NAXÇIVAN :

03 Avqust 2026, Bazar ertəsi

Səssiz lentlərin danışdığı ünvan – Naxçıvan Dövlət Film Fondu

img

Qapını asta itələyib içəri daxil oluram. Elə ilk addımdaca qəribə bir hiss məni öz ağuşuna alır. Havaya hopmuş köhnə kinolentlərin özünəməxsus qoxusu, divarlara çökən zamanın sükutu, rəflərdə düzülmüş sellüloid lentlər... Bu, adi arxiv qoxusu deyil. Elə bil, illər əvvəl çəkilmiş filmlərin nəfəsi bu divarlarda yaşayır. Bir neçə saniyə dayanıb ətrafa baxıram. Burada zaman tələsmir, sükut isə sanki öz dili ilə  danışır.
2 avqust – Azərbaycan Kinosu Günü ərəfəsində yolumu Naxçıvan Dövlət Film Fonduna salmışam. Dəhlizlə irəlilədikcə divar boyu düzülmüş portretlər diqqətimi çəkir. Bir anlıq anlayıram ki, bu baxışlar məni, sadəcə, qarşılamır, həm də Azərbaycan kinosunun keçdiyi yolu danışır. Şərqin ilk peşəkar qadın kinorejissoru Qəmər Salamzadənin düşüncəli siması, yüzlərlə ekran əsərinə nəfəs verən görkəmli səs rejissoru Əziz Şeyxovun portreti, milli kinomuzun banilərindən olan rejissor və aktyor Rza Təhmasibin müdrik baxışları, kinooperator, rejissor və rəssam Əlisəttar Atakişiyevin sənət sevgisini əks etdirən çöhrəsi... Elə bil, bu divarlar Azərbaycan kinosunun salnaməsini qoruyur. 
Məni fondun direktoru Mirakif Seyidov qarşılayır. Hələ söhbətimizin ilk dəqiqələrindən hiss olunur ki, bu məkandakı hər kinolent, hər foto, hər eksponat onun üçün doğma bir xatirəyə çevrilib. Dəhlizlə irəlilədikcə hər əşyanın, hər şəklin tarixini böyük sevgi ilə danışır. Mən isə onu dinlədikcə anlayıram ki, bəzən tarix kitab rəflərində deyil, məhz səssiz məkanlarda yaşayır.
Mirakif müəllim bildirir ki, Naxçıvan Dövlət Film Fondu 2000-ci ilin yanvar ayından fəaliyyət göstərir. Bu illər ərzində burada Azərbaycanın kino irsi böyük həssaslıqla qorunub. Hazırda fondda bədii, sənədli, elmi-kütləvi və animasiya filmləri olmaqla Azərbaycan və xarici kinostudiyaların istehsalı olan, ümumilikdə, 4680 adda film saxlanılır. Onların 3692-si kinolent şəklində qorunur və ümumilikdə, 18 min 203 lent mühafizə edilir. Rəqəmlər böyük görünür. Amma onların arxasında minlərlə insanın əməyi, yüzlərlə yaradıcı taleyi və onilliklərin yaddaşı dayanır. Dəhlizlə irəliləyək fondun 77 yerlik kino zalına daxil oluram. Səhnə sakitdir, oturacaqlar boşdur. Amma elə bil, bir azdan işıqlar sönəcək, kinoproyektor işə düşəcək və illər öncə çəkilmiş filmlər yenidən öz tamaşaçısı ilə görüşəcək. 
Sonra yolumuz Heydər Əliyev auditoriyasına düşür. Burada Ümummilli Lider Heydər Əliyevin Azərbaycan kinosuna göstərdiyi diqqəti əks etdirən fotoşəkillər, filmlər, kitablar və albomlar qorunur. Auditoriyanı gəzərkən hiss edirəm ki, bu guşə, sadəcə, ekspozisiya deyil. O, milli kinomuzun inkişaf yolunun yaşadan yaddaş məkanıdır. 
