NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Zəfər nidalı səfər və ya Ağdamdan dünyaya mühüm mesajlar

...

Ölkə başçısının Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasi lider kimi, işğaldan azad olunan Qarabağ torpaqlarına hər gedişi dərin məzmun ifadə edir, mühüm mesajları  ilə tarixə düşür. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri çərçivəsində yaradılan müasir infrastrukturla tanışlıq, rayonun Kəngərli kəndində yeni yaşayış evlərinin istifadəyə verilməsi, Muğam Mərkəzinin, Dəmiryol Vağzalının, Avtovağzalın və digər obyektlərin açılışı bu baxımdan olduqca mühüm ictimai-siyasi hadisə kimi yadda qaldı.
Bu tarixi səfər, ilk növbədə, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günündə olmaqla Qarabağı, Ağdamı azad görmək arzusu ilə yaşayan dahi şəxsiyyətin əziz xatirəsinə hörmətin ən ali ifadəsidir. Bu nöqteyi-nəzərdən, təbii ki, 25 il bundan öncə, 2000-ci il mayın 9-da Bakıda ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk qrupunun həmsədri Keri Kavanonun Ulu Öndər Heydər Əliyevə Ağdam Cümə məscidinə aid olan daş parçasını təqdim etməsi və dediyi sözlər xatirəmizdə canlanır. “Bu, Ağdamdakı məsciddən kiçik bir hissədir. Bu bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir. Ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq” – deyən amerikalı diplomata qarşı Ümummilli Liderin qətiyyətli baxışları yaxın gələcəkdə torpaqların mütləq azad ediləcəyi mesajını verirdi. Bəli, görkəmli dövlət xadimi bu jesti ilə bir daha diqqətə çatdırırdı ki, bu bölgədə haqsızlıq uzun sürməyəcək, müzəffər Ordumuz, əzmkar xalqımız gec-tez öz torpaqlarına sahib çıxacaq. Və 24 il sonra bərpa olunan məscidə həmin daş parçasının qaytarılması dahi şəxsiyyətin uzaqgörənliyinin, müdrik siyasətinin və bu siyasətin uğurlu davamının nəticəsi idi. Prezident İlham Əliyevin Ulu Öndərin anadan olduğu gündə baş tutan səfəri isə həmin tarixi hadisəni yenidən xatırlatmaqla tarixi ənənələrin, milli-mənəvi dəyərlərin bərpası missiyasının uğurla reallaşdığını sübut etdi, o cümlədən də ermənilərin daim oğurlamağa çalışdıqları xalqımıza məxsus muğam sənətinin Ağdama yenidən qayıdışının göstəricisinə çevrildi. Sitat: “Bütün insanlar həvəslə, zövqlə işləyirlər. Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq”. 
Qarabağa milli-mənəvi dəyərlərimizin, incəsənətimizin qayıdışına, eyni zamanda bu bölgələrimizdə muğamın təbliği və inkişafı yönündə görülən işlərə diqqəti çəkdikdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm töhfələrini mütləq şəkildə qeyd etməliyik. Belə ki, fondun təşkilatçılığı, dəstəyi ilə bu istiqamətdə respublika, beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir və həmin layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb. Əminliklə demək olar ki, Ağdam Muğam Mərkəzi də Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Ağdam səfəri zamanı incəsənət adamlarının, gənc xanəndələrin milli muğamımızı xalqımıza xas xırdalıqla, avazla ifa etmələri, səmimi mühit, yaradıcı atmosfer də dünyaya dəyərlərə sahibliyin ən gözəl formasını nümayiş etdirdi. 
Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfəri şərh etdi və bu zəfərin bölgədə yaratdığı yeni reallıqlara dair ən mühüm məqamlara toxundu. “Bu bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, – hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur” sözləri isə indiki geosiyasi vəziyyətdə ən ciddi mesaj təsiri bağışladı. Bəli, ötən 5 ilə yaxın zaman çərçivəsində regionda baş verən ictimai-siyasi hadisələr bu fikirlərin əyani təzahürüdür. Azərbaycanın 3 ölkə ilə strateji müttəfiqliyə imza atması, Çin kimi dünya iqtisadiyyatı nəhəngi ilə strateji tərəfdaşlığa nail olunması, eyni zamanda Şimal-Cənub, Orta dəhlizlərin işləmə qabiliyyətlərinin artırılması və bu xüsusda respublikamızla sıx təmaslar qurulması düşmənçilik mövqedə dayanan qüvvələrə qarşı güclü təsirə malik siyasi sillədir. Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsinin və onun altında yazılan mətnin Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olduğunu bilən kimi dərhal üzrün istənilməsi, paylaşımın silinməsi də respublikamızın artan nüfuzundan, Cənubi Qafqazda əsl söz sahibi olduğundan xəbər verdi. Respublikamızın ən mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünya əhəmiyyətli qlobal məsələlər barədə razılıqların məhz Bakıda əldə olunması beynəlxalq ictimaiyyətin xalqımıza, dövlətimizə olan etimadının mühüm göstəriciləridir. Bir sözlə, artıq dünyanın bütün ölkələri xalqımızın gücünə bələddir, Azərbaycanın Vətən müharibəsi ilə regionda yaratdığı yeni reallıqlarla hesablaşmalı olduqlarını dərindən dərk edir və bu gerçəkliklə barışmaq məcburiyyətindədirlər.
