Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd edilməsi çoxəsrlik mədəniyyətimizin yaşadılmasında mühüm töhfə olacaq
UNESCO-nun Baş Konfransının 7-22 noyabr 2023-cü ildə keçirilən 42-ci sessiyasında görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilmişdir. “Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 18 sentyabr tarixli Sərəncamı isə dahi sənətkara ölkə başçımız tərəfindən göstərilən böyük ehtiramın ifadəsidir. Məlumdur ki, Əcəmi Əbubəkr oğlu Naxçıvani Orta əsr Azərbaycan memarlığının ən möhtəşəm qollarından biri olan Naxçıvan memarlıq məktəbinin yaradıcısıdır. Ancaq zəmanəmizə qədər gəlib çatmış Orta əsr qaynaqlarında bu görkəmli memar haqqında əsaslı bir məlumat yoxdur. Ona görə də onun haqqında məlumatı biz özünün yaratdığı möhtəşəm abidələr və onların üzərindəki kitabələrdən alırıq. Bununla bağlı AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Hacıfəxrəddin Səfərli ilə həmsöhbət olduq. O bildirdi ki, tarixin ən mötəbər qaynaqlarından sayılan epiqrafik abidələr – kitabələr Orta əsrlər zamanı Naxçıvan bölgəsində yaşayıb-yaratmış bir sıra görkəmli şəxsiyyətlərin adlarını zəmanəmizədək gətirib çıxarmışdır. Onlardan biri də Əcəmi Əbubəkr oğlu Naxçıvanidir.
– Azərbaycan, konkret olaraq Naxçıvan memarlıq məktəbi və Əcəmi Naxçıvani. İstərdik ki, bu barədə bir qədər ətraflı məlumat verəsiniz...
– Bir sıra yerlərdə çoxlu memarlıq abidələri inşa etsə də, Əcəmi Naxçıvaninin yaratdığı abidələrdən zəmanəmizədək ancaq Naxçıvan şəhərində iki abidə – Yusif Küseyr oğlu və Möminə xatun türbələri gəlib çatmışdır. Memarlıq ədəbiyyatı materiallarında oxuyuruq ki, Naxçıvan şəhərində XIX yüzilliyə qədər qalıqları qalan başqa abidələr də, o cümlədən Atabəylər memarlıq kompleksinə daxil olan Qoşa minarəli baştağ və Came məscidi də bu görkəmli memarın yaradıcılığına məxsusdur. XII əsrdə Naxçıvan şəhərində yaradılan Atabəylər memarlıq kompleksinə daxil olan Eldənizlər sarayı (Dar ül-Mülk), Xanəgah və sair kimi inzibati və mülki binalar da XII əsrdə Əcəmi Naxçıvani tərəfindən inşa edilmişdir. Hətta elmdə 1979-cu ildə Ordubad rayonundakı Orta əsr Xaraba Gilan yaşayış yerində təsadüfən aşkar olunan türbənin də Əcəmi Naxçıvani tərəfindən XII yüzilliyin 80-ci illərində inşa edilməsi haqqında fikir vardır. Naxçıvan şəhərinin cənub tərəfində, Möminə xatun türbəsindən, təxminən, 400-500 metr aşağıda yerləşən Nuh Peyğəmbərin qəbirüstü türbəsinin ətrafından aşkar edilən kitabə fraqmentlərinin, abidələrin inşasında istifadə оlunan inşaat materiallarının, yan üzlərin bəzədilməsində gördüyümüz оrnament-naxışların, kaşı nümunələrinin oxşarlığına, əsasən, ehtimal etmək mümkündür ki, bu türbə də Naxçıvan memarlıq məktəbinə məxsusdur və bu məktəbin çiçəklənmə dövrü keçirdiyi XII yüzilliyin оrtalarında Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Yusif Küseyr oğlu türbəsindən az sonra tikilmişdir.
Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində ərsəyə gətirdiyi abidələrdən bir neçəsinin, o cümlədən Yusif Küseyr oğlu və Möminə xatun türbələrinin və qoşa minarəli baştağın kitabələri XIX yüzilliyin ortalarından etibarən tədqiq olunmuşdur. Bu tədqiqatların nəticəsi kimi həmin abidələrin təyinatı, sifarişçisi, inşa tarixi və memarı haqqında məlumatlar elmi dövriyyəyə daxil edilmişdir. Beləliklə, bu kitabələrin təqdim etdiyi məlumatlar əsasında görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin adı elmi ictimaiyyətə məlum olmuşdur.