Fondun ən maraqlı hissəsi isə 2004-cü ildə yaradılan Kino Muzeyidir. Qapını açıram və sanki başqa bir zamana düşürəm. Burada 123 adda, 213 eksponat qorunur. Uşaqlıqdan izlədiyim filmlərin qəhrəmanları sanki bu eksponatlar arasında yaşayır. İlk olaraq muzeyin ən qədim eksponatları –  1939-cu ildə çəkilmiş “Kəndlilər” filmindən qalan çarıqlar və papaq diqqətimi çəkir. Bu əşyalar artıq, sadəcə, geyim deyil, bütöv bir dövrün canlı izidir. Bir qədər irəlidə “Görüş” filmində Lalanın taxdığı araqçın vitrində sakitcə dayanıb. Yaxınlıqda isə “Bir qalanın sirri” filmindən qalan mücrü var.  Onun qarşısında dayananda uşaqlıq illərində dəfələrlə izlədiyim səhnələr gözümün önündən keçir. Elə bil, Həkim baba indicə gəlib sirrini yenidən açacaq. 
Mirakif müəllim bir vitrinin önündə dayanaraq gülümsəyir. “Ən çox sevdiyim eksponatlardan biri budur”, – deyə qorunan hambal palanını göstərir.
Söhbət zamanı öyrənirəm ki, bu nadir eksponatdan Azərbaycanın ilk rəngli bədii filmi olan “O olmasın, bu olsun” ekran əsərində istifadə edilib. Filmdə istifadə olunan həmin palanın yeganə nümunəsi bu gün Naxçıvan Dövlət Film Fondunda qorunur.
Mirakif müəllimi dinlədikcə baxışlarımı həmin palandan ayıra bilmirəm. Bir anlıq elə təsəvvür edirəm ki, o özü dillənir: “Vaxtilə insanların yükünü daşıyırdım. Bu gün isə bütöv bir xalqın kino tarixini daşıyıram...”
Muzeyi gəzdikcə qarşıma bir-birindən qiymətli eksponatlar çıxır. “Uzaq sahillərdə” filmindən alman zabitinin hərbi geyimi, “Nəsimi” filmindən papaq və toqqa, “Əzablı yollar” filmindən tac və şah papağı, “Babək” epopeyasından qalan qalxan və qılınclar, “Arşın mal alan” filmindən qədim patefon... Hər eksponatın qarşısında istər-istəməz dayanır, onun aid olduğu filmi xatırlayıram.    Söhbət əsnasında öyrənirəm ki, fondda xüsusi temperatur rejimi ilə qorunan beş mühafizə boksu var. Burada filmlərin orijinal lentləri saxlanılır. Mirakif müəllim həmin lentlərə baxaraq sakit səslə deyir: “Bunlar, sadəcə, lent deyil. Bunlar tarixdir. Xalqımızın mədəni sərvəti və dövlət varidatıdır”. 
Həmin lentlərə baxdıqca bir daha anlayıram ki, burada qorunan təkcə filmlər deyil. Hər lent bir dövrün nəfəsini, bir yaradıcı ömrün izini, bir xalqın mədəni yaddaşını özündə yaşadır. Onlar səssiz görünür, amma hər biri öz dili ilə danışır, keçmişi bu günə, bu günü isə gələcəyə qovuşdurur. Fondun fəaliyyətinin yalnız arxivlə məhdudlaşmadığını da öyrənirəm. Burada illərdir,  Azərbaycan filmlərinin rayon və kəndlərdə nümayişi təşkil edilir, məktəblilər üçün kino günləri, viktorinalar, kinonun təbliği məqsədilə müxtəlif müsabiqələr və maarifləndirici tədbirlər keçirilir. Məqsəd birdir – milli kinonu yaşatmaq və yeni nəslə sevdirmək.
Artıq ayrılmaq vaxtıdır. Dönüb son dəfə dəhlizə baxıram. Divarlarda asılmış portretlər, rəflərdə qorunan kinolentlər, vitrində sərgilənən eksponatlar... Hər biri Azərbaycan kinosunun zəngin tarixindən səssiz-səmirsiz danışır. Qapını bağlayıb binadan çıxıram. Həyat öz axarında davam edir. Amma bir fikir məni tərk etmir: film bitə bilər, pərdə bağlana bilər, işıqlar yana bilər. Lakin kino heç vaxt bitmir. O, lentlərdə, eksponatlarda, xatirələrdə və ən əsası, bu irsi böyük məsuliyyət və sevgi ilə qoruyan insanların əməyində yaşamağa davam edir.

Səmayə RƏSULOVA

DAHA ƏTRAFLI