderin ölkəmizə rəhbərliyinin birinci dövrü elmin, təhsilin inkişaf mərhələsi kimi də tarixə düşdü. Müdrik siyasət nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırıldı. Görkəmli dövlət xadiminin göstərişi ilə ali məktəblərdə 100-dən artıq ixtisas açıldı, 6 yeni ali, 12 orta ixtisas məktəbi yaradıldı, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil, mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən, ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alaraq sonralar ölkəmizin aydın sabahları naminə xidmət göstərdilər. 
1969-1982-ci illərdə şəhərlərimiz daha da gözəlləşdi, milliləşdi. Uzaqgörən lider ermənilərin Qarabağa yiyələnmək arzularını gözlərində qoydu. Əzəli yurdlarımıza səfərlər edib tariximizi, milliliyimizi qoruyub yaşadan işlər, layihələr həyata keçirməklə, tarixi torpaqlarımız arasında qırılmaz tellər yaratmaqla, Ağdam-Xankəndi dəmir yolunun çəkilişinə nail olmaqla fitnələrin üstündən qara xətt çəkdi.

Mənəvi dəyərlərimizin yaşadıcısı

Ulu Öndər mədəniyyətimizin hamisi kimi tarixi irsimizi, dəyərlərimizi qorudu, yaşatdı, xalqın milli köklərə bağlılığını təmin etdi, sayəsində ayrı-ayrı sahələrin kamil bilicilərinə, görkəmli yazıçılara, incəsənət xadimlərinə abidələr ucaldıldı, yubileylər yüksək səviyyədə qeyd olundu, sənətə, sənətkara dəyər, müəllim adına hörmət artdı. Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti yenidən dirçəldi, dahi şəxsiyyətin göstərişi ilə Şuşada Molla Pənah Vaqifin məzarı üstündə abidə – məqbərə ucaldıldı, Xurşidbanu Natəvana abidə qoyuldu, xalq düşməni damğası vurulan şair-yazıçılara bəraət verildi, adları əbədiləşdirildi, ölməz dramaturq Hüseyn Cavidin nəşi Uzaq Sibirdən gətirilərək doğma Vətəni Naxçıvanda torpağa tapşırıldı, abidəsi ucaldıldı. Qarabağda yaşamış tarixi şəxsiyyətlərimizin irsinin qorunması yönündə işlər həyata keçirildi, mədəni tədbirlər reallaşdırıldı. 
Ulu Öndər “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” ideyasını gerçəkliyə çevirdi. Bütün həyati risklərə, təhlükələrə rəğmən Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasında “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsinin əksini tapması ilə xalqı qarşısında növbəti əvəzolunmaz xidmətini böyük cəsarətlə yerinə yetirdi.

Böyük azərbaycanlı, böyük türk

1982-1987-ci illər – dahi şəxsiyyətin siyasi fəaliyyətinin ölkənin sərhədlərini aşan, böyük azərbaycanlı, böyük türk kimi böyük imperiyada böyük söz, nüfuz sahibi olduğu dövr. Ulu Öndər Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü və Nazirlər  Soveti sədrinin birinci müavini kimi bu illərdə yenə fikrini, düşüncəsini xalqının firavanlığını təmin etməyə, diqqətini, qayğısını Azərbaycanın inkişafı naminə yönəltdi, qətiyyətli addımlarla xalqını faciələrdən qorudu. “Kremldə ucalan türk bayrağı” təqdimatı ilə tanındı, sevildi bütün dünya türkləri tərəfindən türkçülük düşüncəsini, türkçülük faktını SSRİ kimi nəhəng imperiyanın ən ali iyerarxiyasına qədər aparıb çıxartdı.
Ümummilli Liderin ali kürsüdən gedişindən heç iki həftə keçməmiş nankor ermənilər, onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələni gündəmə gətirdilər. Və beləcə, köməksiz, arxasız qalan xalqımız üçün ağır, məşəqqətli günlər başladı. Bu səbəbdən tariximizə qara hərflərlə həkk olundu 1990-cı ilin 20 Yanvar günü. Qanlı hadisələr zamanı ölkəmizdəki insanların taleyinə biganə qalan naşı rəhbərlərdən fərqli olaraq fiziki cəhətdən uzaq, mənən yaxın olan, xalqını canından artıq sevən Ümummilli Lider Heydər Əliyev bütün həyati təhlükələrə, təxribatlara, təzyiqlərə baxmayaraq, Moskvada Azərbaycan SSR-in daimi nümayəndəliyinə gedərək faciəni qəti şəkildə pislədi, xalqının yanında olduğunu bir daha bəyan etdi.

Xalqın nicatı

1990-cı il iyulun 22-də doğma Vətəni – canı qədər sevdiyi Naxçıvanı qucaq açdı Ulu Öndərə, bağrına basdı naxçıvanlılar öz xilaskarını, qısa zamanda bu qədim diyar milli azadlıq hərəkatının mərkəzinə çevrildi, dahi şəxsiyyətin rəhbərliyi ilə ölkəmiz müstəqilliyə doğru böyük dönüş yoluna məhz Naxçıvandan qədəm qoydu. Sayəsində AXC-Müsavat hakimiyyətinin Naxçıvana dair məkrli planları iflasa uğradı, insanlar aclıqdan, səfalətdən, muxtar respublika işğaldan qurtularaq nicat yoluna çıxdı.
Ümummilli Lider Azərbaycanın dövlətçilik tarixi üçün xüsusi önəm daşıyan qərarlar verdi. Minlərlə naxçıvanlının coşqusu, sevgisi, məhəbbəti ilə 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçildi, çıraq işartısında verdiyi və dövlətçiliyin hüquqi bazasını təşkil edən mühüm siyasi-tarixi qərarlar xalqımızı gün işığına çıxardı. Siyasi sabitliyə xidmət edən, ölkəmizi inamlı, etibarlı gələcəyə aparan, dünyada qüdrətli söz, mövqe, nüfuz sahibi edən Yeni Azərbaycan Partiyasını təsis etdi. Azərbaycan SSR Ali Sovetinin iclaslarında qətiyyətlilik, cəsarətlilik rəmzinə çevrilən faktlarla zəngin tarixi çıxışlarını bu gün də televiziya ekranlarından böyük qürurla, fəxarətlə izləyərək deyirik: “Odur xalqın əsl nicatı!”