– Əcəmi Əbubəkr oğlu Naxçıvani yaratdığı dünyaşöhrətli abidələrdən Yusif Küseyr oğlu türbəsinin üzərində imzasını “Bənna Əcəmi Əbubəkr oğlu Nəşəvinin əməlidir”, Möminə xatun türbəsinin üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” şəklində təqdim etmişdir. Bu məsələyə münasibətinizi bilmək istərdik...
– Kitabəsindən göründüyü kimi, memar Əcəmi Əbubəkr oğlu Naxçıvani ilk yaradıcılıq məhsulu olan Yusif Küseyr oğlu türbəsinin üzərində özünü “Nəşəvi” nisbəsi (doğulduğu və ya yaşadığı yerin adı) ilə təqdim etmişdir. Nəşəva, Nəşəvi Orta əsrlər zamanı Naxçıvan şəhərinin adlarından biri olmuşdur. Orta əsr ərəb coğrafiyaşünası Yaqut əl-Həməvi Yusif Küseyr oğlu türbəsinin inşasından az bir müddət sonra, XIII əsrin əvvəllərində qələmə aldığı “Mücəm əl-Buldən” (“Ölkələrin əlifba sırası ilə sıralanması”) əsərində Naxçıvan şəhəri haqqında iki dəfə bəhs edir. O, Naxçıvan şəhərinin adını birinci dəfə Naxcuvan, Nakcuvan, ikinci dəfə isə Nəşəva kimi qeyd etmişdir. XII əsrdə olduğu kimi şəhər XIII əsrin əvvəllərində də Nəşəva, bununla belə həm də Naxcuvan, Nakcuvan kimi də adlanmışdır. Məhz bu səbəbdəndir ki, memar Əcəmi Əbubəkr oğlu Naxçıvani Yusif Küseyr oğlu türbəsindən 24 il sonra, 1186-cı ildə inşasını başa çatdırdığı Möminə xatun türbəsinin kitabəsində özünü “Naxçıvani” nisbəsi ilə təqdim etmişdir.
Naxçıvan şəhəri Azərbaycanın mühüm elm, təhsil və mədəniyyət mərkəzlərindən biri kimi, 1136-cı ildə tarix səhnəsinə çıxan Azərbaycan Atabəyləri dövlətinin paytaxtlarından birinə çevrilmişdi. Əcəmi Naxçıvani belə bir mühitdə Naxçıvan şəhərində doğulmuşdur. Təəssüf ki, görkəmli memarın anadan olduğu və vəfat etdiyi tarix dəqiq məlum deyildir. Orta əsr qaynaqlarında da bu haqda elə bir məlumat yoxdur.
– Siz necə düşünürsünüz?
– Memarın doğum və ölüm tarixi haqqında ancaq onun yaratdığı abidələr əsasında müəyyən mülahizələr yürütmək, bu tarixləri təxmini də olsa müəyyən etmək olar.
Qeyd olunduğu kimi, Əcəmi Naxçıvaninin zəmanəmizədək gəlib çatan abidələrindən Yusif Küseyr oğlu türbəsinin inşası 1162-ci ildə, Möminə xatun türbəsinin inşası isə 1186-cı ildə başa çatmışdır. Əzəməti, möhtəşəmliyi, naxışlarının və kitabələrinin mükəmməlliyi ilə Möminə xatun türbəsi Yusif Küseyr oğlu türbəsini geridə qoyur. Bu da təbii bir haldır. Çünki inşa tarixlərindən də göründüyü kimi Yusif Küseyr oğlu türbəsini memar nisbətən gənc və ya cavan yaşlarında inşa etmişdir. Möminə xatun türbəsini isə ondan bir neçə il sonra, yaşının və sənətinin kamillik çağında ucaltmışdır. Fikrimizcə, Yusif Küseyr oğlu türbəsini inşa edərkən memar 30-35 yaşlarında, Möminə xatun türbəsini tamamlayarkən isə 55-60 yaşlarında olmuşdur. Bu iki türbənin inşa tarixlərini əsas götürərək Əcəmi Naxçıvaninin doğum tarixini, təxminən, XII yüzilliyin 20-ci illərinə aid etmək olar. Görünür, UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında Əcəmi Naxçıvaninin 900 illik yubileyinin UNESCO çərçivəsində 2024-2025-ci illər ərzində qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi haqqında qərar qəbul edilərkən də bu amillər əsas götürülmüşdür.
