NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Ürəklərimizdə əbədiyaşarlıq qazanmış LİDER

...

Onun məqsədi bugünkü Azərbaycan idi...

 

Yunan filosofu Platon yazırdı: “Ağıllı dövlət başçısı baş verə biləcək hadisələrin qarşısını peşəkarcasına almaqla, əslində, öz dövlətinə və xalqına xidmət edir”.

Tarixdə böyük işləri, əməlləri ilə dərin izlər qoymuş şəxsiyyətlərin fövqündə dayanmaq kimi böyük və fövqəlbəşər reytinq qazanmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Xalqımızın böyük oğlu Heydər Əliyev belə xoşbəxtliyə nail ola bilmişdi. Ancaq bu Ona asan başa gəlməmişdi. Bu gün Ulu Öndərimiz haqqında keçmiş zamanda danışmaq çətin olsa da, təskinliyimiz ondadır ki, O, ürəklərimizdə əbədi yaşamaq hüququ qazanıb, bizim bu günümüzü düşünüb, bütün bilik və bacarığını, rəhbərlik istedadını bu yola sərf edib. 
...Azərbaycanın daha da gözəl günlər yaşamasını təmin etmək üçün gecəli-gündüzlü fəaliyyət göstərən bu böyük insanda olan enerjiyə dünyanın siyasi xadimləri də həsəd aparırdılar. Bu enerji ömrünü bütünlüklə öz xalqına həsr edən insana verilmiş İlahi vergi idi və xalqımız belə şəxsiyyətlə haqlı olaraq qürur hissi keçirir. Xüsusilə qeyd edilməlidir ki, öz şəxsi keyfiyyətləri ilə əsl millilik, vətənpərvərlik, böyüklük, dahilik rəmzi olan Heydər Əliyev xarakteri, ilk növbədə,  Azərbaycançılıq xüsusiyyəti ilə açılırdı. Böyüklük, dahiliklə yoğrulmuş xarakter, şəxsiyyət həmişə böyük işlər görməklə formalaşıb. Bu böyüklük, dahilik hər şeydən uca olan Azərbaycançılıq missiyasından yaranmışdı. Onun üçün Vətən adlı bir sevgi idi Azərbaycançılıq. Və müəllifi də Ulu Öndər özü idi. Digər insani keyfiyyətlər də məhz bu mənbədən qaynaqlanırdı. Rəhbərlik təcrübəsinin kökü də bunun üzərində qurulmuşdu. 
Dəfələrlə sübut olunub ki, rəhbər üçün ən böyük keyfiyyətlərdən biri, sözün əsl mənasında, milli mentalitetə malik olmaq, zamanı qabaqlamaq bacarığıdır. Dahi Öndər Heydər Əliyev də hadisələrin gedişini geniş zaman çərçivəsində izləyir və bundan çox uzaqlara gedən nəticələr çıxarırdı. Daha doğrusu, lap uzaq gələcəyi görmək qabiliyyəti var idi onda. Görkəmli dövlət xadiminin həyat və siyasi fəaliyyətində qazandığı uğurlarda bu amil başlıca rola malik idi. Dahi öndərin özünə, həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasətə yaxından bələd olan sabiq ABŞ prezidenti Bill Klinton da, yəqin ki, buna görə deyirdi: “Heydər Əliyev təkcə Azərbaycanı yox, bütün dünyanı idarə etməyi bacaran siyasi xadimdir”.
...İctimai-siyasi sabitliyin, qanunların aliliyinin hökm sürdüyü şəraitdə demokratiyanın yaranıb inkişaf edə bilməsini, onun hüdudlarının genişliyini dəfələrlə bəyan edən, hər xalqın mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişafını vurğulayan Ümummilli Lider qətiyyətlə bəyan edirdi ki, nə burada, nə də Azərbaycandan kənarda heç kəs narahat olmasın; Azərbaycan demokratiya yolu ilə gedir və gedəcəkdir. Bu yolun alternativi yoxdur. Və bu qənaətin də özünü doğrultduğunu hamımız gördük. Heydər Əliyev  siyasətinin gücünə inanmayanlar isə böyük səhv etdiklərini... 
