NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim...

...

Prezident İlham Əliyev: Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən mühüm qərarların təşəbbüskarı olmuşdur. 

Azərbaycan xalqının tarixində əlamətdar hadisələr, yaddaqalan günlər, bayramlar çoxdur və hər birimiz onları böyük təntənə ilə qeyd edirik. Müasir Azərbaycan tarixinin, Azərbaycan dövlətçiliyinin qurucusu və memarı olan, hələ sağlığında hər birimizin qəlbində özünə əbədi yer qazanmış Ulu Öndər Heydər Əliyevlə bağlı belə tarixi günlər isə onların fövqündə dayanır. Bunlardan biri də, heç şübhəsiz, 1990-cı ilin 3 sentyabr tarixidir. 
Bir qədər yaxın keçmişə ekskurs edək. Azərbaycanın qədim və ayrılmaz diyarı olan Naxçıvan ölkəmizin dövlətçilik tarixinin intişar tapdığı yurd yerimizdir. Məhz buna görə də Ulu Öndər deyirdi ki, Naxçıvanın qədim dövlətçilik tarixi vardır, bu, Azərbaycanın dövlətçilik tarixidir. Ümummilli Liderimizin Naxçıvana verdiyi bu yüksək qiymətin arxasında, sözün gerçək mənasında, böyük və şərəfli bir tarix dayanır. Naxçıvanı müqəddəslik rəmzi sayan, coğrafi vəziyyətinə görə bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunmasının xüsusi əhəmiyyət kəsb etməsini dəfələrlə vurğulayan, bu istiqamətdə fövqəlbəşər tədbirlər həyata keçirən görkəmli dövlət xadimi 1990-cı ildə Bakıda baş verən Qanlı Yanvar hadisələrindən sonra böyük çətinliklə doğma Azərbaycana qayıda bildi. Və O, əvvəlcədən də düşündüyü kimi burada onun yaşayacağının çətin olacağı ucbatından Naxçıvana üz tutdu. O günləri yaşayan, baş verən hadisələri görən biri kimi deyərdim ki, dahi rəhbərin qədim yurd yerinə qayıdışı ilə tariximizdə yeni bir səhifə açıldı və bununla da Azərbaycanın gələcək uğurlu taleyinin bünövrəsi qoyuldu. 
Naxçıvanlılar inanırdılar ki, artıq yaşadıqları çətinliklər tez bir zamanda aradan qaldırılacaq, ictimai-siyasi sabitlik bərqərar ediləcək, daha heç kim saatlarla çörək növbələrində dayanmayacaq, işıq, qaz, çörək problemi öz həllini tapacaq. 
Dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə həyata keçirdiyi tədbirlər, təbii ki, çoxdur və bunlar barədə ətraflı məlumat vermək mümkünsüzdür. Ancaq bir məsələni xüsusi qeyd etmək istərdim. O dövrdə Ulu Öndər təkcə naxçıvanlıların deyil, həm də Naxçıvandan kənarda yaşayan soydaşlarımızın pənah yerinə çevrilmişdi. Bunu görkəmli dövlət xadiminin şərəfinə yaradılmış müqəddəs bir ünvanda – Heydər Əliyev Muzeyində saxlanılan məktub və teleqramlar da təsdiq edir. 
Görülən işə həmişə dəyər verməyi vətəndaşlıq, mənəvi borc hesab edən naxçıvanlılar Ulu Öndərin 1990-cı ilin sentyabr ayının 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycana, 2 nömrəli seçki dairəsindən Naxçıvana deputat seçilməsinə nail oldular. Bu, dahi şəxsiyyətin fəaliyyət dairəsinin daha da genişlənməsinə, Naxçıvanın, ümumilikdə isə ölkəmizin düşdüyü ağır vəziyyətdən qurtarmasına imkanlar açdı. Böyük həyat təcrübəsi, insanlarla işləmək bacarığı, siyasət aləmindəki nüfuzu görkəmli dövlət xadiminin qarşıya qoyduğu vəzifələrin yerinə yetirməsini gerçəkləşdirdi.
Vəzifələrsə az deyildi. Həm ölkədə, həm də Naxçıvanda illərdən bəri yığılıb qalmış problemlər – bunlar isə bir deyil, beş deyildi  – əhalinin ağır gün-güzəranı, kommunikasiya xətlərindəki acınacaqlı vəziyyət, Naxçıvanın müdafiəsi dahi şəxsiyyəti düşündürən gündəlik məsələlər idi. Bunlarsa gecəli-gündüzlü işləmək tələb edirdi. Ulu Öndər görürdü ki, naxçıvanlılar ən çətin günlərdə belə ruhdan düşmürlər. Və görürdü ki, bu qədim yurd yerinin sakinləri Onun ətrafında sıx birləşiblər. Dahi rəhbərin hər hərəkətini, hər addımını, gördüyü hər bir işi ürəkdən dəstəkləyirlər...