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin təvəllüd tarixi kimi, vəfat tarixi də dəqiq bilinmir. Fikrimizcə, 1186-cı ildə Möminə xatun türbəsini, bundan az sonra onun yaxınlığında Came məscidi kimi daha möhtəşəm bir abidəni inşa edən Əcəmi Naxçıvani qeyd olunduğu kimi, həmin vaxt sənətinin və yaşının kamillik dövrünü yaşamışdır. İnsanın, xüsusilə kişilərin orta ömrünün 70-75 il olduğunu nəzərə alaraq böyük memarın XII yüzilliyin sonlarında vəfat etdiyini ehtimal etmək olar.
Dünyasını dəyişdikdən sonrakı dövrlərdə Əcəmi Naxçıvani yaradıcılığının və onun yaratdığı məktəbin təsiri ilə çox geniş bir ərazidə möhtəşəm memarlıq abidələri yaradılmışdır. Bu memarlıq məktəbinin təsiri elə Naxçıvan bölgəsində indiyədək qalan, bəlkə də, Əcəmi Naxçıvaninin özü tərəfindən inşa edilmiş Gülüstan türbəsində (XII-XIII əsr), Qarabağlar memarlıq kompleksində (XII-XIV yüzillik), Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndəsi Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani tərəfindən inşa edilmiş Bərdə türbəsində (1322-ci il), Cənubi Azərbaycanın Marağa şəhərindəki Göy günbəzdə (1196-cı il), Səlmas türbəsində (XIV əsr) və digər abidələrdə aydın şəkildə izlənir.
– Naxçıvan memarlıq məktəbinin təsir coğrafiyası çox genişdir. Azərbaycan hüdudlarını aşıb keçən bu coğrafiya Yaxın və Orta Şərq ölkələrini də əhatə etmişdir. Bu baxımdan, sizin fikirləriniz də maraqlı olardı...
– Bu ölkələrdə yetişən bir sıra görkəmli memarlar öz yaradıcılıqlarında Azərbaycan memarlığının Naxçıvan məktəbində Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tətbiq olunan bir sıra memarlıq ünsürlərindən geniş şəkildə istifadə etmişlər. Orta Asiyada, xüsusilə Səmərqənd şəhərində inşa edilən memarlıq nümunələrində də Əcəmi Naxçıvani sənətkarlığının izlərinə rast gəlinir. Çünki bilindiyi kimi, Orta Asiya fatehi Əmir Teymur tutduğu ərazilərdə fəaliyyət göstərən görkəmli sənətkarların hamısını əsir götürərək paytaxt Səmərqəndə aparırdı. Həmin sənətkarlardan Səmərqənddə möhtəşəm memarlıq abidələrinin inşasında istifadə olunurdu. 1387-ci ildə Naxçıvanı tutduqdan sonra buradan da yerli sənətkarlar, o cümlədən memarlar Səmərqəndə köçürülmüş və onlar paytaxtın abadlaşdırılmasında iştirak etmişlər. Ona görə də bu abidələrdə Naxçıvan memarlıq məktəbinə məxsus xüsusiyyətlər öz əksini tapmışdır.
Uzun müddət Səfəvilər dövlətinin paytaxtı olmuş İsfahan şəhərinin memarlıq abidələrində, XVI yüzillikdə yaşamış məşhur türk memarı Sinanın İstanbulda inşa etdiyi abidələrdə də Əcəmi Naxçıvani yaradıcılığının təsiri özünü aydın şəkildə göstərir.
Sinan yaradıcılığında Əcəmi Naxçıvani yaradıcılığının belə qabarıq şəkildə əks olunması isə heç də təsadüfi deyildir. Memar Sinan gənclik vaxtlarında mühəndis kimi Osmanlı ordusunda xidmət edərkən Sultan Süleyman Qanuninin 1535-ci ildə Azərbaycana yürüşü zamanı ordu ilə birlikdə Naxçıvana gəlmiş, Naxçıvan şəhərində Əcəmi Naxçıvani yadigarlarını görmüşdür. Memar Sinan Naxçıvanda olarkən Əcəmi Naxçıvani yadigarlarından indiyədək qalan Yusif Küseyr oğlu və Möminə xatun türbələri ilə yanaşı, həmin vaxt salamat vəziyyətdə olan qoşa minarəli baştağı, Came məscidi və digər abidələri də seyr etmişdir. Bu abidələr onun yaddaşında böyük təsir buraxmışdı. Həmin təsir bütün yaradıcılığı boyu görkəmli memarı izləmiş, yaratdığı abidələrdə özünü göstərmişdir.