Demokratik Azərbaycan dövlətinin müstəqilliyinin bərqərar olmasını xalqımızın həm iqtisadi, həm də mənəvi qələbəsi sayırdı Ulu Öndər. Ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsində, müstəqilliyimizin daha da möhkəmləndirilməsində, onun əbədiliyinin və dönməzliyinin təmin olunmasında hər birimizin məsuliyyət daşımasını vurğulayır, Azərbaycanın müstəqillik kimi bir sərvətini xalqımız üçün böyük nailiyyət hesab edir, həyatının ən çətin anlarında, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqa arxalandığını deyirdi. Xalqımızın bugünkü birliyinin təməlində də Azərbaycanın müstəqilliyi, Vətənimizin suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda var qüvvəsi ilə çalışan, heç bir terrordan, heç bir hədə-qorxudan çəkinməyən Ulu Öndərimizin mübarizələrlə dolu həyat təcrübəsi dayanırdı. Təbii ki, belə zəngin həyat təcrübəsi keçilən uzun bir yolda qazanılmışdı. Ancaq o da etiraf olunmalıdır ki, bu yol heç də hamar olmayıb. Ulu Öndər isə başladığı yoldan bir addım da geri çəkilməyib, öz şəxsi nüfuzu, idarəetmə bacarığı ilə qarşısına qoyduğu məqsədə çatıb. Bu məqsəd bugünkü Azərbaycandır. Və hər bir azərbaycanlının eyni xalqın övladları olduqları üçün dahi şəxsiyyətlə qürur duymasına mənəvi haqqı çatır. 
Bu da aksiomdur ki, görkəmli dövlət xadimi Heydər Əliyev həm də Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərin fövqündə dayanmaq imici qazanıb. O da hər birimiz üçün böyük şərəfdir ki, bu həqiqəti dünyanın məşhur siyasi xadimləri də etiraf edirlər. Zbiqnev Bjezinski (ABŞ) yazırdı: “O həqiqətən, beynəlxalq səviyyəli dövlət xadimi və tarixi əhəmiyyətli Milli Lider idi. O, Azərbaycanın müstəqilliyinin, ölkənin firavanlığa doğru inkişafının və demokratiyaya doğru yolunun əsasını qoydu”.
Ötən əsrin 60-cı illərini o dövrü yaşayanlar yaxşı xatırlayırlar. 
Qədim və şanlı tarixə malik, başı saysız-hesabsız bəlalara düçar olmuş doğma Azərbaycan Onun hakimiyyətə gəlişinə qədər sanki sahibsiz bir respublika təsiri bağışlayırdı. Mövcud insan potensialından, yeraltı-yerüstü sərvətlərdən necə istifadə etmək Moskvanın əlində idi. Dahi Öndərin gəlişi isə bir neçə ay ərzində Moskvanı, necə deyərlər, 180 dərəcə dəyişdirdi. 35 il Azərbaycan peyğəmbərcəsinə idarə olundu. Heydər Əliyev idi bu Peyğəmbər. Hakimiyyətə Heydər Əliyev kimi gəlmişdi – peyğəmbərliyi isə fəaliyyəti dövründə qazanmışdı. Mövcudluğu dövründə xalqımızın nail olduğu bütün inkişaf tarixi də məhz bu illərin coğrafiyasındadır. Bu tarixi dahi öndər yazdı qızıl hərflərlə...
1969-cu ilin isti yay günlərinin birində Azərbaycana rəhbər təyin olunan Ulu Öndər Heydər Əliyev onu qarşıda gözləyən çətinlikləri özünəməxsus intuisiya ilə görürdü. Onun böyüklüyü də elə bunda idi ki, bu yollardakı mübarizənin ağırlığını da, son nəticələri də əvvəlcədən bilirdi.
Tanrı Onu bu xalqı düşdüyü bəlalardan qurtarmaq üçün yaratmışdı. O da görməli olduğu işi yerinə yetirməyə layiqliyini Tanrı və xalqımız qarşısında sübut etdi.
O gün Azərbaycan öz ikinci həyatını yaşamağa başladı. Xalq öz həqiqi xilaskarını başının üstündə gördü, dərindən və rahat nəfəs aldı. O xilaskar da fəaliyyətə bütün tarixi yeniliklərimizə, uğurlarımıza qara eynək arxasından baxan, üzdə bir, arxada ayrı cür hərəkət edən vəzifəli şəxsləri tutduqları və layiq olmadıqları postlardan təmizləməklə başladı. Onlar da qısa bir vaxtda başa düşdülər ki, qarşılarındakı elə-belə şəxsiyyət deyil – Heydər Əliyevdir bu... 
