ADF 2026: Azərbaycanın qlobal siyasətdə artan rolu...
13:55 18.04.2026
0
0
1
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Prezident İlham Əliyev: "Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur".
Gözlərə işıq, qəlblərə nur bəxş edən, dünyaya gəlişi bahara düşən Zərifə xanım Əliyeva elə bir bahar günündə – 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. Sağlığında xalqı üçün gördüyü işlərlə mənəvi ucalığa yüksələn görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb işçisi üçün mənəviyyat, kamillik və müdriklik məktəbidir. Zəngin elmi yaradıcılıq irsi ilə Azərbaycan oftalmologiyasını dünyada tanıdan yüksək intellekt sahibi akademik Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir.
“... Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər, mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O həmişə mənim qəlbimdədir”. Tanrının dünyaya göndərdiyi seçilmiş və xoşbəxt insanlardan biri kimi akademik Zərifə Əziz qızı Əliyeva haqqında oğlu, Prezident cənab İlham Əliyevin kövrək hisslərlə dilə gətirdiyi fikirlərində də bunu görürük. Bu zərif qadın əsl alim ömrü yaşamış, həyatını peşəsinin sirlərini dərindən öyrənməyə həsr etmişdi. Amma onun yaşam fəlsəfəsinin əsasını, heç şübhəsiz, yurduna, torpağına bağlılıq, vətəndaşlıq mövqeyi təşkil edirdi. Bütün mənalı fəaliyyətinin təməlində də bu amillər dayanırdı.
Həyat fəlsəfəsi və mənəvi dünyası kifayət qədər zəngin olan, oftalmologiya elminin inkişafına böyük töhfələr verən, akademik Zərifə xanım Əliyevanın uşaqlıq və gənclik illəri qədim tarixə malik yurd yerlərimizdən biri olan Şahtaxtıda keçmişdi. O, çox sayda ziyalılar yetişdirmiş bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən yetərincə faydalanmışdı. Görkəmli dövlət xadimi, səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım yüksək vətəndaşlıq mövqeyini atasından, əsl Azərbaycan qadınının nəcib xüsusiyyətlərini isə anası Leyla xanımdan əxz etmişdi. Prezident cənab İlham Əliyev də Zərifə xanım haqqında xatirələrində vurğulayır ki, anasının ailəsi ovaxtkı cəmiyyətin ən ziyalı ailələrindən biri olub: “Atasının – Əziz Əliyevin həyatı Zərifə xanım üçün doğma xalqının tarixinin ayrılmaz hissəsi idi. ... Ailədə mənim nənəmin, Leyla xanımın təsiri güclü olub. Zərifə xanım ondan çox şey öyrənmişdi. O, hər şeyi bacarırdı: əla aşpaz kimi xörək hazırlayır, elmi işlə məşğul olurdu; qəlblərə təsir edən oxumağı vardı; zərif və sadə olmağı bacarırdı”.
Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Oftalmoloq ixtisasını seçmişdi. Sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktiki vərdişlərə yiyələnmiş, Oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə əzm və iradə ilə çalışmışdır.
Akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində də böyük xidmətlər göstərmişdir. O, onlarla elmlər doktorunun və elmlər namizədinin rəhbəri olmuş və böyük bir elmi məktəb yaratmışdır. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva! Bu adlar qoşa çəkiləndə iki şəxsiyyətin bir-birinə olan sevgisindən yaranan məhəbbət dastanı, qarşılıqlı sevgi üzərində qurulan çox gözəl bir ailə nümunəsi göz önünə gəlir. Onları bir-birinə bağlayan əbədi eşq nəsillərə örnək idi. Sadəliyi, nəcibliyi, mehribanlığı ilə yaddaqalan Zərifə xanım Ulu Öndərin təkcə həyat yoldaşı deyildi. Bu cəfakeş qadın həm də Ümummilli Liderimizin dostu, sirdaşı, eyni zamanda onunla çiyin-çiyinə dayanaraq öz ömür-gün yoldaşına mənəvi dayaq idi. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”.
Akademik, Əməkdar elm xadimi, M.İ. Averbax adına mükafatın laureatı... Hər biri qürur, iftixar mənbəyi olan bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanımın övladlarına münasibəti də xüsusi idi. O nə edirdisə, böyük sevgi ilə edirdi. Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident cənab İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq deyir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Bu gün Zərifə xanımın ruhu şaddır. Azərbaycan xalqına tarixinin ən şanlı zəfərini bəxş edən İlham Əliyev kimi oğul böyütdüyü üçün! Qalib xalqın qalib lideri İlham Əliyevin Şuşada dalğalandırdığı zəfər bayrağı xalqımızın qəlbini xoşbəxtlik hissi ilə qürurlandırır.
Həyatda şərəfli bir ömür yaşayan, Vətənə, torpağa məhəbbəti, sədaqəti, xalqa xidməti ilə yaddaşlarda qalan insanların əməlləri, xeyirxah işləri daim anılır. Tarix məhz belə insanların sayəsində yaranır, onların mənalı ömürləri gələcək nəsillərə örnək, nümunə olur. Bu həyatda yalnız yaxşılığın əbədi olduğunu və bunu həyat amalına çevirən Zərifə xanım Əliyeva kimi. Prezident cənab İlham Əliyev kövrək hisslərlə bu haqda deyir: “Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi”.
İllər bir-birini əvəz etsə də, əbədiyaşar alimin əziz xatirəsi daim ehtiramla yad edilir, işıqlı və nurlu əməlləri bu gün də minnətdarlıqla xatırlanır. Ömrünün hər günü mənəvi ucalığa bir pillə olmuş Zərifə xanım Əliyeva 1985-ci ildə əbədiyyətə qovuşdu, tarixin daş yaddaşına imzasını elm fədaisi, nur çeşməsi, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi həkk etdi. O, qısa, lakin mənalı, şərəfli bir ömür yaşadı. Elminin nuru ilə xalqına nur olan akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın, gözlərinə nur verdiyi insanların yaddaşında şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacaqdır.
Məhəbbət MİRZƏYEVA
Digər xəbərlər