NAXÇIVAN :

05 Yanvar 2025, Bazar

Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

...

Bu gün dünyanın mütərəqqi düşüncəli, sülhsevər siyasət xadimlərinin Azərbaycan və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev haqqındakı fikirlərini çox yığcam və konkret şəkildə belə ümumiləşdirmək olar: “İllərdir ki, Azərbaycan dünya miqyasında yeni güc mərkəzinə çevrilib və irəliyə doğru inamlı addımlar atır. Qazanılan uğurlar artdıqca ölkə vətəndaşlarının gün-güzəranı, maddi rifah halı daha da yaxşılaşır. Azərbaycan Prezidentinin böyük rolu və hərtərəfli xidmətləri nəticəsində ölkəmiz beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi təsdiq etdirib. Əldə olunan digər bir uğur isə Azərbaycanın regional və beynəlxalq münasibətlərdə də nüfuzunun getdikcə artmasıdır. Uğurla həyata keçirilərək dinamik xarakter olan sosial-iqtisadi siyasət, genişmiqyaslı islahatlar və böyük quruculuq işləri geniş coğrafiyası ilə diqqəti çəkir. Bu da iqtisadi tərəqqinin təmin edilməsinə müsbət təsir göstərir.
Minlərlə azərbaycanlının 30 illik Qarabağ həsrətinə son qoyulması isə ölkə başçısının sərkərdəlik bacarığının və hər bir azərbaycanlının yurd, Vətən sevgisinin ifadəsinə çevrilib. Bununla Prezident dünyaya separatizmin kökünü kəsməyin yeni modelini nümayiş etdirib. 4 ildir ki, həmin ünvanlar böyük tikinti meydançası timsalındadır; bir qərinəyə yaxın bir müddətdə doğma yurd yerindən didərgin düşmüş soydaşlarımız öz torpaqlarına qayıdır, Qarabağ öz xoşbəxt günlərini yaşayır”. 

Təbii ki, bunlar son 20 ildə ölkə başçısının gördüyü işlərin çox cüzi hissəsidir. Həyatın bütün sahələrində nail olunmuş yüksək nəticələr, qazanılmış uğurlar cənab İlham Əliyevin prioritet vəzifəyə çevirdiyi vəzifələrin yerinə yetirilməsi istiqamətində görünən reallıqlardır. Bu reallıqları, təbii ki, söhbətimizin əvvəlində qeyd etdiyim kimi bütün dünya görür. Bəzilərinin isə qara eynək arxasından verdiyi qiymət, daha doğrusu, reallıqları necə dəyərləndirməsi onların şəxsi düşüncələrinin ifadəsidir. Fikrimizcə, yazılmış tarixə ən düzgün qiyməti zaman özü verir. Zaman isə elə bir prosesdir ki, hər şeyi dəqiq qiymətləndirir.

*** 

Görülən işlərin təməlində bir amilin dayanması şübhəsizdir: Azərbaycan Prezidenti öz fəaliyyətində Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti rəhbər tutur. İllərdir ki, bu siyasət ölkəmizi daha böyük müvəffəqiyyətlər qazanmağa istiqamətləndirir. Bu kontekstdə yaşadığımız müasir dövrün tələblərini nəzərə almaq isə ölkə başçısının siyasət aləmindəki istedad və bacarığının ifadəsidir. Çünki daim inkişafda olan çağdaş dünya yeni reallıqları qəbul etməyə bilməz və hər bir dövlət öz ambisiyasına uyğun siyasətin sahibidir. Və belə bir situasiyada söz deməyin və iş görməyin problemlərini təsəvvür etmək çətin deyil. Məhz bunun öhdəsindən gəlmək bacarığına sahib olan Prezidentin hər bir addımı təqdir olunur.
Bu sətirləri qələmə alarkən Xalq şairi Nəriman Həsənzadənin hələ 1969-cu ildə Ulu      Öndərlə ilk görüşdə oxuduğu şeirini xatırladım:

    Gəlin, addımlayaq sıx cərgələrdə,
    Gəlin, qabaqlayaq dövrü, zamanı.
    Daim alqışlayaq yalnız zəfərlə
    Ana dediyimiz Azərbaycanı.

