NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Qalib Liderin Zəfər yolu

...

Prezident İlham Əliyev: Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir – hamımız üçün, Azərbaycanda yaşayanlar,  Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün.

Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla Prezidentin  birliyi dayanır. Dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin əsasında da  xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək amalı durur. Azərbaycanın bütün sahələrdə qazandığı  uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağın incisi olan  Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən səsləndirdiyi “Mən bu gün, eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri ilə bir daha müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər  Əliyevin ona olan etimadını, inamını bütün istiqamətlərdə doğrultduğunu, ən əsası  Qarabağ probleminin həlli ilə bağlı vəsiyyətini yerinə yetirməsindən qürurlandığını ifadə etdi: “Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq!”

İkinci Qarabağ müharibəsində  Azərbaycanın  tarixi Qələbəsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə ardıcıl  səfərləri,  Zəfər Gününün təsis edilməsi barədə Sərəncamı, Qələbə paradının keçirilməsi dövlətimizin başçısının 30 ilin nisgilinə son qoymasından, artıq haqqın-ədalətin bərpasından, hər bir vədinin arxasında konkret əməli işin dayanmasından sevinc hisslərini nümayiş etdirir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması, ünvanına göndərilən saysız-hesabsız minnətdarlıq məktubları xalqın öz Liderinə, Müzəffər Sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.
Böyük vətənpərvər, dünyanın ən böyük azərbaycanlısı Ümummilli Lider Heydər Əliyevin həyatının amalını xalqımızın, ölkəmizin rifahı və tərəqqisi təşkil edib, sözün əsl mənasında, bu müqəddəs amal uğrunda ömrünü şam kimi əridib. Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövr ərzində, xüsusilə də 1993-cü ildən sonra ölkəni inkişaf etdirmək, eləcə də müstəqilliyini möhkəmləndirmək üçün misilsiz işlər görən müdrik rəhbər iqtisadiyyatımızın yüksəlişi üçün nəhəng layihələr gerçəkləşdirib, milli mənafelərimizin təmini ilə bağlı dünya arenasında qətiyyətli siyasət yürüdüb. 
Amma heç şübhəsiz, dahi şəxsiyyət Heydər Əliyevin xalqı, ölkəsi üçün həyata keçirdiyi mühüm missiya özündən sonra Azərbaycanı etibar edəcəyi Prezident İlham Əliyevin timsalında inamlı  siyasi varis yetişdirməsi olub. Bir zamanlar arzularımızda yaşatdığımız bugünkü müasir  Azərbaycanın memarları isə bu torpağın yetişdirdiyi görkəmli şəxsiyyətlər – Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Qalib Lider İlham Əliyevdir.
Dövlətimizin başçısı İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, Azərbaycan islahatçı ölkə kimi tanınıb,  insanların sosial  rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.  Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa siyasi və iqtisadi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ilə regional inkişafın  aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Bu gün Qafqazda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev  xalqa müraciət edərkən bildirmişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Böyük dahi Heydər Əliyevin ocağında vətənpərvər Azərbaycan vətəndaşı kimi yetişən Prezident    İlham Əliyev atasının bu xalq, dövlət üçün gördüyü işlərin əyani şahidi, həm də Ulu Öndərin yarımçıq qalan işlərini uğurla reallaşdıran layiqli davamçısı oldu. Bütün bunlara görə özünü xoşbəxt sayan Prezident İlham Əliyev bu barədə deyirdi: “Mənim xoşbəxtliyim bundadır ki, mən Heydər   Əliyev adlı dahi şəxsiyyətin yanındayam və məndə öyrənmə imkanları daha çoxdur, nəinki başqa adamlarda”.
Buna görə idi ki, ömrünü Azərbaycan üçün şam kimi əridən, azərbaycanlı olması ilə daim fəxr edən böyük vətənpərvər Heydər Əliyev Azərbaycanın gələcəyini də Özü qədər inandığı Prezident İlham Əliyevə etibar etmişdi. Müdrik rəhbər bilirdi ki, onun yarımçıq qalan işlərini Prezident İlham Əliyev layiqincə yerinə yetirəcək. Gün gələcək Azərbaycan Bayrağını Şuşaya məhz Prezident İlham Əliyev sancacaq.   Çox keçmədən Azərbaycan xalqı vaxtilə Ulu Öndərin söylədiyi bütün bu məsələlərin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə gerçəkləşdirildiyinin şahidi oldu. 