Milli Qurtuluşun banisi

Ümummilli Lider Heydər Əliyev məhvə sürüklənən xalqının harayına səs verərək 1993-cü ilin iyunun 15-də Naxçıvandan Bakıya gəldi, Milli Qurtuluşun banisinə, səbəbkarına çevrildi, rəhbərliyi ilə ölkənin taleyində əsaslı dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafelərini, ərazi bütövlüyünü qorumağa qadir nizami silahlı qüvvələr yaradıldı, torpaqlarımızın müdafiəsi ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olundu. 
Ulu Öndər müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasını hazırladı, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsini imzalamaqla aqrar sahədə islahatlar reallaşdırmaqla ölkəmizin dünya miqyasında siyasi-iqtisadi çəkisini artırdı, hərtərəfli inkişafına zəmin yaratdı.“Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”, – deyərək ölkədə xaos, hərc-mərclik yaratmağa, parçalamağa cəhd edən qüvvələrin arzusunu gözündə qoydu, həyatımızın bütün sahələrində canlanma prosesləri yaradan qərar, sərəncam və fərmanlar imzaladı, qurultaylar, forumlar keçirdi. Dahi şəxsiyyətin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinə dair mötəbər beynəlxalq konfrans keçirildi, bununla bu gün “Orta Dəhliz” adlanan “Avropa-Qafqaz-Asiya” layihəsinin bünövrəsi qoyuldu, bu dəhlizin Azərbaycan ərazisindən keçməsi şərtləndirildi. 1993-2003-cü illərdə, Azərbaycanda həyatın o sahəsi olmadı ki, orada inkişafa, yeniliyə imza atılmasın: can verən təbiətimizə can gəldi, “təbiət qəbiristanlığı” ifadəsini “cənnətməkan diyar” xitabları əvəzlədi.

Nə qədər ki Azərbaycan var, Ulu Öndər də var

2003-cü ildən etibarən Ümummilli Liderin mübarək yoluna sədaqətlə, əbədiyaşar ideyalarının işığında ölkəmiz, xalqımız qızıl hərflərlə şanlı tarix səhifələrini yazmağa başladı. Siyasi arenalarda diplomatik qələbələrin, iqtisadi, sosial, mədəniyyət, təhsil sahələrində uğurların sayı hər ötən il daha da çoxaldı. Kompleks, sistemli şəkildə reallaşdırılan, bütün sahələri əhatə edən geniş islahatlar konsepsiyası şəhər-kəndlərimizi başdan-başa dəyişdi, gözəlləşdirdi, müasirləşdirdi, insanların sosial-rifahı yaxşılaşdı. Ordumuz qüdrətləndi, 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt zəfəri mübarək arzularımızın gerçəkləşməsinə vəsilə olan Böyük Qələbəyə aparan yolda inam təknəmiz, ümid çırağımız oldu. İllərlə davam edən siyasi-diplomatik gedişlər, ordu quruculuğu nəticəsini verdi, Ali Baş Komandanın siyasi iradəsi, oğulların igidliyi sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə əbədi olaraq əzəli torpaqlarımıza qovuşduq. Dahi şəxsiyyətin “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir” vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin hər bir azərbaycanlını ayağa qaldıran mübarək kəlamları Böyük Qələbəmizin simvoluna çevrildi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” 2023-cü il sen­tyabrın 19-20-də isə müzəffər Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edildi. Bu gün Qarabağımızın hər qarışı dirçəlir, yenidən doğulur, müasir görünüşü ilə öz övladlarını qoynuna alır, adət-ənənələrimiz, tariximiz, genetik yaddaşımız bərpa olunur. Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün rəmzi sayılan üçrəngli bayrağımız ucalır Qarabağda, Şərqi Zəngəzurda, Şuşada, Laçında, Xankəndidə, Xocalıda... 
Ümummilli Liderimiz Heydər Əliyevin illər öncə təməlini qoyduğu, hər naxışında müdrikliyinin, fədakarlığının duyulduğu, müqəddəs amallarının yaşadığı “Müasir, müstəqil, qüdrətli, suveren Azərbaycan” adlı şah abidə dahi şəxsiyyətin yoluna sədaqət sayəsində bu gün dünyanın istənilən nöqtəsindən daha məğrur, daha yenilməz, daha əzəmətli, daha vüqarlı görünür. Üzərinə möhürlənən dahi şəxsiyyətin əbədiyaşar əməllərinin ifadəsinə çevrilən sözlər hər gün daha da əbədiləşir, daha da parlaqlaşır: “Nə qədər ki Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda əbədi olacağam”. 

Nail ƏSGƏROV
 

Nəşr edilib : 10.05.2025 00:00