NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

“Şərq qapısı” 103 yaşını qeyd edir

...

Bir neçə il əvvəl çapdan çıxmış “Molla Nəsrəddin” ensiklopediyası” adlı çox qiymətli bir kitabda “Şərq qapısı”nın 103-cü ildönümü ərəfəsində qəzetimizlə bağlı oxuduğum bir hissəni xatırladım: “Şərq qapısı” qəzeti nəşri müddətində Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni mühitinə güzgü tutmuş, fəaliyyətində mətbuatın köklərinə, ədəbi qaynaqlarına müraciət etməkdən çəkinməmişdir. Qəzet “Molla Nəsrəddin”in sözü ilə” adlanan rubrikasında cəmiyyətdəki nöqsanları öz səhifələrində işıqlandırmaqdan çəkinməmiş, tənqidi yazıların çapına şərait yaratmışdır”. 
Çox doğru olan bir qənaətdir. “Şərq qapısı”, “Əkinçi” və “Molla Nəsrəddin” ənənələrini öz fəaliyyətində davam etdirməyi vacib sayan bir mətbu orqanı kimi ötən bir əsrdən artıq bir dövrdə rastlaşılan neqativ hallara, inkişafımıza mane olan əngəllərə qarşı barışmaz mövqedə dayanıb. Həmin yazıda da deyildiyi kimi: “Şərq qapısı” qəzetindəki satira xətti “Molla Nəsrəddin” jurnalının mövqeyinin əks-sədasıdır... Qəzet mətbuat tariximizlə bağlı maraqlı yazılar dərc etmişdir. “Molla Nəsrəddin” jurnalının nəşri tarixinə işıq salan bir neçə məqalə bu baxımdan xüsusilə əhəmiyyətlidir. İbrahim Mollayevin müəllifi olduğu “Molla Nəsrəddin”in naxçıvanlı müxbirləri” (“Şərq qapısı” qəzeti, 30 iyul 1965), M.Yusifov tərəfindən qələmə alınan “Molla Nəsrəddin” jurnalı Naxçıvan haqqında” (“Şərq qapısı” qəzeti, 21 aprel 1976) diqqəti cəlb edir. Bu siyahını bir qədər də artırmaq olar”. 
“Mən jurnalistlərə, mətbuat orqanlarına böyük hörmətlə yanaşıram. Sizin əməyinizi çox ağır, mürəkkəb əmək hesab edirəm. Özünü bu peşəyə həsr edənlər əsl hünər göstərirlər”, – deyən Ümummilli Liderimiz hələ o dövrdə Azərbaycanın ictimai fikir tarixində mühüm rolu olan mətbuatın daha sürətli inkişafına, söz, fikir azadlığına şərait yaradıb, respublika mətbuatında öz dəst-xəti olan qələm sahibləri yüksək dövlət mükafatlarına layiq görülüblər.
Bir qədər geriyə qayıdaraq etiraf edək ki, sovet hakimiyyəti illərində dövlətin ideoloji tələbləri söz azadlığına, mətbuatın demokratik prinsiplərlə inkişafına imkan vermirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuatının 130 illik yubiley mərasimində dediyi kimi: “O dövrün ideoloji çərçivələri icazə vermirdi ki, Sovet Azərbaycanında söz azadlığı tam bərqərar olsun. İdeoloji çərçivələr imkan vermirdi ki, mətbuat hərtərəfli inkişaf etsin”.
Bütün bu maneələri aradan qaldırmağı 1969-cu ildə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev özünün prioritet vəzifəsinə çevirdi. 
Azad mətbuatın, demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olan, mütərəqqi idealların carçısına çevrilən, xalqın ülvi arzularının reallaşmasına öz töhfəsini verən söz tribunamız müstəqillik illərində yenə də məhz dahi şəxsiyyət Heydər Əliyevin apardığı uzaqgörən siyasətin, həyata keçirilən məqsədyönlü tədbirlərin hesabına özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ulu Öndərin 1998-ci il avqust ayının 6-da imzaladığı “Söz, fikir, məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı mətbuat işçilərinin böyük sevincinə səbəb oldu. Bu sənədlə Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin fəaliyyəti dayandırıldı.
