NAXÇIVAN :

26 Avqust 2026, Çərşənbə

Vətənə və xalqa xidmət nümunəsi

...

Vətənə və xalqa xidmət ideyasını həyat amalına çevirən, nəcibliyi və xeyirxah əməlləri ilə milyonların rəğbətini qazanan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müasir dövrümüzün nüfuzlu ictimai-siyasi xadimlərindən biridir. Onun mərhəmət, şəfqət və humanizmə əsaslanan fəaliyyəti milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycan cəmiyyətinin sosial rifahının yüksəldilməsinə xidmət edir.
Mənalı ömür yolu, yüksək humanizmi və bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada böyük ehtiram qazanan Mehriban xanım Əliyevanın Vətənə xidmət fəlsəfəsinin təməlində xalqına sonsuz sevgi, Ulu Öndər Heydər     Əliyev ideyalarına sarsılmaz inam və Prezident İlham Əliyevin müstəqil siyasətinə yüksək sədaqət dayanır. Xeyirxahlığı, yüksək bacarığı, diqqət və qayğısı ilə insanların hörmət və məhəbbətini qazanan Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri isə danılmazdır.

2004-cü ildə Azərbaycan xalqının zəngin mənəvi irsini, Azərbaycançılıq fəlsəfəsini yaşatmaq, dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaradılan və Ulu Öndər Heydər Əliyevin adını daşıyan  Heydər Əliyev Fondu ötən illər ərzində çoxsaylı və əhəmiyyətli layihələr həyata keçirib. Bu gün hər bir azərbaycanlının böyük sevgi və ehtiramını qazanan fond Ulu Öndərin adını şərəflə daşımaqla dahi rəhbərin xatirəsinə layiqli fəaliyyət göstərməyi özünün əsas vəzifələrindən birinə çevirib.
Fondun prezidenti Mehriban xanım Əliyevanın dediyi kimi: “Xoşbəxtəm ki, həyatımın böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam.     Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir”.
Fondun gördüyü işlərin nəticələri göz önündədir. Yüzlərlə yeni məktəb inşa olunub, uşaq bağçaları və digər təhsil müəssisələri müasirləşdirilib, yeni tibb ocaqları, xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün xüsusi tibb və reabilitasiya mərkəzləri yaradılıb. Tarixi və dini abidələr bərpa olunub, yeni mədəniyyət ocaqları və muzeylər qurulub.
Bütün bunlarla yanaşı, Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, ölkəmizin zəngin mədəni və tarixi irsinin təbliğinə yönəlmiş kitablar, foto və video­albomlar nəşr olunub, beynəlxalq simpoziumlar, festivallar və elmi konfranslar təşkil edilib. Fondun fəaliyyətinin mühüm istiqamətlərindən biri də xeyriyyəçilikdir. Həyata keçirilən çoxsaylı layihələr nəticəsində yüzlərlə insan sağlam həyata qovuşub, minlərlə insanın həyatına ümid və sevinc gətirilib.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə  etmək mümkündürsə, mən “Xoş niyyət” deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük”.
Fondun fəaliyyət dairəsi olduqca genişdir. İnsan və onun layiq olduğu səviyyədə yaşaması prinsipi bu fəaliyyətin əsas istiqamətlərindəndir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və məşğulluq sahələrində istedadlı gənclərin müxtəlif layihələrə cəlb olunması üçün mühüm imkanlar yaradılıb. Valideyn qayğısından məhrum uşaqların taleyinə həssaslıqla yanaşılması, müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrin sağlamlığı naminə mümkün olan bütün addımların atılması onun humanist fəaliyyətinin mühüm göstəricilərindəndir.
2017-ci il fevralın 21-də Mehriban    Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun dövlətçiliyin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi oldu. Həmin vaxt Mehriban xanımın söylədiyi sözlər bu məsuliyyətin mahiyyətini aydın ifadə edirdi: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən  Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.
Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə üzərinə mühüm missiya və öhdəliklər götürən Birinci vitse-prezident ötən illər ərzində yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlətimizin başçısının və xalqımızın etimadını layiqincə doğruldub. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət və mehribanlıq meyarlarını əsas götürür, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.
Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, şəhid ailələrinin və qazilərin problemlərinin həlli də xüsusi yer tutur. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər dövlətin insan amilinə verdiyi yüksək dəyərin mühüm ifadəsidir.
Bu fəaliyyət beynəlxalq miqyasda da diqqətlə izlənilir. Dünyanın nüfuzlu mətbuat orqanlarında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə yayımlanan materiallar Mehriban xanım Əliyevanın humanitar təşəbbüslərinin geniş əks-səda doğurduğunu göstərir. Onun vaxtı və enerjisi insanların sağlamlığına, rifahına və firavanlığına xidmət edən layihələrə yönəlir.  İnsan amilinin yüksəlişinə hesablanan bu fəaliyyət, ilk növbədə, Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin Vətən və xalq naminə həyata keçirdiyi məqsədyönlü siyasətə dəstəyin ifadəsidir.
Təvazökarlıq insanın ən ali mənəvi keyfiyyətlərindən biridir. “Ailə mənim üçün, düşünürəm ki, elə hər kəs üçün istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir”, – deyən Mehriban xanım Əliyeva ictimai fəaliy­yətində də bu dəyəri qoruyub saxlayır. O, müsahibələrinin birində belə deyib: “Həyatım elə gətirib ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt tanınmağa, məşhur olmağa can atmamışam. Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliy­yətim fayda gətirirsə, ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsa – bu mənim üçün ən yüksək mükafatdır”.
Bu sözlər Vətən və dövlətçilik naminə yaşayan, insanların həyatına fayda verməyi əsas məqsəd sayan bir insanın həyat fəlsəfəsini ifadə edir.
Mehriban xanım Əliyeva Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyat yoldaşı olmaqla yanaşı, onun məslək və qayə yoldaşı, dövlətçilik yolunda sədaqətli silahdaşıdır. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın Zəfər müjdəsini ilk olaraq sosial şəbəkə hesablarında “Sizin Mehriban” imzası ilə paylaşması, Prezidentlə birlikdə hospitallarda müalicə olunan hərbçiləri ziyarət etməsi, şəhid analarının yanında olması, qələbədən sonra işğaldan azad edilmiş ərazilərə dəfələrlə səfər etməsi onun vətənpərvərliyi, mərhəməti və xalqına bağlılığının parlaq ifadələrindəndir.
Prezident İlham Əliyev Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında xarici jurnalistin verdiyi sualı belə cavablandırıb: “Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa, vətəndaşların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir”.
Mehriban xanım Əliyevanın ötən illər ərzində göstərdiyi fəaliyyət çoxşaxəli və genişmiqyaslıdır. Birinci vitse-prezident kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanın bugünkü inkişafında mühüm yer tutur. Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə tarixi-dini və mədəni abidələrin təmir və bərpası istiqamətində də mühüm layihələr həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda tarixi və dini abidələrin, məscidlərin bərpasına göstərilən diqqət milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Mehriban xanım Əliyevanın fəaliyyəti müxtəlif illərdə yüksək dövlət və beynəlxalq mükafatlarla qiymətləndirilib. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı onun layiq görüldüyü mükafatların yalnız bir hissəsidir.
Lakin Mehriban xanım Əliyeva üçün ən böyük mükafat xalqın sevgisi, inamı və etimadıdır. Onun sözləri ilə desək: “Gərəkli və faydalı olmaq, insanların sənə inanması və səni dəstəkləməsi xoşbəxtlikdir. Xoşbəxtlik vicdan və niyyətin təmiz olması, sevgi və xeyirxahlığın həyatın əsas qayəsinə çevrilməsidir”.
Bu həyat fəlsəfəsi Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mahiyyətini bir cümlədə ifadə edir: insana xidmət, Vətənə sədaqət və milli-mənəvi dəyərlərə bağlılıq.

Məhəbbət MİRZƏYEVA

Nəşr edilib : 26.08.2026 08:10