Onun yaradıcılığını təhlil edərkən belə bir qənaətə gəlmək olur ki, o dövrünün görkəmli memarı olmaqla bərabər, həm də zəmanəsinin bir sıra elmi biliklərinə, xüsusilə həndəsə, riyaziyyat, astronomiya və s. dünyəvi və dini elmlərinə dərindən yiyələnmiş, hərtərəfli inkişaf etmiş şəxsiyyət, böyük bir filosof olmuşdur. Təsadüfi deyildir ki, başqa həmkarlarından daha çox üstünlüklərə və elmi biliklərə malik olduğu üçün Əcəmi Naxçıvani müasirləri tərəfindən “Şeyxül-Mühəndisin” (“Mühəndislərin başçısı”, “Mühəndislərin şeyxi”) kimi dəyərləndirilmişdir.
– Əcəmi Əbubəkr oğlu Naxçıvani inşa etdiyi abidələr üzərində yazdığı kitabələrdə özünü “bənna” kimi təqdim etmişdir. XI-XIII əsrlərdə Azərbaycan memarlığında, xüsusilə onun Naxçıvan məktəbində “bənna” titulu daha üstün və məna tutumuna görə, daha genişmiqyaslı olmuşdur.
– Tədqiqatçılar yazırlar ki, XII əsrin memarlıq tarixi onunla yanaşı dayana biləcək digər bir layiqli memar tanımır. Yaratdığı möhtəşəm memarlıq nümunələrinə, əsasən, mübaliğəsiz, demək olar ki, müsəlman intibahı dövründə – XII əsrdə Gəncə şəhərində Nizami, Naxçıvan şəhərində isə Əcəmi Naxçıvani kimi dahi şəxsiyyətlər yetişmiş, yaşamış və fəaliyyət göstərmişdir. Fikrimizcə, Nizami Gəncəvi ədəbiyyatda hansı zirvəyə yüksəlmişsə, Əcəmi Naxçıvani memarlıqda həmin zirvəni fəth etmişdir.
– 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bir ziyalı kimi imzalanan bu Sərəncama münasibətinizi bilmək istərdik.
– Prezident İlham Əliyevin 2026-cı ili ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan etməsi olduqca mühüm bir qərardır. Sərəncamda da haqqında bəhs etdiyimiz qüdrətli sənətkar Əcəmi Naxçıvaninin yaradıcılığı yüksək qiymətləndirilmiş, dövrün memarlıq məktəbinin ən yüksək zirvəsi adlandırılmışdır. Bu gün dövlət tərəfindən mühafizə olunan abidələr, məscid və karvansaralar milli memarlığı özündə ehtiva edir. Bədii-memarlıq həllinin kamilliyi baxımından Naxçıvanda qorunan Möminə xatun, Gülüstan türbələri, Qarabağlar türbə kompleksi və sadalamadığımız onlarla abidələr Azərbaycan memarlığının nadir incilərindəndir. Milli ənənələrdən yaradıcı şəkildə istifadə olunması sənətkarlar tərəfindən hər zaman diqqətdə saxlanılıb. Hər bir ölkənin özünəməxsus şəhərsalma və memarlıq ənənələri vardır. Köklü memarlıq ənənələrinə malik olan ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması mütəxəssislər, memarlar, urbanistlər və gənc yaradıcılar üçün yeni imkanlar ili olacaq. Bu çərçivədə elmi müzakirələrin, beynəlxalq forumların, sərgilərin, müsabiqələrin və maarifləndirici layihələrin keçirilməsi gözlənilir. Bu isə həmin sahədə peşəkar mühitin güclənməsinə, dünya təcrübəsinin öyrənilməsinə və milli memarlıq düşüncəsinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edəcək.
– Müsahibəyə görə sağ olun.
Söhbətləşdi: Muxtar MƏMMƏDOV