Ulu Öndərin bu istiqamətdə gördüyü ən mühüm işlərdən biri də 2000-ci il mart ayının 27-də imzaladığı Fərman idi. “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” adlı bu tarixi sənəd ölkəmizdə mətbuata dövlət qayğısının daha bir təzahürü kimi dəyərləndirildi.
Ulu Öndər deyirdi: “Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfələrini vermişdir”. Təbii ki, bu töhfələr mətbuatımıza Ulu Öndərin böyük qayğısından qaynaqlanırdı. Belə qayğının davamı kimi Ümummilli Liderin 2001-ci il dekabr ayının 27-də imzaladığı “Kütləvi İnformasiya Vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da mühüm əhəmiyyət daşıyan sənəd kimi dəyərləndirilməlidir. 
 2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu Öndər Heydər Əliyev demişdir: “Bilin, mən jurnalistləri həmişə sevmişəm. Mən bir dəfə söylədim ki, keçmişdə, sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur”. 
Bütün bunlara rəğmən onu da vurğulamağı vacib sayırıq ki, Ümummilli Liderin kütləvi informasiya vasitələrinin inkişafına, jurnalist əməyinin qiymətləndirilməsinə göstərdiyi qayğının bəhrələrini “Şərq qapısı” qəzetinin timsalında aydın görmək olar. Köklü mətbuat ənənələri olan qəzetin fəaliyyətini Ulu Öndər yüksək qiymətləndirərək deyirdi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm... O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
Yeri gəlmişkən, bir faktı diqqətinizə çatdırmaq istərdim. Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ərəfəsində, 13 iyul 2010-cu il tarixli nömrəsində “Ziyalı tribunası” rubrikasında dərc olunmuş “Mətbuat cəmiyyətin güzgüsüdür. Onun nüfuzunu yüksəldən başlıca amil dövlətçilik dəyərlərinin formalaşması prosesində oynadığı roldur” sərlövhəli müsahibəmdə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, 1991-2000-ci illərdə “Şərq qapısı” qəzetinə redaktorluq etmiş mərhum Səxavət Kəngərli mətbuatda işlədiyi dövrlərdə Ümummilli Lider Heydər Əliyevlə görüşlərini xatırlayaraq dedi: “Ümummilli Liderimiz mətbuata qarşı çox həssas və qayğıkeş insan idi. Çünki mətbuatın cəmiyyət həyatındakı rolunu yaxşı bilirdi. O, daim qəzetin fəaliyyəti ilə maraqlanır, muxtar respublikanın maddi vəziyyətinin son dərəcə ağır olmasına baxmayaraq, qəzetin nəşrinin davam etdirilməsinə hər cür maddi köməklik göstərir, onun keyfiyyətini yaxşılaşdırmaq, ideya-siyasi cəhətdən düzgün istiqamətləndirmək üçün çox qiymətli tövsiyələr verirdi”. 
Səxavət müəllim onu da deyirdi ki, qəzetin hər bir nömrəsi ilə yaxından maraqlanan Ulu Öndər vəsait çatışmadığı üçün “Şərq qapısı” qəzetinin bülleten şəklində nəşr edilərək paytaxt Bakıya göndərilməsini təmin etmişdi. Məqsəd o idi ki, Bakıda və ölkənin digər bölgələrində yaşayanlar muxtar respublikada gedən ictimai-siyasi proseslərdən xəbər tuta bilsinlər. 
Həyatımızın bütün sahələri ilə yanaşı, mətbuata da böyük qayğı göstərən Ulu 
Öndərin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin ötən dövr ərzində bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü tədbirlər hər bir mətbuat işçisinin hərtərəfli fəaliyyətinə böyük imkanlar yaradıb.
Şərəfli bir yol keçmiş, bölgənin ictimai-siyasi, mədəni, iqtisadi həyatında mühüm rol oynamış “Şərq qapısı” qəzeti də belə qayğılardan kənarda qalmayıb. Belə ki, son illərdə əməkdaşların əməkhaqqı bir neçə dəfə artırılıb, 3 şöbə yaradılıb, qəzet müasir bina və texnoloji avadanlıqlarla təmin edilib. 2021-ci ildə qəzetin 100 illik yubileyi keçirilib. Yubiley tədbirində qəzetdə səmərəli fəaliyyət göstərən əməkdaşlar mükafatlandırılıb. 