...1983-cü ildə Heydər Əliyevin Mos­kvaya daha yüksək vəzifəyə irəli çəkilməsi bəzi siyasət adamları tərəfindən birmənalı qarşılanmadı. Mənə – sıravi bir jurnalistin düşüncəsinə görə, burada bir neçə məqam gizlənmişdi: imperiya başçıları ona ehtiyac duyduqlarını bəyan edəndə bunu alqışlarla qarşıladıq –  doğrudan da, o bu vəzifəyə, hələ ondan da böyük vəzifəyə layiq idi; ikinci məqamın arxasında isə çox böyük və çirkin bir məqsəd dayanmışdı: Heydər Əliyevi Azərbaycandan ayırmaqla tarixən parçalanmaqda olan, Ulu Öndərin respublikaya rəhbərliyi dövrü qarşısı alınan bir çirkin oyunun davamına nail olmaq. Axı 1969-cu ilə kimi nə qədər torpaqlarımız mənfur siyasətə qurban getsə də, onun gəlişi ilə torpaqlarımızın “pay-püşü” dayandırılmışdı. Bu isə Moskvada oturan başbilənlərə və onların Ermənistandakı əlaltılarına xeyir vermirdi axı! Bütün bunlar reallıqdır. O da reallıqdır ki, Moskvada yaşayanda da, orada işləyəndə də bu böyük şəxsiyyətin əli xalqımızın çiynindən götürülmədi. Lakin daxildə sapı özümüzdən olan baltalar nələrsə etməyə çalışsalar da, məhz dahi şəxsiyyətin kiçik bir “gözağartması” milli mentalitetdən uzaq olan yerli başçıları öz yerlərində oturmağa məcbur edirdi.
...Təpələr üzərində ucalmış “zirvələr” özlərini və xalqı dərk etməkdən uzaq olurlar. Bu onların bəlasıdır, böyük və dəhşətli cılızlıqdır və ona görə də belələri həmişə nifrətlə damğalanan məhvə məhkumdurlar. Tarix dəfələrlə sübut edib bunu – Vəzirovlar, Mütəllibovlar siyasətinin sonu həm özləri, həm də xalq üçün nə ilə nəticələndi? Yenidən Azərbaycanda hakimiyyətə qayıdan dahi rəhbər hər şeyi sıfırdan başlamalı oldu və sübut etdi ki, O kimdir! Fransız mütəfəkkiri Pol Anri Holbaxın gəldiyi qənaət bu sualın ən gözəl cavabı ola bilər: “Hakimiyyət o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət tərbiyə və alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir”. Bunların hamısı isə Ulu Öndərdə cəmləşmişdi. Həmçinin dahi rəhbər həmişə verilən sözlə görülən işin vəhdətdə olmasına böyük önəm verirdi. Bu isə o deməkdir ki, əgər şəxsiyyət öz dediyini əməli ilə sübut edirsə, bu onun daxili dünyasının tələbatından irəli gəlir. Və bu tələbat böyük ideallara xidmət edirsə, onda bu ideal uğrunda mübarizə xalq tərəfindən müdafiə edilir, təqdir olunur. Görkəmli dövlət xadimi Heydər Əliyevi bütün fəaliyyəti boyu xalqımız məhz bu cür gördü. 
Məqsədi bugünkü Azərbaycan olan Ulu Öndərin ölkəmiz üçün, onun gələcəyi naminə gördüyü ən böyük iş müstəqil dövlətimizin qorunub saxlanılması, inkişafı və dünya dövlətləri sırasına daxil olması, xalqın azadlığı uğrunda mübarizə dahi rəhbərin həyat amalı idi. Onun mübarizliyi, vətənsevərliyi, doğma xalqına, torpağına bağlılığı nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan Azərbaycanda yaşayırıq və bundan qürur duyuruq. Sevinirik ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu inkişafa isə muxtar respublikada dahi öndərin uzun illər üçün hesablanmış quruculuq siyasətinə böyük ehtiram və məhəbbət hesabına nail olunub. 

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 21.10.2024 10:28