Xalq-lider birliyi, qurub-yaratmaq əzmi
Ağdam rayonunun Kəngərli kəndinin yenidən qurulması ölkə başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurlu icrasının növbəti mühüm mesajıdır. Bu baxımdan, mayın 10-da baş tutan tarixi səfər həm də dünyaya Azərbaycan xalqının tarixi mirasa sadiq, qurub-yaradan xalq olduğunu bir daha bariz şəkildə göstərdi. Bəli, vaxtilə erməni vandalizminə xitab olaraq “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün zəhmətkeş insanlarımız tərəfindən yenidən qurulur, dirçəldilir, həyata qaytarılır. Rayonun növbəti quruculuq ərməğanı Kəngərli kəndidir. Birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Ümumilikdə, yaşayış məntəqəsi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Bir kəndin timsalındakı bu faktlar belə deməyə əsas verir ki, işğaldan azad olunan torpaqlara qayıdış proqramı əhatəlidir, universaldır, çoxcəhətlidir. Yəni bu məsələdə məqsəd təkcə sakinlərin qayıdışı ilə məhdudlaşmır, onların daimi rahat, firavan yaşayışını, iş şəraitini, gənc nəslin təhsil imkanlarını təmin etmək, eyni zamanda da bölgənin turizm potensialını gücləndirmək, aqrar sahədə fəaliyyətə təkan verməkdir.
Böyük qayıdış proqramının icrası sayəsində Ağdam gələcəkdə ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfə verən bölgə kimi də tanınacaq. Bu baxımdan, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan Ağdam Sənaye Parkının rolu olduqca mühümdür. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə olunub. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satılıb. Belə ki, cari ildə müxtəlif çeşiddə qoruyucu ayaqqabı və poliuretan çəkmələrin istehsalı üzrə ixtisaslaşmış “BAFCO İnvest” MMC tərəfindən Rusiya, Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinə məhsul ixrac edilib. Hazırda ixracyönümlü fəaliyyətə dair müvafiq işlər həyata keçirilir. 
Sənayenin, kənd təsərrüfatının inkişafına təkan verən amillər sırasında, təbii ki, daşınmaların düzgün təşkili, nəqliyyat məsələsi də ön plana çıxır. Bu mənada, cari il mayın 10-da istifadəyə verilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi mühüm əhəmiyyət daşıyır. Dəmir yolu vağzalında gündəlik 800-1000 sərnişinin daşınması, avtovağzalda isə gündəlik 1300-1500 sərnişinə xidmət nəzərdə tutulur. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə getməsində həlledici rol oynayacaq. Kompleks sənaye və kənd təsərrüfatı məhsullarının da daha sürətli və sərfəli şəkildə daşınmasına imkan verəcək, bölgənin logistik potensialını əhəmiyyətli dərəcədə artıracaq. Mühüm nəqliyyat qovşağında yerləşən Azərbaycan üçün bu infrastruktur layihələri təkcə yerli istehsalın deyil, beynəlxalq ticarətin genişlənməsi baxımından vacibdir. 
Ümumi fikir olaraq onu deyə bilərik ki, Prezidentin Qarabağa növbəti səfəri çərçivəsində Ağdamda keçirdiyi görüşlərdə insanların səmimi fikirləri, jestləri xalq-lider birliyinin ən gözəl nümunəsini dünyaya bəyan etdi. Necə ki beynəlxalq ictimaiyyət 44 günlük Vətən müharibəsində bu həmrəyliyin ifadəsinin ən yüksək formada şahidi olmuşdu. Ölkə başçısının sakinlərlə səmimi söhbətində dediyi kimi: “Bunun əsas səbəbi Azərbaycan xalqının əyilməz ruhudur. Bax mən bunu sizə açıq deyirəm. Hər birimizin payı var. Əlbəttə, Ali Baş Komandan, bütün əməliyyatlara və bütün işlərə rəhbərlik edən şəxs kimi mənim payım da var, təbii olaraq, amma hər birimizin. Çünki xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. Şəhidlər dəfn olunurdu, şəhidlərin anaları, ataları, yaxınları deyirdilər ki, dayanma. Bilirsiniz bu nədir?! Xalqımız böyük xalqdır. Biz haqlı olaraq xalqımızla fəxr edirik, sizinlə fəxr edirik”.

Nail ƏSGƏROV

Nəşr edilib : 13.05.2025 10:38