FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqəd...
10:20 30.08.2026
0
0
0
NAXÇIVAN :
30 Avqust 2026, Bazar
Ədəbiyyat bəzən bir insanın deməyə cəsarət etmədiyini deyir, bəzən bir cəmiyyətin içində yığılan hissləri sözə çevirir. Sevincimizi, kədərimizi, arzularımızı, düşüncələrimizi, bəzən də bütöv bir dövrün ağrılarını və ümidlərini yaşadır. Bəlkə də, elə buna görə ədəbiyyatı yalnız oxumaq olmur. Onu hiss etmək, anlamaq, izlərini axtarmaq da istəyirsən. Bir kitabın səhifələrində rast gəldiyin müəllifin kim olduğunu, hansı dünyada yaşadığını, sözlərini hansı hisslərlə yazdığını düşündükcə onun dövrünə yaxınlaşmaq istəyirsən. Yazılan sözün arxasında dayanan insanı, həmin sözlərin doğulduğu mühiti görmək arzusu yaranır.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə yolumuz da bir qədər bu axtarışın ardınca düşdü. Buraya yalnız qədim kitabları, köhnə qəzet və jurnalları görmək üçün gəlmədik. Ədəbiyyatımızın yaddaşına çevrilmiş bu məkanda sözün zamanla necə qorunduğunu, yazıçı və şairlərin həyatından hansı izlərin bu günə çatdığını görmək istədik. Muzeyin qapısından içəri daxil olanda isə ilk hiss bu oldu: sanki qarşında, sadəcə, ekspozisiya zalları deyil, Azərbaycan ədəbiyyatının müxtəlif dövrləri açılır. Bir tərəfdə klassik ədəbiyyatımızın böyük simaları, digər tərəfdə müasir ədəbiyyatın nümayəndələri… Kitablar, əlyazmalar, fotoşəkillər, sənədlər, heykəllər, şəxsi əşyalar… Hər biri ədəbiyyat tarixinin başqa bir səhifəsini açır.
Muzeyin tarixi 1960-cı illərə gedib çıxır. Azərbaycan SSR Nazirlər Sovetinin 1965-ci il tarixli Sərəncamı ilə muzeyin yaradılması qərara alınır. 12 iyun 1967-ci ildə Naxçıvan şəhərində rəsmi açılışı olur. Açıldığı gün muzeyin fondunda cəmi 98 eksponat olub. Bu gün isə həmin rəqəm 23 mini keçir. Hər yeni eksponatla Azərbaycan ədəbiyyatının yaddaşına yeni bir səhifə əlavə olunur. Bu zənginliyi ən yaxşı rəqəmlər deyil, ekspozisiyanı gəzdikcə qarşına çıxan nümunələr göstərir. Onlardan biri “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nömrələridir. Vitrində qorunan köhnə səhifələrə baxarkən yalnız jurnal görmürsən. Bir dövrün ictimai mənzərəsi qarşında açılır. Karikaturalar və rəsmlər xüsusilə diqqət çəkir. Bir vaxtlar cəmiyyətin nöqsanlarını satira ilə göstərən bu rəsmlər bu gün də adama tanış gələn nələr isə söyləyir. Sanki illər əvvəl çəkilmiş karikaturalar zamanın içindən keçib bu günə gəlib və hələ də cəmiyyətə baxaraq öz suallarını verir. Yaxınlığında Molla Nəsrəddin obrazının heykəli isə bu təsiri daha da gücləndirir. Bir vaxtlar jurnal səhifəsində yaşayan obraz burada sanki canlanaraq qarşında dayanır. Onun arxasınca isə həmin ədəbi mühitin böyük simaları gəlir. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin dostluğuna həsr olunmuş heykəl o dövrün “söz dünyası”nı göz önündə canlandırır. Həmçinin Cəlil Məmmədquluzadənin istifadə etdiyi əşyaları da muzeydə qorunur. Bir şairin yazdığı misraları oxumaqla onun toxunduğu əşyalara baxmaq arasında böyük fərq var. Əşyalar insanı sözlərin müəllifinə bir qədər də yaxınlaşdırır.
Ekspozisiyada diqqətimi çəkən başqa bir nümunə isə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan əsərlərin miniatür toplusu oldu. Əsrlər əvvəl qələmə alınmış “Xəmsə”nin bu gün miniatürlər vasitəsilə qarşıda canlanması isə ədəbiyyatla təsviri sənətin necə gözəl şəkildə bir-birini tamamladığını göstərir.
Muzeydə ədəbiyyat yalnız kitab səhifələrində qalmayıb.
Məhəmməd Füzulinin mini maketi də bunu göstərir. Əlində saxladığı kağızlar sanki onun qəzəllərindən xəbər verir. Kitabda oxuduğun şairin obrazını qarşında görmək isə onu bir qədər də yaxınlaşdırır. Məhəmməd Hüseyn Şəhriyarın portreti qarşısında dayananda sanki bir anlıq portretin canlanacağını düşünürsən. Elə bil bir azdan şairin öz səsi eşidiləcək, “Heydərbabaya salam”ın misraları həmin məkanda səslənəcək. Ekspozisiyada Şəhriyarın məzarından götürülmüş torpağın qorunması isə ayrıca bir təəssürat yaradır. Bu torpaq şairin həyatından yaradıcılığına, yaradıcılığından son mənzilinə qədər uzanan bir yolun ən səssiz xatirəsinə çevrilir.
Zalları gəzdikcə Azərbaycan ədəbiyyatının nə qədər geniş və zəngin bir yol keçdiyi daha aydın görünür. Nizami Gəncəvidən Füzuliyə, Nəsimidən Xətaiyə, Vaqifdən Sabirə, Cəlil Məmmədquluzadədən Hüseyn Cavidə, Mikayıl Müşfiqdən Səməd Vurğuna qədər böyük ədəbi simaların yaradıcılığı burada müxtəlif materiallarla təmsil olunur. Naxçıvan ədəbi mühitinin nümayəndələri də bu böyük mənzərənin mühüm hissəsidir. Heyran xanım, Qönçəbəyim, Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Əliqulu Qəmküsar, İslam Səfərli, Məmməd Araz və başqalarının yaradıcılığına dair nümunələr bu torpağın ədəbi xəzinəsini göstərir. Beləcə, zallarda klassik poeziyanın, digərində satiranın, başqa bir məkanda XX əsr ədəbiyyatının nəfəsini duyursan. Bəlkə də, Ədəbiyyat Muzeyini gəzməyin ən maraqlı tərəfi elə budur. Burada keçmişə yalnız baxmırsan. Onunla qarşılaşırsan. Saralmış jurnal səhifəsində bir dövrün düşüncəsini, heykəldə bir sənətkarın obrazını, şəxsi əşyada bir şairin həyatından qalan izi, bir ovuc torpaqda isə insan ömrünün son dayanacağını görüb ölməzliyin şahidi olursan.
Səmayə RƏSULOVA
Digər xəbərlər