AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321ne...
10:49 26.06.2026
0
0
0
NAXÇIVAN :
26 Iyun 2026, Cümə
Zəfər paradı xalqın tarixi qürurunun, dövlətin gücünün və ordunun yenilməzliyinin rəmzidir. Bu paradın mərkəzində isə Müzəffər Ali Baş Komandan dayanır. O təkcə silahlı qüvvələrin rəhbəri deyil, həm də milli iradənin, siyasi qətiyyətin və tarixi məsuliyyətin daşıyıcısıdır. Azərbaycan tarixində hərbi paradlar dövlətçilik ənənələrinin parlaq təzahürünə çevrilib. Bu paradlar illərlə aparılan məqsədyönlü siyasətin, ordu quruculuğunun və xalq-ordu birliyinin nəticəsini bütün dünyaya nümayiş etdirdi. Əsası Ulu Öndər tərəfindən qoyulan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında formalaşan güclü ordu müasir texnologiya, yüksək peşəkarlıq və sarsılmaz ruhla seçilir. Hərbi paradlarda bu güc intizamlı addımlarla meydandan keçən müzəffər Ordunun əsgərlərinin əllərində dalğalanan bayraqlar və qalib ordunun inamlı baxışları ilə təcəssüm olundu. Azərbaycanın 2020-ci ildəki Qarabağ zəfəri ölkəmizin tarixində mühüm bir yer tutur. Bu qələbənin rəmzi və lideri isə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Prezident İlham Əliyev bu möhtəşəm zəfərin arxasında duran, xalqını birləşdirən və qələbəyə inam verən liderdir. Prezident İlham Əliyevin güclü liderliyi və hərbi strategiyaları Azərbaycanın həm ordu quruculuğunda, həm də müharibə zamanı effektiv hərbi əməliyyatlarda qələbə qazanmasında əsas rol oynadı.
Zəfər paradı Azərbaycan üçün, sadəcə, müharibədə qazanılan qələbənin göstəricisi deyil, həm də həqiqətin, ədalətin qələbəsidir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində Azərbaycanda bir neçə möhtəşəm hərbi parad keçirilib. Üçrəngli, ay-ulduzlu bayrağımızın önündə addımlayan igid oğullarımızı, nümayiş etdirilən müasir hərbi texnikalarımızı dəfələrlə fəxrlə, qürurla seyr etmişik. Amma 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı, 2023-cü il noyabrın 8-də Xankəndidə, eləcə də zəfərin 5-ci ildönümündə keçirilən paradlar bir başqa qürur, bir ayrı fəxarət sevinci yaratdı hər birimizdə. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbələrə həsr olunan bu təntənəli paradlar xalqımızın əzminin, gücünün, yenilməzliyinin zirvəsi kimi tariximizə silinməz izlərlə həkk olundu. 2020-ci ilin Zəfər paradı Prezident İlham Əliyevin liderliyində Azərbaycan xalqının nəyə qadir olduğunu, həm də müasir dövrün güclü və vətənpərvər liderini dünyaya göstərdi.
Vətən müharibəsində Azərbaycan xalqı təkcə öz ərazilərini geri qaytarmadı, həm də birliyini, vətənpərvərliyini nümayiş etdirdi. Zəfər paradı isə qalib ordumuzun düşmən üzərində qələbəsinin tərənnümü oldu. Qalib Azərbaycan əsgərinin paytaxtın baş meydanında məğrur yürüşü ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgisinin təzahürü oldu. Prezident İlham Əliyevin Zəfər paradındakı çıxışında dediyi kimi: “Bütün gücümüzü səfərbər edərək bir “dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim “dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu, demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq”.
2020-ci ilin dekabrında Bakıda keçirilən Zəfər paradı Azərbaycan tarixində milli qürurun, ordumuzun gücünün və xalqımızın iradəsinin təntənəsi olmuşdu. 2023-cü ildə Xankəndidə keçirilən hərbi parad Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu dünyaya bəyan etmişdi. Vətən müharibəsində şanlı qələbəmizin beşinci ildönümünə həsr olunmuş parad isə suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı əllərdə olduğunu bir daha sübut etdi.
Ölkə başçımız İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçiləndə bəyan etmişdi ki, nəyin bahasına olursa olsun, biz öz doğma torpaqlarımızı azad edəcəyik. Hər sözü imzası qədər keçərli olan Prezident İlham Əliyev xalqımıza verdiyi bu vədinə də əməl etdi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, xalq-ordu birliyinin və milli iradənin təntənəsidir. Bu qələbə təkcə torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan dövlətçiliyinin əbədi və dönməz qüdrətinin təsdiqidir. Azərbaycan qalib dövlət kimi şanlı zəfərlə hər zaman fəxr edəcək. Prezident İlham Əliyevin dediyi kimi: “Bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz – bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır”.
2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Azərbaycanın Zəfər paradı keçirildi. Bu paradda texnikanın gücünü və ordunun böyük potensialını hər kəs qürur və iftixarla izlədi. Zəfər paradı azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvolu oldu, ermənilər üçün isə məğlubiyyət kimi yaddaşlarda qaldı. Qəhrəman oğullarımızın darmadağın etdiyi düşmən texnikalarının nümayişi bir daha dünyaya Azərbaycanın “dəmir yumruğ”unun qarşısında heç bir gücün dayana bilməyəcəyinin mesajını çatdırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər paradındakı çıxışında vurğuladığı kimi: “Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir”.
Bu günü 30 il gözləyən xalqımız faciələr, məşəqqətlər gördü. Müstəqilliyimizi belə əlimizdən almaq istədilər. Amma bacarmadılar. Azərbaycan illərlə ikili standartlara, təzyiqlərə məruz qalsa da, dik durmağı bacardı. Ona görə bacardı ki, qətiyyətli, prinsipial rəhbəri, xalqın sözünü deyən, xalqın güvəndiyi Lideri, ən əsası da Müzəffər Ali Baş Komandanı vardı.
Məhəbbət MİRZƏYEVA
Digər xəbərlər