Ötən illər ərzində Azərbaycanı böyük inkişaf mərhələsinə yüksəldən  Prezident İlham Əliyevin də gündəliyində duran əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsi idi. Prezident İlham Əliyevin əldə etdiyi iqtisadi gücdən, sosial rifahdan, müasir ordu quruculuğundan tutmuş, dünya siyasətindəki yüksək mövqeyimizə qədər hər bir uğur yalnız bir məqsədə, milli prioritetimiz olan torpaqlarımızın azadlığına yönləndirilmiş, həm ölkə daxilində, həm də beynəlxalq arenada  görülən bütün işlər, atılan addımlar ərazi bütövlüyümüzün təmininə hesablanmışdı. 
2020-ci il sentyabrın 27-də isə o tarixi gün yetişdi və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev qəhrəman oğullarımıza Vətən uğrunda “İrəli!” əmrini verdi. Düşməni cəmi 44 gün ərzində “dəmir yumruğ”unun zərbəsi ilə qarşısında diz çökdürən Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına Zəfər sevinci yaşatdı, doğma yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın torpaq, yurd nisgilinə son qoydu. Azərbaycan tarixinə qürurlu gün kimi yazılan Şuşa Zəfərinin şad xəbərini qalib sərkərdə olaraq Şəhidlər xiyabanından xalqımıza müjdələyən Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də o gün bir oğul olaraq ata vəsiyyətini yerinə yetirməsindən keçirdiyi xoşbəxtlik hissini xalqımızla bölüşdü.
Prezident İlham Əliyev daha bir milli prioriteti – Böyük Qayıdışı gerçəkləşdirmək istiqamətində Qarabağ və Şərqi Zəngəzurda misilsiz bərpa-quruculuq işləri görür. Vaxtilə Ulu Öndərin bünövrəsini qoyduğu Qarabağa qayıdış siyasətini bu gün Prezident İlham Əliyev qətiyyət və müvəffəqiyyətlə gerçəyə çevirir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlara imza atması isə müstəqil Azərbaycanın bünövrəsini qoymuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ən böyük töhfədir. Bu gün işğaldan azad olunmuş yurdlarımızda genişmiqyaslı quruculuq layihələri başlanılıb. Erməni vandallarının, təxminən, 30 ilə yaxın müddətdə Yer üzündən silməyə çalışdıqları şəhər və kəndlərimiz, tarixi, maddi mədəniyyət abidələrimiz yenidən həyata qaytarılır. Qarabağda XXI əsrin “ağıllı şəhər”ləri, “ağıllı kənd”ləri tikilir. Yeni yollar salınır, körpülər, su elektrik stansiyaları istifadəyə verilir, beynəlxalq hava limanları açılır, yeni yaşayış binalarının təməlləri qoyulur, nəhəng layihələr gerçəkləşdirilir.
Azərbaycanda milli birliyin möhkəmlənməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Azərbaycan Prezidentinin yaxın silahdaşı kimi Mehriban xanım Əliyevanın aparılan dövlət siyasətinə töhfələri ölkəmizin nailiyyətlərini daha da artırır. Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlər, qlobal humanitar təşəbbüslər bütün dünyada ölkəmizin tolerantlıq, fərqli mədəniyyətlər arasında dialoq məkanı kimi mövqeyini gücləndirir.
Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Dövlətimizin gücü, qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu, sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq. Xalqımız bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, – deyən Prezident  İlham Əliyev qazanılan tarixi qələbəmizlə Ulu Öndərin dövlətçilik irsinə necə sadiq olduğunu, Ata vəsiyyətini yerinə yetirdiyini nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əzmi, gücü, iradəsi sayəsində qarşısına qoyduğu milli prioriteti qətiyyətlə gerçəkləşdirdi, torpaqlarımızı işğaldan azad etdi, müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımızı Qarabağ və Zəngəzurun zirvələrində dalğalandırdı, Qalib Liderin Zəfər  yolu Azərbaycanı bütövləşdirdi. 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsi  Azərbaycan Ordusunun malik olduğu imkanları bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu dövlətimizin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı – Zəfər tarixini. 

Məhəbbət MİRZƏYEVA
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 27.10.2025 11:19