Bu gün muxtar respublikamız ölkə başçısı cənab İlham Əliyevin hərtərəfli qayğısı ilə böyük quruculuq yolundadır. Regionumuzun hansı yaşayış məntəqəsinə, ucqar dağ və sərhəd kəndinə üz tutsaq yeniləşmə proseslərinin ərməğanlarını görə bilərik. Muxtar respublikada gedən prosesləri operativ şəkildə işıqlandırmaq üçün qəzetin yaradıcı heyəti səy və bacarığını əsirgəmirlər. 
Bu gün bir elmlər namizədi və dosentin, bir Əməkdar jurnalistin, üç “Tərəqqi” medallı əməkdaşın fəaliyyət göstərdiyi qəzetdə çalışanların, demək olar ki, böyük əksəriyyəti gənclərdir. Ötən ilin dekabr ayında qəzet rəhbərliyinə gənclər təyin edilib. Qəzetin ştat cədvəlində olan üç şöbə müdiri vəzifəsi də gənclərə tapşırılıb.
 “Şərq qapısı”nın kollektivi öz fəaliyyətlərində ölkə başçısı cənab İlham Əliyevin bu qədim yurd yerinə qayığısının ifadəsi olan belə tədbirlərə operativ münasibət göstərir. Respublika Prezidentinin xarici ölkələrə səfərləri, bu səfərlərdəki görüşləri, gəlinən nəticələr, həmin nəticələrin Naxçıvana da verəcəyi töhfələrlə bağlı analitik yazıların hazırlanaraq oxuculara təqdim edilməsini qəzet qarşıya qoyulmuş vəzifələrin başlıcası sayır. 
Ulu Öndərin: “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri obyektiv dəyərləndirmək və prosesləri düzgün analiz etmək bacarığı tələb edən sənətdir” müdrik kəlamını əsas götürən qəzet əməkdaşları öz fəaliyyətlərində bu cəhətlərə diqqət yetirməyə səy göstərirlər. 
Bir haşiyə çıxaraq deyim ki, əməkdaşlarımızın fəaliyyəti dövlətimiz tərəfindən həmişə yüksək dəyərləndirilib və bu proses indi də davam edir. Bunu mən 23 il “Şərq qapısı”nda çalışan biri kimi öz timsalımda görürəm. Evlə təmin olunmuşam, “Tərəqqi” medalına, “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülmüşəm. Bütün bunları Naxçıvanda “Şərq qapısı”nın və ümumilikdə, mətbuatın inkişafına göstərilən qayğı hesab edirəm.
Muxtariyyətimizin 100 illik yubileyini qeyd etdiyimiz bir dövrdə isə redaksiyamızın aldığı şad bir xəbər isə belə qayğının davamlı olduğunu göstərdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 1 may tarixdə imzaladığı “Media haqqında” Azərbaycan Respublikası Qanununun 59.2-ci maddəsinə müvafiq dəyişiklik edilməklə Azərbaycan Respublikasında çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahısına Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də əlavə olunmaqla “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsası yaradılıb. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin “Şərq qapısı” qəzeti redaksiyasının Nizamnaməsində dəyişiklik edilməsi haqqında” 2024-cü il 10 iyul tarixli Fərmanına uyğun olaraq yeni ştat cədvəli hazırlanıb. Əməkdaşların əməkhaqları xeyli artırılıb. Bu, muxtar respublikanın inkişafını daim diqqətdə saxlayan cənab İlham Əliyevin “Şərq qapısı” qəzetinə böyük qayğısı olmaqla bizim məsuliyyət hissimizi daha da artırıb. “Şərq qapısı” qəzeti bundan sonrakı fəaliyyətində də qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə çalışacaq. 103 yaşın mübarək, doğma “Şərq qapısı!”

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 21.11.2024 19:00