O gün, o arzuladığımız gün illərdir ki, gəlib və yaşayırıq uzun müddət gözlədiklərimizi: dövrü, zamanı qabaqlamaqla, sıx cərgələrdə addımlayaraq anamız Azərbaycanı hər gün qazandığı zəfərlə alqışlayırıq. Bundan sonra da alqışlayacağıq. Çünki biz qalib olmağı bacarırıq. Qalib olmağı isə bizə Ulu Öndər öyrədib; onun siyasətinə inanmağımız, əməl etməyimiz öyrədib. Bu gün Onun siyasəti bizim iş prinsipimizdir – istər ən yüksək postda oturanların, istərsə ən kiçik belə xidmət sahəsində çalışanların... 
Cənab Prezidentin 20 illik fəaliyyətinin hər bir detalında Ulu Öndərin vurduğu möhürü görürük. Və elə bu gün gündəmdə ən vacib yer tutan “Qərbi Azərbaycana qayıdış” konsepsiyası istiqamətində həyata keçirilən silsilə tədbirlər görkəmli dövlət xadiminin XII çağırış Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də keçirilən beşinci sessiyasında dediyi sözlərini yada salır: “Təklif edirəm ki, Dağlıq Qarabağ məsələsi yox, bütün 1920-ci ildən Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın, torpaqların hansı qərarlarla, kim tərəfindən verilməsi müəyyən olunsun... biz torpaqlarımızı özümüzə qaytarmalıyıq, orada hakimiyyətimizi bərpa etməliyik, biz respublikamızın suverenliyini təmin etməliyik...”
Yeri gəlmişkən, onu xüsusi xatırlatmağa ehtiyac duyuram ki, 1988-ci ildən başlayaraq Ulu Öndər dünyasını dəyişənə qədər iştirak etdiyi bütün tədbirlərdə – fərqi yoxdur, istər ölkəmizdə, istər başqa dövlətlərdə – bu taleyüklü məsələ ilə bağlı real tariximiz, həmçinin təhrif olunmuş tariximiz, bu fonda ermənilərin öz havadarları ilə torpaqlarımıza göz dikərək mərhələ-mərhələ bəzi bölgələrimizi işğal etdikləri, orada məskunlaşdıqları barədə, dünyanın susduğu bu ədalətsizliklərə son qoyulması üçün öz sözünü deyir, ən yüksək beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı.
“Dağlıq Qarabağ problemi ancaq Azərbaycanın ərazi bütövlüyü daxilində həll edilməlidir”,  – deyən cənab İlham Əliyev 20 ildir ki, bu yolu böyük ehtiram və sədaqətlə davam etdirir. Heç uzağa getməyək. 4 il bundan əvvələ qədər ölkə başçısı ata vəsiyyətini yerinə yetirmək üçün məlum Qarabağ probleminin həllinə sülh yolu ilə çalışırdısa, bu yolda bütün mümkün variantları ortaya qoyurdusa, Ermənistan və onun havadarları buna söz kimi baxırdılarsa, dövlət başçısı sübut etdi ki, bizim sözümüz imzamızdır: “... siyasət hansısa konkret nəticə ilə yekunlaşmalıdır... Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”.
...Bu gün hər bir azərbaycanlı ölkədə gedən ictimai-siyasi, mədəni, iqtisadi prosesləri izləmək imkanına malikdir və bu imkanlardan bəhrələnir. Yəni dünən görülən işin təməlinin ondan əvvəl, bu gün görülən işin təməlinin dünən qoyulması günün gerçəklikləridir. Elə, bu mənada, dünənə (keçmişə) baxaraq hər birimizin, ölkəmizin və dövlətimizin yaşadıqlarını görürük. Görürük ki, hər atılan addım digərini gətirir, dünənlə bu gün arasında vəhdət yaradır; bu isə sabahın təməlinin qoyulmasıdır. Sirr deyil ki, Azərbaycanın bugünkü inkişafının təməli 1969-cu ildə qoyulub. Yəni o vaxtadək ucqar əyalət timsalında olan    ölkəmiz on beş müttəfiq respublika içərisində ən son yerlərdən birində qərarlaşmışdı. Ölkənin qızıla bərabər bütün yeraltı və yerüstü sərvətləri Moskvaya daşınır, ovaxtkı rəhbərlər öz ambisiyaları ilə yaşayır, rüşvətxorluq isə baş alıb gedirdi. Və həmin il Azərbaycana rəhbər təyin olunan Ulu Öndər hər şeyi sıfırdan başlamalı oldu. İdarəetmə bacarığı, insanlarla işləmək qabiliyyəti, keçmişə ehtiram, sabaha cavabdehlik hissi ilə yaşayan dahi şəxsiyyət qısa müddət ərzində ölkəmizi inkişaf yoluna çıxarmağa nail oldu. Dünyanın siyasi xəritəsində Azərbaycan adı görünməyə başladı. Bu inkişaf və tərəqqiyə dodaq büzənlər və inanmayanlar da az deyildi. Ancaq Heydər Əliyev qətiyyəti, Heydər Əliyev prinsipiallığı, qarşıya qoyulmuş məqsədə çatmaq inamı köməyə gəldi. 