NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

Heydər Əliyevin Naxçıvanda ucaltdığı bayraq

img

Prezident İlham Əliyev indi onu bütün Azərbaycanda qürurla dalğalandırır

Ulu Öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz şəxsiyyətdir. O bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib.
Görkəmli dövlət xadimi Azərbaycana rəhbərliyinin birinci dövründə Naxçıvana xüsusi diqqət yetirmişdir. Dahi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1970-1982-ci illərdə 4 dəfə Naxçıvanda səfərdə olmuşdur. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, 16 iri sənaye müəssisəsi, yüzlərlə sosial obyekt tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərimiz SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışanda da Naxçıvanın rifahı üçün çoxşaxəli tədbirlər həyata keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin dövrü dəyərləndirərək deyib: “Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.
Ümummilli Liderimizin nəsillərə nümunə olan şərəfli həyatında Naxçıvana bağlılıq, tükənməz məhəbbət və qayğı xüsusi yer tutur. Naxçıvanda yaşadığı 1990-1993-cü illər Ümummilli Liderin həyat və fəaliyyətindən qırmızı xətlə keçən xüsusi əhəmiyyətə və dəyərə malik tarixi dövrdür. Müdrik dahinin özü də bu illərin mahiyyətini vurğulayaraq muxtar respublika sakinləri ilə görüşlərinin birində deyirdi: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.
Muxtar respublikanın əsl xilas və tərəqqisinin yalnız Ümummilli Liderimizin dühası sayəsində mümkün olduğunu çox yaxşı bilən Naxçıvan əhalisinin təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev 1991-ci ilin 3 sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilmişdir. Ulu  Öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi illərdə elə möhtəşəm işlər görmüşdür ki, onlar əhəmiyyət və miqyasına görə neçə-neçə onilliyə örnək ola bilər. Ümummilli Liderimizin Naxçıvanda yaşaması bu bölgəni onu gözləyən çox böyük fəlakətlərdən qorumuş, naxçıvanlıların gələcəyə olan ümidinin itirilməsinə imkan verməmişdir. Prezident İlham Əliyev Ümummilli Liderimizin fəaliyyətinin Naxçıvan dövrü barədə danışarkən demişdir: “Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Ümummilli Lider Heydər Əliyevin Naxçıvana göstərdiyi qayğı bu gün Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Hər zaman Naxçıvanın sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlayan dövlət başçımız muxtar respublikanın hərtərəfli tərəqqisi üçün çox böyük layihələr reallaşdırmaqdadır. Dövlət başçısının Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun fəaliyyətə başlaması və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə qədim diyarımızın modern inkişafı geniş vüsət alıb.“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı da bunu təsdiqləyən reallıqdır. 
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində Naxçıvan özünün yeni inkişaf mərhələsini yaşayır. Həm dövlət başçısı İlham Əliyevin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müasir inkişafını şərtləndirən sosial-iqtisadi islahatları, həm də Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın rəhbərik etdiyi Heydər Əliyev Fondunun muxtar respublikada həyata keçirdiyi mühüm layihələr qədim yurdumuzun simasını daha da modernləşdirir.
44 günlük müharibə dövründə qələbənin ən böyük təntənəsi məhz işğaldan azad edilən ərazilərdə üçrəngli bayrağın qaldırılması idi. Hər birimiz böyük həyəcanla işğaldan azad edilən ərazilərimizdən Ali Baş Komandana raport verilməsini və üçrəngli bayrağımızın azadlığına qovuşmuş torpaqlarda dalğalanmasını gözləyirdik. Hər dəfə şəhərlərimizin azad olunması və bayrağımızın dalğalanması barədə hərbi raportları eşidəndə xalqımız qürur hissi keçirirdi. 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılmış üçrəngli bayrağımız bu gün Azərbaycan xalqının qürur mənbəyidir. Xankəndidən Azərbaycan xalqına müraciət edən Prezident cənab İlham Əliyevin dediyi kimi: “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Ulu Öndərin Naxçıvanda ucaltdığı əzəmətli Azərbaycan Bayrağı indi əzəli, qədim torpaqlarımız olan Şuşada, Xankəndidə, Ağdamda, Xocalıda, Xocavənddə, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Füzulidə, Zəngilanda və digər kənd və qəsəbələrimizdə, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsində ucalan Zəfər bayrağımız əbədidir. Xankəndi şəhərində bayrağımızı ucaldan Müzəffər Ali Baş Komandanın dediyi kimi, şanlı bayrağımız əzəli torpaqlarımızda əbədi dalğalanacaq. “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Ali Baş Komandan İlham Əliyevin vaxtilə torpaqlarımız işğal altında olarkən səsləndirdiyi bu fikirlər bu gün reallığa çevrilib. 
Böyük iftixar hissi ilə qeyd edə bilərik ki, müqəddəs ata vəsiyyətini yerinə yetirən, Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirən Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət Azərbaycanın inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu yol Heydər Əliyev yoludur, bu yol nailiyyətlər, zəfərlər yoludur.    

 Məhəbbət MİRZƏYEVA

DAHA ƏTRAFLI