Vilayət Eyvazov sıra baxışı keçirib
17:37 21.09.2026
0
0
0
NAXÇIVAN :
21 Sentyabr 2026, Bazar ertəsi
Sülh haqqında düşünəndə göz önünə ilk olaraq böyük dövlətlər, diplomatik görüşlər, beynəlxalq sənədlər gəlir. Halbuki sülhün insan həyatındakı ən sadə və ən real görüntüsü bəzən bir evin işığıdır. Uşaqlıqdan müharibə illərini görmüş böyüklərimin danışdıqları bəzi xatirələr yadımdadır. Anam da o illərdə uşaq olub. Danışardı ki, kənddə kişilər növbə ilə sərhəd tərəfdə keşik çəkər, təhlükə ehtimalına qarşı hazır dayanardılar. Axşam düşəndə evlərdə işıqların yandırılmaması da ehtiyat tədbirlərindən biri idi. Uşaqlar, bəlkə də, bütün bunların nə demək olduğunu tam anlamırdılar, amma böyüklərin nigaranlığını, gecənin gətirdiyi narahatlığı hiss edirdilər.
İndi həmin xatirələri dinləyəndə adamın ağlına çox sadə bir sual gəlir: görəsən, sülhün bundan daha aydın göstəricisi ola bilərmi? Bu gün evimizdə işığı rahatlıqla yandırırıq. Gecə pəncərədən gələn işıq təhlükə yaratmır. Uşaqlar məktəbə gedir, ailələr axşam süfrəsi arxasında bir araya gəlir, kəndlərdə insanlar sabahkı işini planlaşdırır. Adi həyat kimi görünən bütün bunların arxasında, əslində, böyük bir dəyər – təhlükəsizlik və sülh dayanır. Azərbaycan xalqı bu dəyərin nə demək olduğunu daha yaxşı bilir. Çünki müharibə bizim üçün uzaq coğrafiyalarda baş verən hadisə olmayıb. Ermənistan-Azərbaycan münaqişəsi illərlə insanların həyatına, ailələrin taleyinə, xüsusilə sərhədyanı yaşayış məntəqələrində gündəlik həyata təsir edib.
Müharibə təhlükəsi ilə yaşamaq, doğma torpaqlarından didərgin düşmək, şəhid və itkin xəbərləri ilə üzləşmək bu xalqın yaddaşında dərin izlər buraxıb. Azərbaycan münaqişənin beynəlxalq hüquq və danışıqlar yolu ilə həllini, ölkənin ərazi bütövlüyü və suverenliyi çərçivəsində davamlı sülhün təmin olunmasını daim diqqətdə saxlayıb. Azərbaycan diplomatik sənədlərində də münaqişənin sülh yolu ilə həllinə və regionda davamlı sülh və sabitliyin yaradılmasına sadiqlik dəfələrlə ifadə olunub. Prezident İlham Əliyevin müxtəlif illərdəki çıxışlarında da Azərbaycanın məsələnin sülh yolu ilə həllində maraqlı olduğu, danışıqlara üstünlük verdiyi və davamlı sülhün vacibliyi vurğulanıb. Yəni sülh anlayışı Azərbaycan üçün yalnız təqvimdə qeyd olunan bir günün mövzusu deyil, uzun illər davam edən mürəkkəb siyasi prosesin əsas anlayışlarından biridir.
2020-ci il müharibəsindən sonra isə bölgədə yeni mərhələ başladı. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin hazırlanması istiqamətində danışıqlar prosesi davam etdirildi. Bu prosesin mühüm mərhələlərindən biri 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsinin ilkin paraflanması oldu. Həmin görüşün nəticələrinə dair Birgə Bəyannamədə də iki ölkə arasında sülhün möhkəmləndirilməsi, gələcəyə yönəlmək və qarşılıqlı hörmət əsasında münasibətlər qurmaq niyyəti ifadə edildi. Bu gün sülhdən danışarkən bütün bunları yalnız siyasi sənədlər və diplomatik görüşlər kimi qəbul etmək kifayət deyil. Çünki hər bir sənədin arxasında insan həyatı dayanır. Bəlkə də, elə buna görə 21 sentyabr – Beynəlxalq Sülh Günü bizim üçün başqa bir məna daşıyır. Bir vaxtlar qorxu ilə söndürülən işıqların bundan sonra həmişə rahatlıqla yanmasıdır sülh.
Arzumuz budur ki, sülh yalnız bir günün deyil, bütün günlərin adı olsun. Dünyanın heç bir yerində uşaqlar müharibə səsini eşitməsin, heç bir ailə ayrılıq və itki qorxusu yaşamasın. Qoy insanlar fərqliliklərinə baxmayaraq, eyni səmanın altında bir-birinə hörmət və anlayışla yanaşsın, xalqlar arasında düşmənçilik deyil, əməkdaşlıq və dostluq möhkəmlənsin. Birgə sülh içində yaşayaq, dünyamız əmin-amanlıq və təhlükəsizlik içində olsun. Çünki sülh bir uşağın müharibə səsləri ilə deyil, səhər məktəb təlaşı ilə oyanmasıdır.
Səmayə RƏSULOVA
Digər xəbərlər