...Görkəmli dövlət xadiminin sədrliyi ilə 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyasında dahi öndərin hazırladığı bir sıra taleyüklü məsələlər gündəliyə çıxarıldı. Sessiya iştirakçıları həmin məsələlərin öz həllini tapmasında fəallıq göstərdilər. Həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul edildi. Sessiya, həmçinin Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvanın Ali Sovetinin adını dəyişərək onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərara müsbət yanaşdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə olaraq Naxçıvanda qaldırıldı. Bu gün səmimi olaraq etiraf edilməlidir ki, həmin dövrdə belə qətiyyətli addımları ancaq Ümummilli Lider ata bilərdi. Həmin dövrdə naxçıvanlıların ən böyük arzusu idi ki, muxtar respublikaya O rəhbərlik etsin. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bu tarixi sessiya Ulu Öndərin dahi siyasətçi, bu xalqın böyük oğlu olmasını bir daha göstərdi. Həmin sessiyadakı çıxışı Ulu Öndərin Naxçıvana, burada yaşayan insanlara böyük sevgisinin ifadəsi idi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Görkəmli dövlət xadiminin təşəbbüsü ilə 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etməsi qədim diyarımızın müdafiə qabiliyyətinin gücləndirilməsinə böyük diqqətin ifadəsi, Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanmasının təmin olunması, bununla Naxçıvanın müdafiə potensialının gücləndirilməsi xalqımızın böyük oğlunun ardıcıl olaraq həyata keçirdiyi tədbirlər idi. 
“Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətən qarşısında övladlıq borcunu hiss etməli, respublikanın qayğıları, problemləri ilə yaşamalı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır. Hər bir azərbaycanlı bilməlidir ki, onun arxasında yalnız güclü, nüfuzlu və müstəqil Azərbaycan dövləti dayana bilər”, – deyən dahi şəxsiyyət o dövrdə həm də  Azərbaycan xalqının milli həmrəyliyinin ideoloji əsaslarını yaradaraq dünya azərbaycanlılarını Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. Bu baxımdan 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir və illərdir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən sevinclə qeyd olunur. 
“İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”, – deyən Ulu Öndər elə o istək və arzuları 1990-1993-cü ildə reallaşdırmağa çalışırdı.  
...Ulu Öndərin muxtar respublikamıza rəhbərliyi dövrü bu qədim diyar ölkədən təcrid olunmuş vəziyyətdə idi. Vaxtilə öz əməllərinə görə Ümummilli Lider tərəfindən tənqid edilən, işdən uzaqlaşdırılan, öz şəxsi ambisiyalarının quluna çevrilən bəzi başıboş rəhbərləri Naxçıvanın blokada şəraitindəki vəziyyəti qətiyyən maraqlandırmırdı. Ada timsallı bu yurd yerində qaz, işıq, rabitə məsələlərinin həll olunması böyük vəsaitlə yanaşı, həm də vətənpərvərlik, xalqa bağlılıq tələb edirdi. Bu keyfiyyətləri özündə birləşdirən dahi rəhbər bu çətinliklərin həlli yolunu qonşu ölkələrlə sıx əlaqələr qurulmasında görürdü. 
Qonşu İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərləri zamanı müxtəlif sahələrdə mövcud olan çətinliklərin həlli ilə bağlı imzaladığı protokollar bu məqsədə xidmət edirdi. Dahi rəhbərin bu istiqamətdə həyata keçirdiyi tədbirlər öz bəhrələrini verməyə başladı. Ulu Öndərin ciddi səyləri hesabına Araz çayı üzərində inşasına başlanılmış “Ümid” körpüsü qısa vaxtda həyata vəsiqə aldı. Bu, naxçıvanlıların qardaş Türkiyə Cümhuriyyətinə, türkiyəli qardaşlarımızın isə Naxçıvana gedib-gəlmələrinə imkan verdi. Naxçıvandan kənara açılan qapılar isə onu göstərirdi ki, artıq qədim diyarımız öz tarixinin yeni mərhələsinə qədəm qoymaqdadır.
Sonralar “Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan durur”, – deyən dahi şəxsiyyət Azərbaycanda gedən prosesləri görürdü. Ölkəmizin digər bölgələrində yaşayanlar isə Naxçıvanda həyatın öz axarına düşməsinə sevinsələr də, paytaxt Bakıda oturanların ölkəni başlı-başına buraxmaları günün reallığı idi. Azərbaycana güclü rəhbər lazım idi ki, bir vaxtlar dahi öndərin qurub-yaratdığı, indi isə bərbad vəziyyətə düşmüş ölkəni xilas edə bilsin.
Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının “Azərbaycan sizi gözləyir” adlı müraciətinə həssaslıqla yanaşaraq öz vətəndaş mövqeyini ortaya qoydu. Xalqının ona bəslədiyi ümidləri doğrultmaq üçün ömrünün qalan hissəsini də xalqına bağışlamağa hazır olan Ulu Öndər adıçəkilən məktuba müsbət cavab verdi və 1992-ci il noyabr ayının 21-də ölkəmizin müxtəlif regionlarından Naxçıvana gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
Ümummilli Lider Heydər Əliyevin partiyaya sədr seçilməsi respublikanı bürümüş gərgin, təhlükəli ictimai-siyasi vəziyyətin getdikcə daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə idi. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilmədi. Bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin dövrü Ulu Öndər belə xatırlayırdı: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. 
Müxalif partiya kimi yaradılan bu qurum bu gün öz sıralarında Heydər Əliyev siyasətini dəstəkləyənləri birləşdirir və fəaliyyətini artıq hakim partiya kimi davam etdirir. Heydər Əliyev siyasətinin təntənəsidir ki, partiya ölkəmizin ictimai-siyasi həyatında böyük və əvəzolunmaz rola malikdir...
...Qarşıda isə onu bir vaxtlar ayağa qaldırdığı, lakin fəaliyyətləri şəxsi ambisiyaları üzərində qurulan dövlət məmurlarının səriştəsizliyi ucbatından günü-gündən geri düşən Azərbaycan gözləyirdi. Xalqın tələbi ilə yenidən ölkəmizə hakimiyyətə qayıdan Heydər Əliyev bugünkü Azərbaycanı sıfırdan qurmağa başladı. Qarşılaşdığı heç bir çətinlik görkəmli siyasət xadimini qorxutmadı. Çox­illik idarəetmə təcrübəsi, kadrlarla işləmək bacarığı, şəxsi nüfuzu və ən başlıcası Böyük Azərbaycançılığı, vətənpərvərliyi hesabına qarşısına qoyduğu məqsədə nail ola bildi. 
Yunan filosofu Platonun “Ağıllı dövlət başçısı baş verə biləcək hadisələrin qarşısını peşəkarcasına almaqla, əslində, öz dövlətinə və xalqına xidmət edir. Çünki heç bir dövlət başçısı əbədi deyil, amma onun qurduğu dövlət isə əbədi olur və banisini bəşər tarixi boyu yaşadır” fikrini bütünlükdə Ümummilli Liderimizin həyati və siyasi fəaliyyətinə aid etmək olar.
...3 sentyabr 1991-ci il. O gündən 33 il keçir. Bir qərinəlik bu illər ərzində hər gün, hər saat dəyişən məmləkətimiz başdan-ayağa, sözün həqiqi mənasında, hər sahədə yeni quruculuq donundadır. Gündən-günə sayı artan məktəb, səhiyyə, mədəniyyət ocaqlarının yeni binaları, salınan yaşayış massivləri, yeni emal və istehsal müəssisələrinin həyata vəsiqə alması, insanların məşğulluq probleminin həllinə nail olunması, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi... Bunlar Naxçıvanın bugünkü mənzərəsi, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının qədim diyarımızda uğurla həyata keçirilməsidir. 
Naxçıvanda görkəmli dövlət xadiminin yaratdıqlarını yaşatmaq, daha da zənginləşdirmək bu günün gerçəklikləridir. Ulu Öndərin yoluna ehtiram və sədaqətini öz fəaliyyəti ilə göstərən ölkə başçısının muxtar respublikada yeni idarəetmə modelinin tətbiqi ilə bağlı imzaladığı 2022-ci il 22 dekabr tarixli Fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə təsdiq olunub. Bu isə naxçıvanlılarda yeni ovqat yaradıb, onların qurub-yaratmaq əzmini daha da yüksəldib. Ata vəsiyyətini ən müqəddəs vəzifə sayan ölkə başçısının Naxçıvanın inkişafı üçün lazım olan hər bir işi görməsi isə ərazi cəhətdən blokada şəraitində yaşayan bu yurd yerinin sakinlərinin heç bir çətinliklə üzləşməməsi məqsədi daşıyır. Elə cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bunun bir daha sübutudur. Ötən ilin sonunda naxçıvanlılar daha bir sevinc yaşadılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncam imzaladı. Sərəncamda deyilir: “Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən mühüm qərarların təşəbbüskarı olmuşdur”.      

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 03.09.2024 00:05