1982-ci ilədək həmin dövr ölkəmizin ən çiçəklənən, iqtisadi cəhətdən, qüdrətlənən dövrü oldu. SSRİ adlı nəhəng bir imperiyanın tərkibində o səviyyəyə çatmaq heç də asan məsələ deyildi. Bəllidir ki, bu çətinliyi asan edən Heydər Əliyev fenomeni, şəxsiyyəti, xarakteri idi. Elə o vaxt Ulu Öndər haqqında deyilənlərə ötəri belə baxsaq, gəldiyimiz qənaətin reallığını görərik. Böyük Atatürk deyirdi: “Ən böyük şəxsiyyət özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda canını verən insanlardır”. Tarix isə bu deyimin doğru olduğunu gördü. Ölkə Prezidenti    cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanda bütün işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik. Öz milli liderimizin vəsiyyətinə sadiqik...
Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxmışdır. Bütün mübarizələrdə – istər daxili, istər beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə etmişdir və qələbə qazanmışdır. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bu gün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir”. 
Ölkə başçısının bu qənaəti yaxın keçmişimizin, daha dəqiq desək, Heydər Əliyevsiz Azərbaycanın yaşadığı dövrü tam gerçəkliyi ilə əks etdirir. O dövrü yaşayan biri kimi həmin acınacaqlı illəri yaxşı xatırlayıram. Təhsil, səhiyyə, mədəniyyət, rabitə və digər sahələr bərbad vəziyyətdə, istehsal müəssisələri –  zavod və fabriklər də eləcə. İnsanlar ən adi tələbat məhsullarını əldə etmək üçün dəridən-qabıqdan çıxır, məhsuldar torpaq sahələri əkilməmiş qalırdı. Bunun da obyektiv səbəbləri var idi. Su, texnika, toxum çatışmazlığı baş alıb gedirdi. İnsanların bir çoxu dədə-baba yurd yerlərindən uzaqlaşır, bir tikə çörəkpulu qazanmaq üçün xarici ölkələrə üz tuturdular. Və məhz belə bir dövrdə Heydər Əliyev şəxsiyyətinə böyük ehtiyac özünü göstərməkdə idi. Azərbaycanlı olması ilə qürur duyan, Azərbaycanı özünə qibləgah sayan dahi öndərin ölkəmizə, bir gün sonra Naxçıvana qayıdışı insanların itmiş inamlarını özlərinə qaytardı. Bu qayıdış isə Azərbaycanın Azərbaycana qayıdışı oldu. Tarix yenidən yazılmağa başladı. Bu tarixin müəllifi isə Ulu Öndər idi. Sonralar Ümummilli Liderimiz deyəcəkdi: “Biz bütün bu çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq... Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.
Və tarix də dahi rəhbərin öhdəsinə götürdüyü missiyanın yüksək səviyyədə yerinə yetirilməsini gördü. Bu gün qalib xalq və qalib dövlət kimi yaşamağımızın başlıca səbəbi Ulu Öndər yolunun uğurla davam etdirilməsidir. Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi yola sədaqət, ehtiram bu gün ən yüksək səviyyədədir.
Ölkə başçısı cənab İlham Əliyevin bacarıqlı rəhbərlik səriştəsi bu yolun daimi olduğunu ortaya qoyub. Son 20 ilin hər bir səhifəsi bunun canlı sübutudur.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bu siyasəti belə xarakterizə edir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halı, təhlükəsizliyi, yaşayışı dayanır. Hər bir dövlət və hər bir rəhbər məhz bu prinsiplə yaşamalıdır. Xalqa xidmət etmək, xalqın qayğıları ilə yaşamaq, xalqı narahat edən problemləri daim diqqət mərkəzində saxlamaq və onları həll etməsi lazımdır”.
Bu isə bu günümüzün reallığıdır.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 02.01.2025 14:00